Bu rəvayət qədim zamanlarda yaşayan Ayaz adlı bir kölə haqqındadır… Ayaz kölə olsa da böyük ağlı, qızıl ürəyi var idi. Bu ağılla, bu ürəklə onu sevməmək mümkün deyildi…
Tale elə gətirdi ki, Ayazı Sultan Mahmudun sarayına düşdü. Artıq o, böyük bir Sultanın köləsi idi. Ayaz Sultanın yanında xidmət etdiyi üçün onu tez-tez görürdü. Ayazın ağlı, ürəyi Sultanı da valeh etmişdi. Çox keçmədi ki, Ayaz Sultanın etibarını qazandı. Hətta iş o yerə gəlib çatdı ki, Sultan Ayazı bütün sarayın xəzinədarı təyin etdi. Artıq saray xəzinəsinin ən qiymətli ləl-cəvahiratları, daş-qaşları Ayazın əlində idi…
Ancaq saray əyanları Sultanın Ayaza olan bu sevgisini heç cür qəbul edə bilmirdilər. Həsəd və kin onların gözünü örtmüşdü… Əyanlar hər gün Sultanın yanında Ayazdan danışır, bir sözlə onu gözdən salmaq üçün əllərindən gələni edirdilər.
Bir gün Sultan iki əyanın söhbətini eşitdi. Əyanlardan biri o birinə bu sözləri deyirdi: “Xəbərin var, Ayaz tez-tez xəzinəyə gedir. Hətta orada saatlarla qalır. Kim bilir bəlkə də Sultanın daş-qaşlarını, ləl-cəvahiratlarını oğurlayr”… Sultan qulaqlarına inanmadı və öz-özünə, “Hər şeyi öz gözlərimlə görməliyəm”, dedi. O, xəzinəyə gedib divarlarından birində kiçik bir deşik açdı.
Bir gün Ayaz xəzinəyə gedəndə Sultan bu deşikdən ona tamaşa etməyə başladı. Ayaz içəri girib səssizcə qapını bağladı. İçəridə böyük bir sandıq var idi. Ayaz sandığa yaxınlaşıb qarşısında oturdu və yavaşca qapağını qaldırıb içindən kiçik bir boğça çıxartdı. Boxçanı öpüb alnına qoydu. Sonra boxçanı açdı. İçində kölələrin geydiyi yırtıq-sökük bir paltar var idi.
Ayaz saray paltarını çıxarıb bu paltarı geydi. Aynanın qarşısına keçdi. Bir qədər baxdıqdan sonra öz-özünə: “Ayaz, bir vaxtlar sən bu paltarı geyirdin… O vaxt sən əli-qolu bağlı bir kölə idin… Kim istəsə ala, kim istəsə sata bilərdi… Ancaq Allah Sultanın əli ilə sənə rəhmətindən bəlkə də heç layiq olmadığın bu neməti bəxş etdi. İndi isə saraydasan… Odur ki, heç vaxt haradan gəldiyini unutma!..”, dedi.
Sonra Ayaz paltarını dəyişdi. Köhnə paltarlarını boğçaya büküb sandığa qoydu. Ağzını bağlayıb səssizcə qapıya doğru getdi. Ayaz qapıdan çıxanda birdən qarşısında Sultanı gördü. Sultan gözlərini Ayaza dikmişdi. Yanaqlarından isə yaş süzülürdü. Qəhərdən boğazı tutulmuşdu. Danışmaqda çətinlik çəkirdi. Nəhayət Sultan dilləndi və, “Bu günə qədər ləl-cəvahiratlarımın, daş-qaşlarımın xəzinədarı idin… İndi isə qəlbimin xəzinədarı oldun!.. Bir də sən mənə Sultanımın, qarşısında bir heç olduğum Sultanımın hüzurunda necə davranmağı öyrətdin”, dedi…
bizim xalq dözümlü xalqdı ta qedmlerden bura incidilib ama bununda bir gün helli olacaq hmede çox etibarlı ağıllı sedaqetli xalqıq
Comments are closed.