Azərbaycan ədəbiyyatı tarixində XIX əsr böyük irəliləyişlər, tərəqqilər əsri kimi xatırlanır və bu gün-XXI əsrdə keçib gəldiyimiz tarixi yolu işıqlandırarkən, ədəbi-mədəni inkişafımızın bütün mərhələlərində XIX əsrin silinməz izlərini görürük.
Əvvəla, Azərbaycanın özünün tarixi taleyi həll olunurdu: “Bir yandan Rusiya, bir yandan İran” əsrlər boyu yağlı tikə kimi göz tikdikləri bir məmləkəti nəhayət, “bölüşdürə” bildilər. Amansız Türkmənçay və Gülüstan müqavilələrindən sonra Azərbaycan ikiyə parçalandı: “Hökmü gör nə qədər böyükmüş anın, Möhür də basdılar varağa təkrar. Yox, varağın deyil, Azərbaycanın, Köksünə dağ boyda dağ basdı onlar” (B.Vahabzadə). Amma bir xalq və millət kimi Azərbaycan öz milli-mənəvi dəyərlərini itirmədi, onu istila edən imperiyanın maddi, iqtisadi, sosial zülmünə tab gətirə-gətirə qaranlıqlar içində üzünü işığa tutdu. Bu işıq onun gələcəyi idi. Bu işıq Bakıxanovun, Mirzə Şəfinin, Mirzə Fətəlinin, Seyid Əzim Şirvaninin, Həsən bəy Zərdabinin, Mirzə Kazım bəyin,Vəzirovun və ümumən Azərbaycan ziyalılarının elm, maarif, mədəniyyət yanğısından, dünya sivilizasiyasına qoşulmaq, qədim bir xalqın mənəvi qüdrətini layiqincə əks etdirmək hünərindən doğulmuşdu.
Hər hansı bir xalqın taleyində mühüm rol oynayan şəxsiyyətlər olur və əslində, xalqın tarixini böyük şəxsiyyətlərin tarixi kimi də mənalandırmaq olar. “Həyatdan hamını qoparır ölüm, Yalnız dahilərə toxuna bilmir… Dahilər torpağa ölü kimi yox, Bəlkə basdırılır xəzinə kimi” (Xəlil Rza Ulutürk). XIX əsr fikrimizcə, həm də Mirzə Fətəli Axundzadə əsridir – milli mədəniyyətimizin, ədəbi-bədii fikrimizin yeni bir eraya, intibaha qovuşduğu bir əsrdir. Ədəbiyyat tariximizdə, ictimai-fəlsəfi fikrimizin inkişafında Axundzadənin rolu o qədər böyükdür ki, bunu sözlə ifadə etmək qeyri-mümkündür, “ilk” təyinlərinin (dramaturq, nasir, tənqidçi, sosioloq, ictimai xadim və s.) bir sırası onun misilsiz fəaliyyətini əks etdirmirmi?
Axundzadədən sonra onun əməl və ideyalarını davam etdirən ikinci böyük şəxsiyyət Həsən bəy Zərdabidir – milli mətbuatımızın və milli teatrımızın banisi kimi onun çoxcəhətli fəaliyyəti, elmi, publisistik yaradıcılığı haqqında bir xeyli tədqiqat əsərləri qələmə alınıb və deyək ki, bu sahədə heç bir boşluq nəzərə çarpmır. Lakin hər bir böyük şəxsiyyət ilk növbədə, insandır və Zərdabi də daxil olmaqla XIX əsr Azərbaycan mütəfəkkirlərinin bir çoxunun həyatı, keçdiyi ömür yolu, mühiti, yaşadıqları zəmanə ilə bağlılığı bədii əsərlərin də mövzusu olmalıdır. Çünki tarixdən, tarixi şəxsiyyətlərdən yazılan bədii əsərlərin oxuculara təsiri daha dərindir. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Nəriman Nərimanov haqqında yazılan bədii əsərlər, fikrimizcə, elmi-tarixi əsərlərlə müqayisədə daha çox oxunur, daha çox yayılır – əlbəttə, yazıçının vəzifəsi ilə tarixçinin vəzifəsini eyniləşdirmək olmaz, “Əgər tarixçi ayrı-ayrı faktlar əsasında müəyyən elmi nəticələr çıxarmaq yolu ilə gedirsə, yazıçının çıxardığı nəticələr bədii surətdə əks etdirilən hadisələrin ümumi məntiqindən, fərdiləşdirilmiş insan surətlərinin bir-birinə qarşı münasibətindən doğur” (Mehdi Hüseyn). Əlbəttə, burada tarix elmi ilə bədii əsərin fərqli, hər birinin spesifik, özünəməxsus xüsusiyyətləri nəzərdə tutulur və əslində, sənətkar fantaziyası ilə yaradılmış hər bir bədii əsərdə tarixi həqiqətlərin əsas mahiyyəti təhrif olunmamalıdır.
