Zərdabda şəhidin məzarı üstündəki bayrağın endirilməsi müzakirələrə səbəb olub

0
69

Bri neçə gün öncə sosial şəbəkədə 6 aprel tarixində şəhid olmuş Zərdab rayon Dəkkə kənd sakini Nurlan Abdullazadənin məzarı yanında dirəkdən asılmış Azərbaycan bayrağının götürülməsi geniş müzakirələrə səbəb olub.

Şəhidin anası bildirib ki, Nurlan həmişə Mübarizin adını çəkib. Həmişə deyirdi ki, Mübarizin şəhidliyi mənə də qismət olacaq: “O torpaq uğrunda şəhid olub. Mən də onunla təskinlik alırdım”.

R.Abdullayev deyir ki, icra nümayəndələri onun həyətinə polis göndəriblər və bayraqla, plakatın götürülməsini istəyiblər.

Bayrağı sökənlər onu şəhid atası Rasim Abdullayevə “bunu buradan götür” deyib və məzara bir daha bayraq asılmamasını tapşırıblar. Şəhid atası Rasim Abdullayev isə məsələyə öz etirazını bildirərək oğlunun Vətən və bu bayrağın dalğalanması üçün şəhid olduğunu, həmçinin özünün və yoldaşının bu bayraqdan təsəlli aldığını bildirib.

Hadisədən bir gün sonra rayon Əlillər Cəmiyyətinin sədri Neman Yediyarov və rayon polis idarəsinin rəis müavini ilə şəhid ailəsinin yaşadığı ünvana yollanıb. Şəhidin evinə gələn şəxslər burada Nurlanın valideynlərinə qəbiristanlıqdakı bayrağı bir daha oraya asmamaları və girişdə quraşdırdıqları Nurlanın şəklini əks etdirən plakatı sökmələrini bildiriblər.

“Mənim işimlə bağlı məni niyə sorğu-sual edirsiniz ki? Bayrağı harada gəldi, özü də qəbiristanlıqda asmırlar. Həmin bayrağı və plakatı mən sökdürmüşəm”.

Bu sözləri gununsesi.info-ya icra başçısı Lütvəli Babayev söyləyib.

İcra başçısı də şəhidin valideyinləri barəsində tənqid səsləndirib: “Daha nə istəyirlər?  Nə lazımdırsa, o, ailə üçün edilib. Amma gedib hay-küy salırlar…”.

Zərdab rayonundan deputat seçilən millət vəkili Jalə Əliyeva da məsələyə münasibət bildirib. O, deyib ki, baş verən hadisə haqqında məlumatlıdır: “Bayraq haqqında əsasnamə var. Kimsə necə və harda gəldi, bayrağı öz istəyinə uyğun bildiyi yerdə asa bilməz. Əlbəttə ki, şəhidlər baş tacımız, qürur yerimizdir. Eyni zamanda, Nurlanın xatirəsi hər bir azərbaycanlı üçün, bizim üçün dəyərlidir”. J. Əliyeva bildirib ki, Nurlan Abdullazadənin ailəsi, həm də kənd ağsaqqaları ilə görüşüb: “Görüş zamanı onlar şəhidin adının əbədiləşdirilməsi üçün Nurlan Abdullazadənin oxuduğu təhsil ocağına onun adı verilməsinin təklif ediblər. Artıq bu, istiqamətdə iş aparılır. Bununla belə, bir daha qeyd edirəm ki, dövlət bayrağının asılması qanunla tənzimlənir ”-deyə, o, bildirib.