…O qadın ağlamır. Elə dəhşətli vəziyyətdədir ki…Hər gün demək olar ki, eyni saatda “Nurlaaannn…. ay Nurlaaannn” deyir dalbadal neçə dəfə…. Adam üşənir. Elə bilirsən məhlənin o başındadır uşaq, bu da evə çağırır. Amma, hamı bilir, Nurlan elə bir yerdədir ki, daha nə geri dönəcək, nə anasının, nə qonşuların çağırışına başıalovlu qaçıb gəlcək…
…Sonra susur anası. Qaçıb gedirik. Deyirik Allah eləməmiş birdən nəsə olar. Xəstədir, Nurlan min bir əziyyətlə əməliyyat elətdirmişdi onu. Əlini qoymurdu isti sudan soyuq suya salsın. Bizə tapşırmışdı anasını. Deyirdi muğayat olun ondan, bu dəfə maaşımı alıb gəlim, evə isti, soyuq su çəkdirəcəm qışa qədər ki, rahat olsun anama. İndi ana yazıq nəinki isti, soyuq suda da alışıb yanır…
…Qızı da köçəndən sonra tək qalıblar ər arvad evdə. Gedib görürük ki, Nurlanın tikməyə başladığı evin hörülüb başa çatmamış pilləkəninin qabağında, torpağın üstündə oturub sığal çəkir daşlara. Adam o mənzərəni görəndən sonra nə yeyə bilir, nə içə…
Bunlar qonşularından eşitdiklərim idi. Elə bu eşitdiklərimin ardına düşüb getdim evlərinə.
Kimdir Nurlar?
Nurlan Rasim oğlu Abdullazadə Zərdabın Böyük Dəkkə kəndində doğulub. Elə o kənddə də orta məktəbi bitirib. Ail təhsil almağı düşünməyib, çünki gələcəyinə dair planı başqa olub. Hərbi xidmətə getmək, müddətdən artıq hərbi xidmətdə qalmaq, hərbçi-kəşfiyyatçı kimi yetişmək, oxumaq.
Arzusuna çox yaxın idi.
Amma…amma Azərbaycanın Qarabağ savaşının səhifəsinə yazılan 2016-cı ilin dörd günlük aprel döyüşləri yarıda qoydu bu arzunu. O elə bir zirvəyə qalxdı ki, general rütbəsindən nail oldu qazandığı. Nurlan aprel döyüşlərində Azərbaycan ordusunun şəhid verdiyi onlarla oğuldan biri oldu.
Şəhidlər haqda danışanda daha çox anaları danışdırırıq. Onların dili, danışıq tərzi, üslubu daha rahat gəlir adama. Bu dəfə istədim ata danışsın. O ata ki, çoxumuzdan daha çox haqqı var danışmağa. Çünki o, Rasim Abdulllazadə birinci Qarabağ savaşının iştirakçısıdır.
Şəhid komandirin əsgəri
Rasim Abdullazadə deyir ki, Nurlanın cənazəsini gətirənlər onu belə ifadə, xarakterizə eləyirdilər: Raqub komandirin sevimli əsgəri. Dörd günlük müharibədə ən böyük itkilərdən o komandir. Briqada komandiri Raqub Orucov.
Bəs hanı o komandir? deyib etiraz edəndə ən məyus olduğu sözü eşidib ata. “Bilirsən dayı, Raqub komandirlə Nurlan elə bir döyüşdə şəhid olublar”…
Raqub komandir onu dəyişmişdi
Atası deyir ki, Raqub komandirin yanında xidmət Nurlanı tam dəyişmişdi. Uşaq əmin idi ki, yaxşı zabit, kəşfiyyatçı olacaq. Komandirləri də buna inanırmış deyəsən. Əks halda kəşfiyyatçı kimi yetişib formalaşması üçün onu müxtəlif məktəblərə təlim keçməyə, oxumağa göndərməzdilər. O 1,85 metrlik boy və cüssəsi ilə ailəsində hər kəsdən fərqli görkəmə sahib idi. “Ailəmizdə Nurlan boyda, cüssədə ikinci uşaq yoxdur” deyir ata.
Ölümündən sonra
Nurlan Ağdərə ətrafında gedən döyüşlərdə iştirak edib, qəhrəmanlıq göstərib, döyüşüb. O, ölümündən sonra prezident İlham Əliyevin sərəncamı ilə Xüsusi təyinatlı gizir, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.
