DİN: “İş adamının Zərdabda fiziki təzyiqə məruz qalması barədə dediklərinin əsası yoxdur”

0
52

“Zərdab rayon sakini İntiqam Ağalarovun yol polisinin əməkdaşları tərəfindən döyülməsi, guya ondan xeyli miqdarda rüşvət tələb olunması barədə bu şəxsin səsləndirdiyi iddialar tamamilə əsassız, qərəzli, olmaqla yanaşı, polisin yüksək nüfuzuna və işgüzar imicinə kölgə salmağa yönəlmiş aşkar böhtan və şantaj xarakterli fikirlərdir”.

Bu fikirləri AzNews.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə saytımızda bu gün tirajlanmış “Rəis iş adamını döydü – Zərdabda daha bir polis özbaşınalığı” başlıqlı yazıya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, İ.Ağalarov törətdiyi qanun pozuntularını yersiz olaraq sahibkarlıq fəaliyyəti ilə bağlauyır: “İndi qanunları sevməsindən, yol hərəkəti qaydalarına riayət etməsindən ağızdolusu danışan, törətdiyi hüquq pozuntusuna görə inzibati qaydada cəzalanmasını yersiz olaraq sahibkarlıq fəaliyyəti ilə bağlamağa çalışan bu şəxs baş vermiş hadisənin mahiyyətini təhrif edərək özünün günahsız obrazını yaratmağa, ictimai rəyi aldatmağa cəhd edir.

Rayonun Məmmədqasımlı kənd sakini olan İntiqam Ağalarov 16 mart 2016-cı il tarixdə gecə saat 23:45 radələrində idarə etdiyi “VAZ-21013” markalı 45 BA 874 dövlət qeydiyyat nişanlı avtomaşınla Zərdab şəhərinin mərkəzi istiqamətdə hərəkətdə olarkən işıq sistemindən düzgün istifadə etmədiyi üçün həmin vaxt ərazidə xidmət aparan Zərdab RPŞ DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq yoxlanılıb. Lakin bu zaman o, nəqliyyat vasitəsini idarə etməsinə dair heç bir sənəd təqdim etmədiyi və sərxoşluqda şübhəli bilindiyi üçün Polis Şöbəsinə gətirilib, burada müvafiq texniki vasitələrin köməkliyi ilə sərxoş olduğu müəyyən edilib. Bundan başqa o, RPŞ-nin inzibati binasında olduğu vaxt səs-küy salıb, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb.

Ona görə İntiqam Ağalarov həmin tarixdə inzibati qaydada tutulub. Barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri ilə inzibati protokol tərtib edilərək baxılması üçün Zərdab rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən İ.Ağalarov barəsində 3 (üç) gün müddətinə inzibati qaydada həbs qərarı çıxarılıb. İnzibati həbs müddəti qurtardıqdan sonra isə bu şəxs sərbəst buraxılıb.

İddialarının əksinə olaraq, İntiqam Ağalarovun polis əməkdaşları tərəfindən guya fiziki təzyiqə məruz qalması barədə söylədiklərinin heç bir əsası yoxdur”.