Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində Zərdab rayonunda bir sıra obyektlərin açılışı olub.
Rayonun Şahhüseynli kəndində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində yeni tikilən tibb məntəqəsi istifadəyə verilib. Burada Şahhüseynli kəndində yaşayan 1944 nəfər insana xidmət göstəriləcək.
Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevin respublikamızda səhiyyənin inkişafına göstərdiyi qayğıdan danışıb. Qeyd olunub ki, hazırda Dövlət Proqramına uyğun olaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı təmir işləri davam etdirilir və onun bu ilin sentyabr ayınadək istifadəyə verilməsi nəzərdə tutulub.
Çıxış edən kənd ziyalıları, ağsaqqallar ölkəmizdə səhiyyənin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
x x x
Zərdab şəhəri ərazisində sahibkar Zabit Davudova məxsus “Region-post” MMC-nin Yüksək Keyfiyyətli Pres Tamet Tavaları İstehsalı Mərkəzinin də açılışı olub. Mərkəz ildə 20 min kvadratmetr məhsul istehsal etmək gücündədir.
Tədbirdə icra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə sahibkarlara göstərilən dövlət dəstəyindən danışıb. Qeyd edib ki, Prezidentin tapşırığına uyğun olaraq rayonda yeni iş yerlərinin açılması, pambıqçılığın, taxılçılığın və baramaçılığın inkişafı istiqamətində böyük tədbirlər həyata keçirilir. Artıq 800 hektardan çox sahədə pambıq əkini başa çatmaq üzrədir. Uzun illərdən sonra bu il 2850 qram inkubasiya olunan baramaqurdu toxumu kümçülərə paylanıb. İlkin olaraq 225 yeni iş yeri yaradılıb.
Mərasimdə çıxış edənlər sahibkarlara göstərilən diqqət və qayğıya görə Prezident ilham Əliyevə minnətdarlıqlarını bildiriblər.