Zərdab – doğma yurdum. Bilirəm, bir yetirmən olaraq sənin haqqını verə bilməmişəm. Daha yaxşı işlər görə bilər, insanlarına daha fərqli şəkildə faydalı ola bilərdim. Amma bacardığım budur – əlimdən yazı yazmaqdan, “cızmaqara” eləməkdən başqa heç nə gəlmir.
Tale elə gətirdi ki, səndən 230 kilometr uzaqda – Bakıda yaşamalı, işləməli oldum. Yeniyetməlik illərimdə Bakıda yaşamaq mənim üçün əlçatmaz bir arzu kimi görünürdü.
Səndən, öz doğma kəndimdən çox ayrı qalmamışdım deyə, el-oba həsrətinin nə olduğunu da bilmirdim.
Beləcə, mən arzuma çatdım – Bakıda yaşayası, işləyəsi, ev-eşik sahibi olası oldum. Və onda başa düşdüm ki, mən öz doğma rayonumdan ayrı yaşaya bilmərəmmiş.
Allah, Allah…
Yəqin kimlərsə yenə deyəcəklər ki, axı nə var bu Zərdabda.
Mən səni bu halınla sevdim, Zərdabım.
Sən mənim üçün Allahın bu yaradılışı ilə doğmasan, əzizsən.
Bir oğlan bir qızı dəlicəsinə sevir və ətrafdakılar da təəccüblə: “Axı bu oğlan bu qızın nəyini sevir”,-deyirlər. Heç kim o qızın o oğlanın gözündə dünyanın ən gözəli, ən istəklisi olduğunu bilmir, başa düşmür. Heç kim o saf sevginin fərqində olmur.
Bax, mən də səni elə sevirəm, Zərdabım.
Səndə mənim uşaqlığım, saflığım, ömrümün ən şirin illəri var. Sənin qoynunda mənim doğmalarım, əzizlərim var.
Sənin torpağında mənim doğmalarım uyuyur…
Elə özüm də vəsiyyət eləmişəm – hansı yaşda, harada vəfat etməyimdən asılı olmayaraq, məni sənin qoynunda, doğmalarımın arasında dəfn eləsinlər.
Ehh, Zərdabım…
Məni çox qınayıblar fürsət düşən kimi – bayramda, tətildə, məzuniyyətə çıxanda tələm-tələsik sənin qoynuna üz tutduğuma görə.
Çox deyən olub ki, axı nə var bu şoran torpaqda, nəyə gəlirsən?
Gülümsəyib, əhəmiyyət verməmişəm. Axı onlar səni necə sevdiyimi bilmirlər.
Axı onlar bilmirlər ki, sənin o şoran torpağında bitən bir yulğunun qoxusu mənim üçün ən bahalı ətirdən də daha xoş təsir bağışlayır…
Axı onlar bilmirlər ki, mən ayların, illərin yorğunluğunu ancaq sənin qoynunda olanda çıxara bilirəm. Başqa heç bir yerdə psixoloji olaraq sənin qoynunda olduğum qədər rahat ola bilmirəm.
Bunu başa düşmürlər, bilmirlər axı, Zərdabım.
Hər dəfə məzuniyyətimi götürüb kəndə getməyim…
Yayın istisində, cırhacırında məzuniyyətə çıxıb kəndə gedəndə çox eşitmişəm: “Nə var axı bu istidə, niyə gedib dağların qoynunda istirahət etmirsən”.
Hamısına eyni sözü demişəm – mənim üçün bu torpaq, bu yurd daha doğmadır, daha xoşdur, daha rahatdır.
Sənin qoynundan kənarda yaşayan, ancaq ürəyi səninlə döyünən, səni unutmayan, unuda bilməyən, hər zaman xatırlayan çoxlu sayda insan tanıyıram.
Doğmaları əslən sənin qoynunda dünyaya gələn, indi isə haqqın rəhmətinə qovuşan, lakin özünü sənin doğman sayan çoxlu sayda insan tanıyıram.
Vətənə gəlmək, sənin qoynunda rahat nəfəs almaq arzusu ilə yaşayan, lakin buna imkanı olmayan çoxlu sayda insan tanıyıram.
Hər gün başqa şəhərlərdə səhər işə, axşam evə tələsən yüzlərlə övladını tanıyıram.
Bu insanları bir yerə cəmləyən, bu insanları ovunduran, bu insanları öz ətrafına toplayıb sənin adına bir yerə cəm edən bir ünvan var – Zerdab.com saytı.
Minlərlə insanı öz ətrafına cəmləşdirən Zerdab.com.
Zerdab.com-u sənə olan sevgimdən açdım, Zərdabım.
Zerdab.com-la çoxlu dostlar qazandıq, həmyerlilərimizi tanıdıq, səni tanıtdıq, tarixinlə bağlı yeni və maraqlı məlumatları bölüşdük.
Hələ tarixinlə bağlı o qədər yazılacaq yazılar, aparılacaq araşdırmalar, qoynunda çəkiləcək fotolar, videolar var ki.
Heyif, çox heyif ki, səni xatırladan – sənə olan həsrət məsafəmizi qısaldan bu sayta istədiyimiz qədər vaxt sərf edə bilmirik, istədiyimiz, planlaşdırdığımız hədəfləri tam reallaşdıra bilmirik.
Zerdab.com-un “Fəxrlərimiz” bölməsində haqqında yazılar yazılası o qədər dəyərli yetirmələrin var ki.
Zerdab.com-un “Şəhidlərimiz” bölməsində haqqında yazılar yazılası o qədər igidin, qəhrəmanın var ki.
Tarixinlə bağlı araşdırılası, yazılası, üzə çıxarılası o qədər maraqlı faktlar var ki.
Hər kəndin bir tarixdir. Hər kəndin, hər ağsaqqalın bir dəryadır, Zərdabım.
Dahi oğlun Həsən bəy Zərdabi ilə bağlı araşdırılası, onun doğmaları, pərən-pərən düşmüş əzizləri ilə bağlı yazılası o qədər yazılar var ki. Heyif, onları bir-bir araşdırmağa, yazmağa vaxt yoxdur. Necə deyərlər, başımız “çörək pulu” üçün başqa bir işdə işləməyə qarışıb.
Vaxt ona görə yoxdur ki, biz Zerdab.com üçün maaşa görə çalışmırıq, maaşı başqa işdə çalışıb qazanırıq.
Biz bu saytı insanları tariximizlə tanış etmək, dəyərli ziyalılarımızı tanıtmaq, şəhidlərimizi, onların qəhrəmanlıq dolu həyat yolunu təbliğ etmək üçün açmışıq.
Bu sayt Zərdabi ənənələrinə, ideyalarına sadiq bir saytdır. İnsanları maarifləndirməkdən gözəl nə ola bilər ki?
Əlbəttə, oxucular arasında rayonda keçirilən tədbirlərdən, burada görülən işlərdən də xəbər tutmaq istəyənlər çoxdur. Zərdabda, Bakıda, Mingəçevirdə, Sumqayıtda, Gəncədə, Rusiyada, yəni dünyanın hansı şəhərində, ölkəsində yaşamasından asılı olmayaraq, hər kəs kompüter arxasına keçməklə Zerdab.com saytı vasitəsi ilə Zərdabımıza yaxın olur.
Zerdab.com-un görəcəyi işlər hələ çoxdur – ömür vəfa eləsə.
Həsən bəy Zərdabi də “Əkinçi” qəzetini açanda heç bir təmənna güdməmişdi. Ruhun şad olsun Həsən bəy…
Nicat,
Zerdab.com
2016-cı il