Bu fikrin həqiqət olduğunu Həsən bəy Zərdabi haqqında yazılan “İşığa gedən yol” romanını oxuyarkən bir daha hiss etdim. Əsasən şair, publisist və ədəbiyyatşünas kimi tanıdığımız Sona Vəliyeva təxminən 800 səhifəlik romanında Həsən bəy Zərdabinin keçdiyi ömür yolunun az qala hər səhifəsini oxucunun gözləri qarşısında canlandırır. Amma “İşığa gedən yol” təkcə Zərdabi haqqında roman deyil, həm də XIX əsr ( və həm də XX əsrin ilk illəri) Azərbaycan həqiqətləri (ictimai, siyasi, mənəvi kontekstdə) barədə tarixi-bədii bir əsərdir və bu əsərdə tarixi həqiqətlərin heç biri təhrif olunmur. Müəllif XIX əsr Azərbaycanının tarixi həqiqətləri fonunda bir böyük şəxsiyyətin mükəmməl obrazını yaratmağa can atıb və buna kifayət qədər nail ola bilib. Həsən bəy Zərdabinin Azərbaycan mətbuatı yolunda, pedaqoji-maarifçi cəbhədə yorulmaz fəaliyyəti və bir təbiətşünas alim kimi də çalışqanlığı barədə vaxtilə yazılan və indi də yazılmaqda davam edən onlarla məqalənin, bir neçə monoqrafiyanın adlarını çəkə bilərik, amma gəlin görək, onun şəxsi həyatı, keçdiyi ömür yolu haqqında nə tapa bilərik? Bircə ömür yoldaşı Hənifə xanım Məlikovanın 1939-cu ildə “Revolyusiya və kultura” jurnalında “Həsən bəy Zərdabinin tərcümeyi-halı” qısa məlumatından başqa… Bir də İzzət Rüstəmovun “Həsən bəy Zərdabi” monoqrafiyasında az-çox bilgi verən tərcümeyi-hal sətirləri… Sona Vəliyeva bu natamam, dolğun olmayan məlumatların heç birini nəzərdən qaçırmayıb, olsun ki, arxivlərə də baş vurub. Təbii ki, yazıçı təxəyyülü də burada az rol oynamayıb. Məlum məsələdir ki, başqa ədəbi janrlar kimi tarixi romanda da bədii uydurmasız keçinmək olmaz, bir şərtlə ki, uydurarkən də real tarixi faktlara istinad etməlisən, təsvir etdiyin “uydurma” obrazlar tarixi koloriti əks etdirməlidir. Ancaq ən əsası odur ki, Sona Vəliyevanın romanında Zərdabi obrazının mükəmməl cizgiləri yaradılıb. “İyul, 1848-ci il, Kür çayının sahilləri”-roman Zərdabi ömrünə bu tarixlə başlayır və “Bakı-1907-ci il” tarixiylə başa çatır-altı yaşla altmış beş yaş arasında keçən bir ömür səhifə-səhifə gözlərimiz qarşısında canlanır. İki hissəlik bu romanda 90 belə irili-xırdalı fəsillər bir-birini əvəz edir. Bir insan ömrünün xronoloji qaydada bu sayaq “yoluna davam etməsi” tarixi roman praktikasında təsadüf olunan haldır. Amma təfsirçiliyə, məlumatfüruşluğa uymamaq şərtilə.
