Qax rayonundakı Damazlıq İpəkçilik Stansiyasında inkubasiya mərhələsi keçən ipək qurdu toxumları baramaçılıqla məşğul olmaq istəyən fermerlərə təqdim olunub.
İpək qurdları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Zərdab rayonlarından olan kümçülərə (baramaçılara) ödənişsiz olaraq paylanılıb.
İpək qurdlarının paylanması münasibətlə keçirilən tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov baramaçılıqla məşğul olan təsərrüfat rəhbərlərinə, kümçülərə lazımi məsləhət və tövsiyələr veriblər.
Fermerlərlə söhbət zamanı İlham Quliyev bildirib ki, kümçü ailəsi məşğul olduğu digər təsərrüfat sahələrinə mane yaratmadan öz gəlirlərini artıra bilər. Nazir müavininin dediyinə görə, 2016-cı ildə Azərbaycanda 75 ton yaş barama istehsalı nəzərdə tutulur. Kümçüləri maarifləndirmək məqsədilə nazirlik tərəfindən metodiki məsləhət, video-tövsiyə və bülletenlər hazırlanıb. İlham Quliyev növbəti ildə barama istehsalının 3 min tona çatdırılması üçün indidən yüksək səviyyədə hazırlıq işlərinin getdiyini diqqətə çatdırıb.
Stansiyadan ipək qurdlarını təhvil alan kümçülərə barama istehsalı texnologiyasına dair video-tövsiyə, buklet və yaddaş vərəqələri də verilib.