Lütvəli Babayev: “Zərdabda yeni iş yerləri açılıb, tikinti-quruculuq işləri davam etdirilib”

0
55

2016-cı ilin birinci yarısında Zərdab rayonunda sosial-iqtisadi sahələrdə görülmüş işlər və qarışıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib. Zərdab Rayon İcra Hakimiyyətindən Zerdab.com saytına verilən məlumata görə əvvəlcə həyata keçirilən tədbirlərdən bəhs edən videoçarx nümayiş etdirilib. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev məlumat verib ki, hesabat dövründə rayonda 54 milyon 816 min manatlıq məhsul istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz çoxdur. İstehsal edilmiş məhsulun 59 faizi kənd təsərrüfatının payına düşüb. Rayonda taxılçılıq da inkişaf edib. Belə ki, sahələrdən 18080 ton arpa, 34021 ton buğda yığılıb. Hər hektarda məhsuldarlıq 30,6 sentner olub. Fermerlər 874 hektarda pambıq əkiblər. Kümçülər isə uzun fasilədən sonra 5710 kiloqram barama yetişdiriblər. 2016-cı ilin 6 ayı ərzində 3685 ton kartof, 1696 ton tərəvəz yığılıb. 231,1 hektarda bostan bitkiləri, 70,5 hektarda çəltik əkilib. Aqrar sahənin inkişafında xüsusi rolu olan Suvarma Sistemləri İdarəsinin maddi texniki bazası gücləndirilib. 23 ədəd nasos, 4 elektrik mühərriki, 39 hidrotexniki qurğu əsaslı təmir edilib. 353,3 kilometr uzunluğunda suvarma kanalı lil və palçıqdan təmizlənib. Kəndlərdə 21 ədəd modul tipli su təmizləyici qurğu, 264 bulaq tikilib. Hesabat dövründə Birinci Alıcanlı, İkinci Alıcanlı, Körpükənd, Şəftəhal və Məlikumudlu kəndləri tam qazlaşdırılıb. Şəhərin onuncu yaşayış məhəlləsində uzun illər sakinlər tərəfindən zəbt olunmuş 2,6 hektar ərazi boşaldılaraq abadlaşdırılıb. Peşə liseyinin korpusu, Qaravəlli kənd tam orta məktəbi əsaslı təmir olunub, mərkəzi xəstəxananın yenidən qurulması davam etdirilib. Sahibkarlara Kömək Milli Fondu 10 kənd təsərrüfatı layihəsi üzrə fermerlərə 83 min manat kredit verib. Hesabat  dövründə 323-ü daimi olmaqla 457 yeni iş yeri açılıb. 24,8 hektar sahədə 5 balıq gölü yaradılıb. Eyni zamanda şəhərdaxili və kənd yollarında təmir-bərpa tədbirləri icra olunub. Tikinti-quruculuq işləri də davam etdirilib. Əsas kapitala 8 milyon 776 min manat investisiya yönəldilib. Süd emalı zavodunda yeni istehsal  xətti quraşdırılıb.
Hesabat yığıncağında bir çox sahələrdə mövcud vəziyyət ətraflı müzakirə olunub.
Sonda müvafiq qərar qəbul edilib və yığıncaq iştirakçıları adından Ölkə Prezidentinə müraciət ünvanlanıb.