Tarixi romanda ilk növbədə, təsvir olunan tarixi şəxsiyyətin obrazı diqqət mərkəzində olur, bütün hadisələr və obrazlar bu əsas qəhrəmanın çevrəsindədir. Azərbaycan tarixi roman ənənəsi də bunu sübut edir. Zərdabi elə bir şəxsiyyət idi ki, yaşadığı əsrin bir çox hadisələri onun gözləri qarşısında baş verirdi. XIX əsrə məxsus olan bütün proqressiv və neqativ hallar; elmə, təhsilə, mədəniyyətə meyl və bir yandan da dəhşətli fanatizm və savadsızlıq, insanların mənəvi azadlıq istəyi və bir yandan da kütləvi köləlik, mütilik buxovları, maarifçilik ideyalarının nəşv-nüma tapması və bir yandan da istibdad rejiminin antimaarifçi müdaxilələri…əsr bu mürəkkəb, olduqca ziddiyyətli hadisələrlə, daha doğrusu, işıqla qaranlığın əbədi mübarizəsiylə səciyyələnirdi və Zərdabi də bütün varlığı ilə bu mübarizənin içində idi, İŞIĞI təmsil edirdi. Ancaq təbii ki, Zərdabi bu mübarizədə tək deyildi. Romanın ən dəyərli cəhəti də elə bu nöqtədədir. Biz Həsən bəyi Tiflisdə (1858-1861-ci illərdə), gimnaziyada oxuduğu illərdə Mirzə Fətəli Axundzadənin məclisində görürük. Bu məclisdə Mirzə Hüseyn Qayıbov, İlya Çavçavadze, Mixail Kipiani iştirak edir. Moskvada, Universitetdə təhsil alarkən rus demokratları ilə tanış olur. 1866-cı il, may ayının 29-da Mirzə Fətəli Axundzadənin evindəki yığıncaqda kimləri görürük? Rus ordusunun general-mayoru, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu Kəlbəli xan Naxçıvanskini, Azərbaycan təriqət şeirinin görkəmli nümayəndəsi Seyid Nicarini, böyük şairimiz Seyid Əzim Şirvanini, “Beytüs-səfa” ədəbi məclisinin üzvləriMolla Məhəmməd Zövüni və Ağali bəy Nasehi, şair-musiqişünas Mirzə Möhsün Nəvvabı, “Məclisi-üns”ün üzvü, şair Məmo bəy Məmaini və əlbəttə, Mirzə Fətəli ilə Həsən bəy Zərdabini. Azərbaycan ziyalılarının say-seçmə nümayəndələrini bu məclisə gəlməyə hansı qüvvə vadar edib? O məclisdə söhbət elmdən, maarifdən və poeziyadan gedir. “Yaradıcı insanların, milli düşüncə sahiblərinin bir yerə cəm olduğu bu məclisdə yerlə göy arasında sanki bir əlaqə qurulmuşdu. Bu əsrarəngiz səhnəyə göydəki mələklər də, yerdəki insanlar da eyni heyranlıqla baxıb təsirlənirdi. Həsən bəy o gecə elə təsirlənmişdi ki. O özünə yer tapa bilmir və düşünürdü: “Xoşbəxtəm, mən də bu gün – müqəddəs bir ayın müqəddəs günündə, milli düşüncə sahiblərinin cəm olduğu belə məclisdə oldum… Şükür sənə, İlahi, çoxalırıq, artırıq! İradəmizin, ağlımızın, gücümüzün bir yerə cəm olması milləti, xalqı cahillikdən xilas edəcək!”.
Bakıda yaşadığı illərdə də Həsən bəy Zərdabi Azərbaycan ziyalılarının, xüsusilə elm və sənət adamlarının bir çoxu ilə görüşlər keçirir, onların fikirləri ilə tanış olur. Müəllif Həsən bəyi Xeyriyyə Cəmiyyətinə yardım məqsədilə Azərbaycanın müxtəlif bölgələrinə səfərlərini, bu səfərlər zamanı rastlaşdığı hadisələri, tanış olduğu insanları da unutmur. Beləliklə, XIX əsr Azərbaycan ictimai, mədəni həyatı Həsən bəyin xalqla, onun müxtəlif təbəqələri ilə ünsiyyətini artırır. Roman içində sanki ayrıca bir roman- “Səfərnamə” yaranır, bu səfərlər həm də Azərbaycanın keçmiş tarixi ilə bağlı bilgilərin təfsilatları ilə yadda qalır.