…Bir də ölümünə qədər həyatı vardı onun
Ölümünə qədər hamı onu yaxşı məhlə uşağı, övlad, dost, bir də sadə əsgər bilirdi. Adamlara nə rütbəsi, nə işi haqda danışmazdı. Deyirdi komandir bizə tapşırıb ki, gördüyünüz iş böyük olduğu qədər, siz balaca görünməyə çalışın həmişə. Atası deyir biz nə illah eləyirdik, deyirdik bala, sənə hərbi geyim yaraşır, noolar bir dəfə kəndin arasına formada çıx, biz də baxıb fəxr eləyək. Cavab bu olurdu ki, ayıbdı ata, mən geyimdən istifadə eləsəm bu yaxşı olmaz. Mən formada olanda hamı kimi ola bilmirəm. O geyimin yükü, məsuliyyəti ağırdır. Beləcə ailəsi ondan daha hərbi geyimlə bağlı heç nə istəmir.
Son görüş…
Rasim Abdullazadə deyir ki, onun evə sonuncu gəlişi aprel döyüşlərindən az əvvəl idi. Bacısının toyu idi. Nurlansız olmazdı. Zorla icazə ala bilmişdi. Çətinliklə gəlib çıxdı. Bir bacı, bir qardaş idilər. Bir-birlərindən xəbərsiz addım atmazdılar. Hərbi xidmətdə olanda belə hər gün bacısına bir kəlmə də olsa nəsə yazırdı. Nə illah eləyirdik Nurlanın yazdıqlarını bizə söyləmirdi qızım. Elə indi də havada gəzirmiş kimidir. Məndən utanır, amma anasına deyib ki, Nurlan məni xoşbəxt olmağa qoymadı, onu bağışlaya bilmirəm…
Arzu
Atası Rasim Abdullazadə deyir ki, onun indi valideyn olaraq bir xahişi var, oğlunun adının əbədiləşməsini istəyir. İstəyir Zərdabda bir məktəb, ya da küçə olsun Nurlanın adına. Düzdür, oxuduğu məktəbdə onun guşəsi yaradılıb, dərs aldığı sinifdə əyləşdiyi partası fərqləndirilib, amma valideyn istəyi, arzusudur, yanğısı sönmür. O üzdən bəlkə də bir müddət sonra Nurlan Abdullazadənin adını daşıyacaq küçə, məktəb olacaq Zərdabda. Ən azından yaşadığı küçədə evinin hasarına bir lövhə vurulacaq. “Bu evdə şəhid gizir Nurlan Abdullazadə yaşayıb”…
Anası ilə son görüşü….
Bayaq dedim axı, bacısının toyuna gəlmişdi. Hə, bax o toya gələndə çarpayısında uzanmışdı. Bir pis vərdişi vardı. Qol saatını yatanda da qolundan çıxarmırdı. Nə illah eləyirdik deyirdi saat orda olmayanda yata bilmirəm, işiniz olmasın. Həyətdə iş görürdüm. Gördüm anası bərkdən “ay gədə qolum qırıldı” dedi. Ani narahat oldum. Evə gəldim gördüm yuxu tutb onu. Qolundan saatını çıxarmaq istəyib anası. Ani elə bilib ki, evdə deyil, yerindən sıçrayıb az qala qolunu qırmışdı anasının. Siz astaca fikir verin, anası sağ biləyindən əlimi götürmür. Hələ də qolu ağrıyır. Həm də saatın dəmiri əzmişdi qolunu, bir balaca yara olmuşdu. İndi izi qalıb qolunda yaranın. Elə bilir Nurlanın sonuncu hədiyyəsidir ona o yara. Gecə gündüz biləyindən tutub, sığallayır o qolunu…
Atası deyir ki, o gün, toya bir-iki gün qalmış yenə uzanıb dincəlirmiş. Birdən anasını çağırıb yanına. Deyib ki, “ya mən çıxıb gedəcəm, darıxıram orda səndən ötrü, gəl uzan yanımda, məni qucaqla yatım bir az doyum səndən”. Duz beş saat beləcə yatıb anasının qollarında…
Boyumdan beş samtimer uca olsa bəsdir…
