Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Loğman” Qaçqınlara Dayaq Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən “Erməni terroru və təcavüzü: Beynəlxalq Müstəvidə” adlı layihənin yekun təqdimat mərasimi keçirilib. “Zerdab.com” xəbər verir ki, təqdimat mərasimində çıxış edən Lahiyə rəhbəri Nöyzalı Əliyev bildirib ki, bu layihə əsasında, 1988-ci ildə 250 mindən çox soydaşımızın tarixi torpaqlarından – indiki Ermənistan ərazisindən zorla çıxarılmasından, həmçinin 1991-ci ilə kimi erməni təcavüzünə rəğmən öz əzəli torpaqlarını tərk etmək istəməyən azsaylı azərbaycanlılardan, onlara qarşı həyata keçirilən vandalizmdən və yaşadıqları Nüvədi kəndinin işğalından bəhs edən xarici auditoriyalara (ingilis dilli) hesablanmış sənədli film hazırlanıb. N. Əliyev qeyd edib ki, sənədli filmi hazırlamaqda məqsəd işğal altında olan tarixi torpaqlarımızın və bu torpaqlarda ermənilər və onların havadarları tərəfindən soydaşlarımıza qarşı törədilən soyqırımı və vandalizmi dünyaya tanıtmaqdır: “Hədəfimiz erməni vandalizmi barədə dünya ictimaiyyətinin daha ətraflı məlumat almasını asanlaşdırmaqdır”.