Tarixi romanın əsas keyfiyyətlərindən, başlıca arqumentlərindən biri də müasirlikdir. Polşa yazıçısı Tadeuş Qoluyun belə bir fikri ilə razılaşırıq ki: “Tarix onun diqqətini ona görə cəlb edir ki, müasir hadisələrin mənasını daha dərindən aça bilsin. Mən ona görə tarixə müraciət edirəm ki, müasir həyatı daha yaxşı başa düşüm”. “İşığa gedən yol” romanında da müasirlik məhz bu mərama xidmət edir- biz XIX əsri və bu əsrin görkəmli ziyalısı Zərdabini, onun ideyalarını dərk edək. Baxın, diqqət yetirin Zərdabinin yüz iyirmi il əvvəlki düşüncələrinə: “Həsən bəyin 53 yaşının tamamına altı-yeddi ay qalmışdı, lakin o, 65-70 yaşlarında ahıl bir adamı xatırladırdı. …Həsən bəyin vaxtsız yaşlanmasının səbəbi təkcə həlli çətin müşgüllərdən yaranan əzab deyildi, həm də çətinliklərin həllində milli birliyin, birgə fəaliyyətin olmamasından yaranan ürək yanğısı idi. Həsən bəyin haqq və ədalət uğrunda, milli inkişaf naminə apardığı mübarizənin ağırlığı onun fiziki gücündən qat-qat çox olduğundan ona güc gəlirdi”.
Romanda Zərdabi ilə bağlı, onun həyatında, ictimai və ədəbi fəaliyyətində mühüm rol oynayan, tələbə, gimnazist Zərdabinin mütəfəkkir Zərdabi səviyyəsinə yüksəlməsində mühüm rol oynayan insanların da bir silsilə obrazları ilə qarşılaşırıq. Babası Rəhim bəy, atası Səlim bəy, anası Mənzər xanım, atasının dayısı Fərəc bəy Ağayev, Tiflis gimnaziyasının müəllimləri, Moskva universitetinin rektoru Solovyov, həyat yoldaşı Hənifə xanım və əlbəttə, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani,Hacı Zeynalabdin Tağıyev… Bu insanların hər biri Zərdabinin xeyirxahı, ona mənəvi dəstək verən adamlardır. Həsən bəyin rus qızı Vera ilə sevgi macərası da romanda tarixi şəxsiyyətin həyatının lirik-dramatik çalarlarını əks etdirir. Vera-bu rus qızı Həsən bəyi ürəkdən sevir, bütün varlığı ilə ona bağlanıb və bu dünyada əsl sevgi necə olursa (təbii ki, burada milli amil nəzərə alınmır), onu yaşayır. Amma Həsən bəy ürəyinə daş bağlayıb bu sevgidən imtina edir. Fikirləşirsən ki, Həsən bəy bu sevgiyə cavab versəydi, bəlkə də həyatının ən gözəl anlarını yaşayırdı, amma onu bir insan və şəxsiyyət kimi tamamlayan Hənifə xanım Məlikovanı itirərdi. Milli düşüncə hissi Zərdabini qəti qərar verməyə təhrik edir, axı o, həyat yoldaşları qeyri millətdən olan azərbaycanlıların bir çoxunun aqibətini görmüşdü. Burada onu qınamırsan.
Həsən bəy Zərdabi Azərbaycan dövri mətbuatının əsasını qoyub. Vətən eşqi, millət məhəbbəti idi onu bu işə sövq edən. Rusiyada əvvəlinci türk qəzeti olan “Əkinçi” mədəniyyət tariximizin ən şanlı səhifələrindən biridir. Beləliklə, XIX əsr ziyalılarının-Azərbaycan yazıçılarının ilk birliyi, təşkilatı yaranır. Görkəmli ədəbiyyatşünas, mərhum professor Xeyrulla Məmmədov yazırdı ki: “Zərdabi siyasi manevrlər edərək daşıdığı adı leksik mənadan fərqli olaraq “əkinçi” sözünə geniş məna aşıladı. Onu kənd təsərrüfatı, ticarət və iqtisadiyyata dair məsələlərin fonunda radikal maarifçilik ideyalarının təbliğindən ötrü tribunaya çevirdi. Məşhur millət xadimi İsmayıl bəy Qəmərlinskinin obrazlı şəkildə dediyi kimi “birinci ovuc maarif buğdasını Həsən bəy ağamız səpdi. Daşlı, qumlu, dərə-təpə qara torpaqları sürməyə başladı”.
