Heyvalar çiçəkləyəndə
Neçə gün əvvəl yaşadığımız binanın yaxınlığında bir heyva ağacı gördüm… Çiçəkləyən heyva ağacı… Elə bil əzizimi, doğmamı gördüm. Şəhərdə yaşayan adam öz kəndçisini şəhərdə görəndə necə sevinərsə, mən də elə sevindim…
Heyva-ən çox xoşladığım meyvədir. Heyva çiçəyi – ən çox xoşladığım çiçək.
Kənddəki həyətimdə öz əlimlə iyirmidən çox heyva ağacı əkmişdim…
…O gündən doğmalaşdı bu ağac mənə.. Hər gün yanından keçəndə bir an vaxt ayırıb bu ağaca baxıram – belə salamlayıram o ağacı..
Hərdən mənə elə gəlir ki, ağacların da ruhu olur.. Elə bilirəm ağaclar da sevinir, kədərlənir.. Elə bilirəm ağaclar da ağlaya bilir..
Hə, ağaclar da ağlaya bilir… Ağaclar da darıxır doğma bildikləri üçün…
İndi, aprel ayında, heyvalar çiçəkləyən ayda mənim kənddəki heyva ağaclarım da darıxır… O heyva ağaclarımın çiçəkləri insan nəfəsi üçün darıxıb….O heyva ağacları bir vaxt onlara göstərdiyim qayğı üçün darıxıb..
Mən şəhərə gələndən sonra anam sulayırdı o ağacları.. Anam qocalandan sonra heyva ağaclarım da yağışın umuduna qaldılar…
Qayğısız qaldılar ağaclarım.. Çiçəkləyəndə çiçəklərini qoxulayan, yarpaqlarını sığallayan olmadı.. Eləcə çəpərdən boylana-boylana qaldılar… Payızda sapsarı heyvalar yol gözlədilər… Küləklərə davam gətirməyib yerə töküldülər. Düz qışa qədər yerdə, xəzəlin altında gözlədilər… Xiffət çəkdilər…
Çoxusu dözmədi, qurudu…
İndi harda heyva ağacı görürəmsə öz əlimlə əkdiyim heyva ağacları yadıma düşür… Məndən ötrü darıxan ağaclar…
29 aprel, 2015