92 saylı Zərdab-Ucar seçki dairəsindən millət vəkili olan Jalə Əliyeva Zərdab rayonunda növbəti dəfə qəbul günü keçirib. Zerdab.com saytına verilən məlumata görə, millət vəkili 20-yə yaxın seçicini qəbul edib, onların problemləri, qayğıları ilə maraqlanıb, onları narahat edən məsələləri dinləyib, həmin məsələlərin həlli ilə bağlı müvafiq addımların atılacağını deyib. Seçicilər də öz növbələrində onları narahat edən məsələlərə daim diqqətlə və həssaslıqla yanaşdığı üçün millət vəkili Jalə Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Millət vəkili aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Zərdabdan olan şəhid Nurlan Rasim oğlu Abdullazadənin Böyük Dəkkə kəndindəki 40 mərasimində də iştirak edib.
Şəhidin məzarını ziyarət edən millət vəkili əməkdaşımızla söhbətində qeyd edib ki, ziyarətdə kənd sakinləri, şəhidin ailə üzvləri, qohumları, tanışları, rayon rəhbərliyi, icra başçısı, hərbçilər və Müdafiə Nazirliyinin əməkdaşları da iştirak ediblər.
Onlar şəhidlə bağlı öz fikirlərini bölüşüb, N. Abbaszadənin qəhrəmanlıq yolundan danışıb, mərhumun ailəsinə bir daha başsağlığı veriblər.
Həmçinin, ziyarət zamanı Müdafiə Nazirliyinin medalı ölümündən sonra şəhidin ailəsinə təqdim olunub.
Millət vəkili özü də ziyarətdə çıxış edərək, N. Abdullazadənin nəinki zərdablıların, bütövlükdə Azərbaycan xalqının baş tacı olduğunu söyləyib.
“Şəhidlər bizim qürurumuz, iftixarımız, fəxrimiz, and yerimiz, baş tacımızdır. Onlar cismən bizdən ayrılsalar da, mənən, ruhən həmişə bizlərlədir. Onlar daim bizim qəlbimizdə, ruhumuzda yaşayacaqlar. Onların hər birinin ruhu qarşısında baş əyirik”,-deyə millət vəkili bildirib.