Zərdabda biyan zavodunun tikilməsinə ehtiyac var

0
99

Xanlıqlar dövründən Azərbaycanda Sovet hakimiyyəti qurulanadək indiki Zərdab rayonu ərazisində yerləşən torpaq sahələrində əhali biyan tədarükü ilə də məşğul olmuşdur.
Həsən bəy Zərdabda yaşadığı zaman, oradan “Novoye obozreniye” qəzetinə göndərdiyi və həmin qəzetdə çap etdirdiyi (1891-ci il tarixli 2434-cü nömrə) məqaləsindən oxuyuruq:
“Zərdab hər il bu yemdən bir neçə min arob (araba yükü) hazırlayır. Bundan başqa, suvarılan torpaqlarda biyan kökünün çıxarılması göstərir ki, 3-4 ildən yenə həmin kökləri çıxarmaq olur. Bizdə isə suvarma yoxdur. Və əgər keçən il olduğu kimi, bu il də Kür daşmasa, onda bu köklər bizdə tamam itəcək. Zərdab torpaqlarının 1/3-i bəy torpaqlarıdır, ona görə mən elan etdim ki, öz malımı belə ucuz qiymətə satmaram və biyan kökü alıcılarını bura buraxmaram. Buna görə də, onlar indiyə qədər Zərdabdan yan keçiblər. İndi, biyan alıcıları çətin vəziyyətdən çıxış yolu tapıblar: qonşu Müskürlü, Lələhmədli binələrində tərəzilərini qoyublar və biyan kökü qazıntısı hər yerdə başlayıb; biyan kökünün hər puduna 10-12 qəpik verirlər”.
Həsən bəy Zərdabinin bu məqaləsindən də göründüyü kimi, zərdablılar biyan bitkisindən heyvandarlığın inkişafında yem bitkisi kimi də istifadə etmiş və eyni zamanda, biyan kökü istehsalı ilə məşğul olmuşlar.
Biyan qiymətli texniki bitkilərdən biridir. Biyan bitkisinin dünyada 18 növü yayılmışdır. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən şirin biyan yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərində, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, inzibati rayonlardan Kürdəmirdə, Bərdədə, Ağcabədidə, Ağdaşda, Ucarda və digər bölgələrdə geniş yayılmaqla yanaşı, Zərdab rayonunun inzibati ərazisi daxilində geniş ərazini əhatə edir və ən şirin biyan bu torpaqda bitir.
Zərdab torpağında bitən şirin biyandan hazırlanan preparatlardan bronxit, göy öskürək, vərəm, mədə yaraları, zəhərlənmə əleyhinə, xüsusən, ət və göbələk zəhərlənmələrinə qarşı müalicə vasitəsi kimi istifadə olunur. Şirin biyan maddələr mübadiləsinin nizama salınmasında, iflic, sinir xəstəliklərinin müalicəsində də əhəmiyyətlidir.
Hazırda Zərdab rayonu ərazisində yığılan biyan kökü Saatlı rayonunun Gomuşçu kəndi yaxınlığında istifadəyə verilən biyan zavoduna təhvil verilir. Hesab edirik ki, Zərdab torpağında bitən şirin biyan bitkisinin kökündən emal olunan qiymətli məhsulların əldə olunması məqsədilə belə bir biyan istehsalı zavodunun Zərdab rayonunda da tikilməsinə zərurət vardır.

Zerdab.com