Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Zərdabdan olan şəhid Nurlan Rasim oğlu Abdullazadənin ailəsinə təzyiqlər olması barədə saytlarda xəbər yayılıb. Zerdab.com xəbər verir ki, şəhidin atası “Dunyamedia.com” saytına açıqlamasında deyib ki, öz hesabına oğlunun məzarının yaxınlığında düzəltdirdiyi dirəkdən asdığı dövlət bayrağı endirilib. Şəhid atası Rasim Abdullayev buna etirazını bildirərək, oğlunun vətən və bu bayrağın dalğalanması üçün şəhid olduğunu, həmçinin özünün və yoldaşının bu bayraqdan təsəlli aldıqlarını bildirib.
Rasim Abdullayev və onun həyat yoldaşı bu təzyiqlərin davam edəcəyi və bayrağın yerinə qaytarılmayacağı təqdirdə özlərini yandıracaqlarını bildiriblər.
Zerdab.com saytı məsələnin hüquqi yönlərinə aydınlıq gətirməyə çalışıb. Qanunla şəhidin məzarının üstündəki dirəkdən Azərbaycan bayrağı asıla bilərmi? Qanun buna məhdudiyyət qoyur, yoxsa icazə var?
Araşdırmamız zamanı qanunvercilikdə bu məsələdə bir qədər boşluğun olduğu ortaya çıxdı.
“Yəqin ki, bunu əsas götürüb”
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əlməmməd Nuriyev Zerdab.com saytına açıqlamasında məsələ ilə bağlı belə danışdı: “Bu məsələ ilə əlaqədar yeni qaydalar hazırlanır. Qeyd edim ki, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun var. Azərbaycan bayrağı harada, hansı formatda və necə yerləşdirilə bilər – bu qanunda öz əksini tapıb. Həmin qanunda şəhid məzarları ilə bağlı məsələ nəzərdə tutulmamışdı. Lakin aprel döyüşlərindən sonra belə bir məsələ gündəmə gəldi ki, şəhid məzarları xüsusi qaydada tərtib olunsun. Yəni həm baş daşı, həm də digər atributlarla bağlı. Bir daha deyirəm, bu məsələ ilə bağlı hazırda konkret müzakirələr gedir, hələ ki, hər hansı bir qərar yoxdur. Müzakirələr gedir və təkliflər də var ki, məzarın, baş daşının üzərində ay-ulduz və s. də olsun. Mənim bildiyimə görə Nazirlər Kabineti bununla bağlı qaydaları hazırlayır. Necə olacağını indidən deyə bilmərik. Zərdabın rəhbəri də yəqin ki, bunu əsas götürüb”.
Lakin hüquqşünas Əlməmməd Nuriyev qeyd etdi ki, praktikada bu kimi hallar var: “Ayrı-ayrı qəbiristanlıqlara getsək, şəhid məzarları fərqlənir. Hələ ki, şəhid məzarlarının necə tərtib edilməsi ilə bağlı qaydalar yoxdur. Əgər icazə verilməyibsə, gözləmək tövsiyə olunur. Yəni bu məsələyə aydınlıq gətirilsin və belə deyək, icraya yönəldilsin”.
Ə. Nuriyev bildirdi ki, Azərbaycanın ayrı-ayrı bölgələrində şəhid məzarlarının üzərində Azərbaycan bayrağının dalğalanmasına rast gəlmək mümkündür: “Praktikada var bu məsələlər, qanunda isə hələ ki, yoxdur”.
“Qanunda bununla bağlı məhdudiyyət yoxdur”
Hüquqşünas Əfqan Dostuyev isə Zerdab.com saytına müsahibəsində qanunda bununla bağlı konkret təkzibin olmadığını dedi: ”
“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunun 2-ci maddəsində Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılmalı olduğu yerlər təsbit olunub. Şəhid məzarının üzərində dövlət bayrağının qaldırılmasına gəlincə, sözügedən qanunda bununla bağlı heç bir məhdudiyyət yoxdur.
Həmin qanunun 7.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Birmənalı şəkildə həmin qanunda şəhid məzarı üstünə bayrağın qaldırılmasına məhdudiyyət qoyan maddə yoxdur. Dövlət bayrağı masaların və kürsülərin üzərinə sərilə bilməz, oturulan və ayaq basılan yerə qoyula bilməz”.
Üzərində Azərbaycan bayrağı dalğalandırılan aprel şəhidləri az deyil
Məsələ ilə əlaqədar internetdə şəhid məzarları ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, üzərində Azərbaycan bayrağı dalğalandırılan aprel şəhidləri az deyil.
Məsələn, Neftçalada aprel şəhidi Samid İmanovun məzarı yaxınlığında basdırılmış dirəkdə Azərbaycan bayrağı dalğalanır. (Mənbə: atv.az). Fotonu təqdim edirik.
Bakının Binəqədi rayonunda aprel şəhidi Emin Bağırovun məzarı yaxınlığında basdırılmış 2 dirəkdə Azərbaycan bayrağı dalğalanmaqdadır. Həmin fotonu da təqdim edirik.
Bu, şəhidin valideynləri üçün təsəlli mənbəyi olardı
Hər kəsə bəllidir ki, şəhidin valideynlərinin onun məzarı üzərində Azərbaycan bayrağının dalğalanmasını istəmələri onların xoş niyyətindən irəli gəlir və bu, onlar üçün təsəlli mənbəyidir. Ən azından onu qeyd edək ki, yeganə oğlunu hərbçi görmək, şəhid vermək hər insanın işi deyil.
Zərdabda Lütvəli Babayevin rəhbərliyi ilə şəhid ailələrinə daim böyük diqqət və qayğı göstərilib. İnanaq ki, bu məsələ də tezliklə hər kəsi qane edəcək formada öz həllini tapacaq.
Sonda qeyd edək ki, Abdullazadə Nurlan Rasim oğlu bu il aprelin 5-də cəbhədə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Evin tək oğlu idi. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.