Doğulduğum bölgədə baş verib hadisə. Baxımsızlıqdan polisə şikayət edən qadının başını kəsib əlində yellədə-yellədə hamıya nümayiş etdirib bir çoban. Səhv anlamayın, yaxşı çoban olmaq alayı məsələdir, bunu da hamı bacarmır. O üzdən təhqir ya da aşağılama kimi dəyərləndirməyin. Biri var peşəyə görə, biri də var düşüncəyə, mənəviyyatına görə çoban olasan. Bu adam məhz ikincidir. Yoxsa iki arvadı alıb boşamaq, üçüncünü almaq, onu da üç uşaqdan sonra baxımsız buraxmağın ayrı adı yoxdur!..
Bir də qızının başı kəsilən ananın sözlərinə diqqət edin:
-Dəli imiş, mən bilmədim dəli olduğunu. Bilsəydim verərdimmi?..
Deməli adam gül kimi qızını sadəcə evdə qalmasın deyə doqqazdan itələyib. Heç maraqlanmayıb ki, ər deyib yanına itələdiyi kimdir, nəçidir? Ayrı şey cəhənnəm heç olması ağlı başındadırmı? Ya da məsələn bu iki arvadı niyə boşayıb ki, mənim qızım da üçüncü arvaddır!..
Aydın bilirsən ki, məqsəd başqadır. Yəni o olsun ki, qonşunun üç ildir ərə gedib bir il ekiz, o biri iki ildə tək-tək uşaq dünyaya gətirən on doqquz yaşlı qızından geridə qalmasın bu qadının qızı. Qarımış qız dərdi çəkməsin bu da kənd arasında. O üzdən kim nə deyir desin, üçüncü dəfə arvad alan sarsaq kişiyə subay qızını ər deyib verən ana-ata ən azı o kişi qədər müqəssirdir.
Anlayacağımız , sadədən də sadə, lap primitiv məsələlər var:
İki qadına kişilik eləyə bilməyən kişiyə ər demək olmaz;
Qadınını kənd adamlarının ümidinə qoyan kişiyə ər demək olmaz;
Bir də bizim kişilərin diqqətinə çatdırılmalı bir məsələ də var. İndi bir hörüyünü ağ, birini qara hörməyə borclu deyil kimsə. Yəni dövr də, zəmanə də, standartlar da başqadır. Biz nə qədər mentalitet deyib hayqırsaq da o qaydalar toplusundakı bir xeyli yazılmamış qanunlar artıq keçərli deyil, işləmir, alınmır. Bunu cəmiyyətə qüvvədə qalırmış kimi sırımayaq. Çünki insanlar həyata bir dəfə gəldiklərini anlamayıblar, artıq buna əmindirlər. Bir də ona əmindirlər ki, o həyatı doya-doya insan kimi, kişidirsə kişi kimi, qadındırsa qadın kimi dolu-dolu yaşamaq istəyir. Bunu insanların əlindən almaq olmaz. Onda insanlar yırtıcı olur. Kişilərdən fərqli olaraq belə keyfiyyətlər qadınlarda daha qabarıq duyulur. Çünki real olanı bu ki, bizim cəmiyyətin qaydalarının əksəriyyəti daha çox kişilərə müstəqillik verir, qadını məhdudlaşdırır.
Konkret başı kəsilən qadın olayında xəyanət izi axratan kəslərə isə deyim ki, xəyanət etməyi düşünən qadın bir kişidən üç uşaq dünyaya gətirməz.
O sadəcə hər dəfə həmin kişini bağışlayanda ondan bir uşaq dünyaya gətirib və ümid eləyib ki, artıq daha yaxşı olacaq. Beləcə bir gün hər şey bitib, ümid də… Qadın da başından olub.
Bu hadisə bir də bizim bölgələrdə nə qədər cahil qadınların olmasına göstəricidir. Etirazın ən primitiv formasına üstünlük vermək bunu əsaslı sübutudur. Yəni qadın heç nəyə görə polisə şikayət edib. “Ərim məni qoyub gedib, gəlmir”şikayəti sadəcə sosial problemdir. Polisin qarışacağı iş deyil. Baxmayaraq, polis də seçdiyi müdaxilə forması ilə, yəni kişiyə zəng vurub deməsi ilə ki, arvadın səndən şikayət edib, artıq məsuliyyətli tərəf sayıla bilər. Adamdan soruşarlar ki, qardaş, üç arvad alan ikisini boşayıb, üçüncüsünü kənd adamlarının ümidinə qoyan adamın ağlının yerində olmasına inanıb, “dur get evə arvadın səndən şikayət eləyir” tapşırığını vermək olardımı?!..
Yəqin ki, bu məsələni də aidiyyatı instansiyalar ciddi-ciddi araşdıracaqlar.
Jalə Mütəllimova
Musavat.com