Romanda Zərdabinin “Əkinçi” qəzeti ilə bağlı fəaliyyətinə təxminən 90 səhifə yer ayrılıb və qəzetin başlanğıcından bağlanışına qədər keçdiyi yol, bu çətin və şərəfli yolda Zərdabinin sevincləri ilə bahəm üzüntüləri, rastlaşdığı maneələr haqqında da kifayət qədər səhnələr var. İndi Azərbaycanda 600-dən çox qəzet, jurnal nəşr olunur və deyə bilərik ki, bu qəzetlərin əksəriyyəti maliyyə böhranı keçirmirlər, vaxtaşırı nəşr olunurlar (bəziləri imkansızlıq ucundan bağlansa da yaxud bir qəzet kimi özünü doğrultmayıb nəşrini dayandırsa da), təqib də olunmurlar, hətta dövlətdən maddi dəstək də qazanırlar, amma Zərdabinin “Əkinçi”si nə qədər çətinliklərlə, irticanın hədə-qorxuları, mürtəcelərin qarayacmaları ilə üzləşirdi.
Mirzə Fətəli Axundzadə bu qəzetin və Həsən bəyin pərəstişkarı idi və təsadüfi deyil ki, “Əkinçi”də gedən müzakirələrin birində Zərdabiyə münasibətini belə bəyan etmişdi: “Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy”.
“Əkinçi” bağlandı, amma onun işığı sönmədi, “Əkinçi”dən sonra “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Kaspi” meydana atıldı və beləliklə, mətbuat tariximizin səhifələri yazılmağa başlandı. Çox keçmədən Krım türklərinin dəyərli ziyalısı İsmayıl Qaspralı Həsən bəy Zərdabi ilə görüşəcək və söyləyəcək ki: “Həsən bəy, sizi bütün Krım türkləri tanıyır, dəyərləndirir. Məncə, siz bir ovuc ideya toxumunu “Əkinçi”nin yayıldığı və oxunduğu bütün ərazilərə səpərək, əvəzində maarif, elm, təhsil və tərəqqi adlı məhsul yetişdirdiniz. Keçən ay İstanbuldaydım. Açığı deyim, oradakı türk aydınlarının çıxardığı qəzetlərdə sizin “Əkinçi”dəki ictimai mahiyyəftli məsələlər belə dərindən əks olunmur. Mən Ziya Göyalp, Namiq Kamal, Ziya Paşayla tanış olarkən “Əkinçi” haqqındakı bu fikri onlardan da eşitdim. Sözün açığı, sizin cəsarətiniz onları çox heyrətləndirib”.
Romanın son fəsillərində XX əsrin ilk illərində Zərdabinin öz maarifçi fəaliyyətini yenə inadla davam etdirməsindən, Müəllimlər qurultayında iştirakından, Bakıdakı erməni vəhşiliklərindən, səhhəti ilə keçirdiyi gərginliklərdən, Dumadakı fəaliyyətindən söz açılır və biz istər-istəməz bu böyük şəxsiyyətin yaşının dolu çağlarında da yorulmaz fəaliyyətinin şahidi oluruq. Və budur, Həsən bəy Zərdabi son mənzilə yola salınır, amma: “Həsən bəyin ruhundan zühur edən işıq seli, aləmi bürüyən ovliya nuru öz əbədiyyət yolunu davam edirdi. Bu işığın son dayanacağı hələ çox-çox uzaqlarda idi. Tükənməyən, bitməyən nur yolu, işıq seli heç vaxt bitməyəcək, sona çatmayacaq kimi millətin önünə düşərək gələcəyə doğru gedirdi”.
“İşığa gedən yol” romanından aldığım təəssürat budur və Sona xanım Vəliyevanı bu yaradıcılıq uğuruna görə təbrik edirəm.