Zərdab rayonunun pambıqçıları bu günlərdə məhsul yığımına start veriblər. Zerdab.com saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin ölkəmizdə ənənəvi sahə olan pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar verdiyi tapşırıqlara əsasən cari ildən bu sahəyə xüsusi diqqət göstərilir. Builki mövsümdə rayonda 832 hektarda pambıq yetişdirən fermerlər sahələrdən yüksək məhsul gözləyirlər.
“Ağ qızıl” yığımına ilkin olaraq daha çox pambıq əkilən Bəyimli qəsəbəsindəki sahələrdə başlanılıb. Otuz hektarda yüksək məhsul yetişdirən fermer Namiq İsmayılov bir neçə gündə 3 tonadək məhsul toplayıb. Pambıq yığımında hələlik 30 nəfərədək işçi qüvvəsi iştirak edir. Toplanan məhsul bağlanan müqaviləyə əsasən “Zərdab–Pambıq” səhmdar cəmiyyətinə satılacaq.