Bir müddət öncə sosial şəbəkədə 6 aprel tarixində şəhid olmuş Zərdab rayon Dəkkə kənd sakini Nurlan Abdullazadənin məzarı yanında dirəkdən asılmış Azərbaycan bayrağının götürülməsi geniş müzakirələrə səbəb olmuşdu. Baş vermiş hadisədən narazı olan şəhid atası Rasim Abdullayev icra nümayəndələrinin onun həyətinə gələrək övladının məzarı üstündəki bayrağı və plakatı sökmələrini tələb etmişdilər. Şəhid atasının sözlərinə görə, bayraq və plakatlar sökülmədiyi halda icra nümayəndələri onu Prezident Administrasiyasına şikayət etməklə təhdid ediblər.
Zərdab rayon icra başçısı Lütvəli Babayev isə “Bayrağı harada gəldi, özü də qəbiristanlıqda asmırlar. Həmin bayrağı və plakatı mən sökdürmüşəm” – deyə bildirmişdi.
Blogger Mehman Hüseynov sosial şəbəkədəki hesabında bildirib ki, artıq dövlət bayrağı şəhidin məzarı üstündə dalğalanır: “Şəhid ailəsinə lazım olan köməkliyi eləyiblər. Zərdaba getdim, əmin oldum ki, düz danışır, bayraq artıq dalğalanır, şəhid ailəsi ilə də görüşdük, danışdıq, onlara əlavə nə köməklik lazım idisə bacardığımız qədər yardım elədik və rahatça geri Bakıya döndük”- deyə M.Hüeynov bildirib.
Bizimyol.info