Oxucular arasında kitablara, mütaliəyə maraq oyatmaq məqsədilə Zərdab rayon Mərkəzi Kitabxanası “Kitabı sevək, sevdirək!” devizi altında sil-silə tədbirlər keçirməkdə davam edir. Bu barədə Zerdab.com saytına kitabxanadan məlumat verilib. Qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə təşəbbüsü ilə keçirilən “Açıq kitabxana” layihəsinə qoşulan Zərdab rayon Mərkəzi Kitabxanası Mərkəzi Kitabxananın bağçasında “Açıq kitabxana” təşkil edib: “Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Nailə Əliyeva tədbir iştirakçılarını salamlayaraq, müasir dövrdə gənclərin mütailədən və kitabdan uzaq düşməməsi üçün kitabxanaların daha məsuliyyətli işləməli olduğunu qeyd edib və keçirilən belə tədbirlərin gənclərdə kitaba marağı daha da artırığını bildirib”.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kəmaləddin Sarıyev Nazirliyin bu layihəsini alqışlayaraq belə tədbirlərin kitabxanalarda oxucu sayının artmasına stimul verəcəyini qeyd edib.
Tədbirdə iştirak edən Zərdab Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Xəyalə Veyisova bildirib ki, kitaba hər bir kəsin həmişə ehtiyacı var və bu kimi tədbirlərin mütəmadi keçirilməsi olduqca əhəmiyyətli və vacibdir.
Rayonda ilk dəfə olaraq keçirilən bu tədbir mədəniyyət işçilərinin, rayon ziyalılarının və ağsaqqallarının, habelə çoxsaylı vətəndaşların, gənclərin, xüsusən də uşaqların böyük marağına səbəb olub.
Tədbirdə Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin kitabları, 400-ə yaxın Azərbaycan klassik və müasir ədəbiyyatının, habelə xarici ölkə yazıçılarının əsərləri, lüğətlər, ensiklopediyalar, uşaq kitabları, “Sehrli dünya”, “Göy qurşağı” və s. uşaq jurnalları, elektron kitablar təqdim edilib.
Tədbirin ən əhəmiyyətli cəhəti o olub ki, mütaliə etmək üçün tövsiyə olunan kitabları oxumaq üçün elə oradaca 20-ə yaxın iştirakçı kitabxanaya üzv yazılıb. İştirakçılar belə tədbirlərin əhəmiyyətini qeyd edib, tez-tez keçirilməsini arzulayıblar.
Zerdab.com