Balaca çiy kərpicdən tikilən evdə doğulub böyümüşdü Nurlan. Atası deyir ki, qapısından çıxanda başını əyib çıxırdı həmişə evin. Amma son bir neçə ayda artıq işləri qaydasına düşürdü. Aylıq maaşı,bir də əmisinin köməyi ilə elə o balaca daxmamızın yanından yeni daş ev tikdirməyə başlmışdı. Hündürlüyü o qədər də çox deyildi. Bizə görə yetərli hündürlükdür, əslində amma Nurlanın boyuna görə ev tikməyə gücü çatmadı. Zarafata salıb deyirdi ki, narahat olmayın mən onsuz da gec-gec gəlirəm. Mənim boyumdan beşcə satımetr hündür olsun, bəsdir. Elə o cür də götürtmüşdü evinin tavanını. Boyundan cəmi beş santimer hündür idi evi. Amma heç o evdə də yaşamaq nəsibi olmadı. İndi oun üçün Dəkkə kənd məzarlığında üç mərtəbəli, nəhəng bir məzar və məzar daşı düzəldiblər. Yəqin bu da bir qismət, həyat faciəsidir boyun boyda evin olmasın, amma boyundan uca və böyük məzarda yat…
Kəşfiyyatçı gizirin şəxsi əşyaları…
Nurlangilin həyətində ikinci bir ev də var. Atası o tərəfə çox baxdığımı görüb, “qardaşımın evidir” dedi. Sual verməyə qədər gözləmədi, əlavə elədi ki, o qardaşı kənddə yaşamır. Söhbət boyu susan anası da dilə gəldi: “Nurlan ordadır elə bilirəm, məni qoymurlar gedim. Yenə atasına sarı döndüm. Bu dəfə heç duymayacağımı gözlədiyim bir şey söz eşitdim. Və o an göz yaşlarının necə süzüdüyünü də anlaya bilmir adam. Nurlanın geyimləri, paltarları ordadır, onu deyir, söylədi…
– Gedə bilərik ora?
– Nə bilim vallah, anası da bizə qoşulsa, pis olacaq!
– Onsuz gedək.
– Gedək deyirsiniz gedək, amma siz narahat olmayın.
Deməli məsələ bu idi ki, həmin evdə Nurlanın hərbi xidmətdə istifadə elədiyi əşyaları, qeyd və gündəlik dəftərləri var idi. Üstündə əl izi qalan sabun parçasını, hələ yuyulmayan, qoxusu üstündən dağılmayan geyimləri, ətir, bir də hərbi çəkmələr.
O qədər təsirli mənzərə idi ki, ifadəsi çox zor… İnsanın yox olmasının necə böyük dəhşət olduğunu onun susub danışan əşyaları qədər aydın kimsə ifadə edə bilməzmiş məyər… Amma bir təsəlliləri var, onlar şərəfli və ləyaqətli birinə aid idilər…Bir əsgərə yəni.
Həmişə düşünmüşəm əsgər, zabit olmaq nədir görəsən?
İlk dəfə qorxulu və qəribə cavabları olduğunu anladım bu sualın. Zabit olmaq, əsgər olmaq sizə o qədər asan deyilmiş.
Çox məqamlar var.
On bir ildə azı beş məktəb dəyişən övladı, həmişə gözü qapıda qalan qadını, narahat valideyni olmaq, dostla kefi istəyən yerləri gəzə bilməmək, hər işi ölçü-biçili görmək, özündən başqa hər kəsi düşünmək, hər gün ölümlə salamlaşmaq, Əzrayılla bir süfrəyə əl uzatmaq, kəfənini yırtanda ölümə də Əzrayıla da forsla əl yelləyib “salamat qalın” demək, qorxuyla sirdaş, həyatla yoldaş olmaqdır hərbiçi olmaq. Hərbiçi olmaq bir də budur: Bir gün unudulacağından qorxasn belə, “VƏTƏN sağ olsun!” deyib, ölməyi barcarmaq…Bütün bunları edə biləcək adamlarsa gerçək məmləkət KİŞİləridir, vəssalam!..
SON: Onun məzarını ziyarət edəndə gördüyüm mənzərəni heç unutmayacağam. O boyda, o çəkidə, cüssədə insanın, məzarı da nəhəng olarmuş. Buna görə Nurlan təkcə mən, biz yaşayaq deyə ölən şəhid deyil mənimçün. O həm də evi boyundan kiçik, qəbri evindən boyük oğlandır həm də…
Jalə Mütəllimova / Bizimyol.info