Zərdabın indiki Dəli Quşçu (keçmiş Lələ Əhmədli) kəndinin də tarixi çox qədimliyə söykənir. Lələhmədli sülaləsi qədim Quşçu tayfasından olmaqla, o indiki Dəli Quşçu (Lələ Əhmədli), Dəkkəoba (Məscidli oba), Qoşaoba (Vəlixanlı, Nəcəfalılı, Hacılı, Qaravəlili), Xanməmmədli və Hüseynxanlı kəndlərini əhatə etmişdir. Bu qədim Lələhmədli elinin dəfn olunduğu indiki Dəli Quşçu kənd qəbiristanlığının 500 illik tarixi vardır. Deyilənə görə, bu 500 illik tarixdən qabaq lələhmədlilərin indiki məzarlığının yeri onlara məxsus olmuş, “Çalı Piri” deyilən ərazidə mövcud olmuşdur.
“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli (N-132) qərarı ilə Lələhmədli tayfasının bir qolu olan Xanməmmədli kəndi ərazisində aşkar edilmiş küp qəbirlər nekropolu I əsrə aid edilərək, ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Qeyd edək ki, “nekropol” yunan sözü olub “ölü şəhər” və ya “şəhər-qəbiristanlıq” mənasını verir.
Lələ Əhmədli elinin indiki Dəli Quşçu (keçmiş Lələhmədli kəndi) kəndi ərazisində də kütləvi qəbiristanlıq – “Ağtəpə” adlanan kurqan bu gün də mövcuddur və bu kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur, burada əsaslı qazıntı- tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac vardır.
XX yüzilliyin 70-ci illərində görülən meliorasiya-irriqasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər əsrlər boyu torpaq altında qalsa da, rəngini və keyfiyyətini itirməyən çini və saxsı qablar Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qədim bəzək şeyləri, məişət və mədəniyyət əşyaları üzə çıxmış və indi bunların bir çox nümunələri Zərdab Tarix Diyarşünaslıq Muzeyində qiymətli eksponat kimi nümayiş etdirilir.
Zerdab.com