Zərdabdan Bakıya gətirilən keyfiyyətsiz ət zərərsizləşdirildi

0
56

Aprelin 19-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədilə reyd keçirilib.

Reyd zamanı Zərdab rayonunun Körpükənd kəndindən paytaxta satış məqsədilə gətirilən, Nadir Qasımovun idarə etdiyi “Ford Transit” markalı 90-LX-763 dövlət nömrə nişanlı yük avtomobilində aşkarlanan (4 ədəd iribuynuzlu heyvan cəmdəyi, daxili orqanlar, 5 ədəd baş-ayaq) 600 kq miqdarında mənşəyi məlum olmayan, qida üçün yararlılığı şübhə doğuran, sağlamlığına və haradan alınmasına dair heç bir müşayiətedici sənədi olmayan heyvan ətlərindən götürülən nümunələrin Respublika Baytarlıq Laboratoriyasında müayinəsi başa çatıb.

Laboratoriyada aparılan bakterioloji müayinələrin nəticəsinə görə, həm Ağcabədi rayonundan, həm də Zərdab rayonundan gətirilən ətlərdə bakterioloji çirklənmə aşkar olunub. Biokimyəvi müayinə zamanı isə ətlərin keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsızlığı müəyyən edilib.

Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq həm Ağcabədi, həm də Zərdab rayonlarından gətirilən mənşəyi naməlum, keyfiyyətsiz, baytarlıq-sanitariya cəhətdən yararsız, aqoniya və ya öldükdən sonra kəsilmiş heyvan ətləri Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib.