Kim deyib ki, insan heç bir şeyi özü ilə aparmır? Yalandır, insan hər şeyini özü ilə aparır. Bu dünyada qalanlar isə özü ilə apardıqlarının daşlaşmış, kağıza çevrilmiş, maddiləşmiş və bəsitləşmiş şəkilləridir. İnsan hər şeyini özü ilə aparır, bu dünyada heç bir şeyi qalmır.
İnsanın bu dünyada heç nəyi qalmır, kimin nəyi varsa, özü ilə aparır. Belə olmasaydı, Allah-Taala (c.c.) insanın yaxşı əməllərinin, pis əməllərinin qarşılığı zərrə qədər də olsa veriləcəkdir, buyurardımı?!
İnsan mal-mülk sahibi deyil, malı da, mülkü də verən Allahdır. İnsan savabının və günahının sahibidir və onları da hər zaman özü ilə daşıyır.
Çox söhbətlər danışırlar ki, kəfənin cibi olmur, yaxud da öləndə adama bir cüt corabı da çox görürlər… Bütün bunlar işin təfərrüatıdır, yəni çox kiçik tərəfi, işin mahiyyəti isə başqa tərəfdədir. Heç düşünmüsünüzmü, bizim qazandıqlarımız və ya itirdiklərimiz əməllərimizin nəticəsidir. Əməllərin kökündə də niyyətlər dayanır. Biz kökü, bünövrəni, gövdəni unudub, budağa, yarpağa görə qərar verdiyimizə görə də dünyagörüşümüz bu cür formalaşır: insan özü ilə heç nə aparmır. Ağ yalandır, kimin nəyi varsa, özü ilə aparır.
Çox mətləblər haqqında düşüncələrimizi dəyişməliyik. Çətini ölənə qədər deyil, öləndən sonradır. Bizsə hər şeyi ölümə qədər hesablayanda fəlakətə uğrayırıq. Elə bu xətalı düşüncənin nəticəsidir ki, başı dara düşən boğazını kəndirə keçirir. Yazıq elə bilir ki, canını qurtarır. Amma bilmir ki, soxulcandan qorxub əjdahanın ağzına cumur.
Ölüm dediyin dönüşü olmayan bir yoldur. Heç bir əsas olmadığı halda, özünü bu yola atmaq diri-gözlü cəhənnəm quyusuna girməkdir.
İnsanın hər şeyini borclu olduğu tək varlıq Allah-Taaladır. İnsanı sevmək gözəldir, amma sevdiklərinə bağlanmaq təhlükəlidir. Ya sən bağlandığını itirirsən, ya bağlandığın səni itirir. Hər iki halda ağrıdır, üzüntüdür. Biz faniyik, ötəriyik, Əbədi, Baqi olansa yalnız Allahdır. Fani olan itər, itirər. Əbədiyə bağlanansa itməz, itirməz.
Göy üzündə dəstə halında uçan quşlar kimiyik. Sağımızdan, solumuzdan, önümüzdən, arxamızdan kimsə dəstədən ayrılıb qara torpağa düşür. İbrət axtarana bundan da böyük ibrətmi olar? İbrət axtarana ölüm ən gözəl ibrətdir, bir gün o sənin də qapını döyəcək. Bütün yaradılmışlar ölümü dadacaq.
Kiminə qorxudur, kiminə həsrətlə gözlədiyi bir səfər kimidir ölüm yolçuluğu. Ustad Nəcib Fazil nə deyir, bilirsinizmi?
Ölüm gözəl şey, budur pərdə ardından xəbər,
Ölüm gözəl olmazsa, ölərmiydi Peyğəmbər?!
Ölüm, əlbəttə, gözəldir, amma anlayana, yaşayana, o yola hazırlaşana; qapının ağzına yaxınlaşdıqca içində qorxu deyil, sevgi hissi boy verənə; Yunus Əmrə demişkən, bu dünyada bişənə, yetişənə, dünyadan ayrılmağı Allaha və Peyğəmbərə qovuşmaq kimi görənlərə. Bu cür ölüm toy-bayramdır, Mövlananın təbirincə desək, vüsaldır, sevdiyinə qovuşmaqdır.
Ölümün də mərtəbələri var. Şəhid olmaq – Allahın əmanət olaraq verdiklərini tərtəmiz, ən gözəl halı ilə Allaha qaytarmaqdır. Ölüm də var ki, qurd ağzında parçalanmaq kimidir. Namaz möhürdür, gündəlik həyatında işlədiyi bütün xeyir əməllərini “Allahım, Sənin rizan üçün Sənin önündə əyildim, bütün xeyir işlərimi Sənin üçün işlədim” düşüncəsiylə alnı ilə möhürləməkdir. Namazla dəstəklənməyən əməl möhürsüz sənəd kimidir, keçərmi, keçməzmi, Allah bilir.
O qədər yanlış deyimlərimiz, düşüncəni azdıran məsəllərimiz var ki… Hərdən bilgilərimizi, düşüncələrimizi əldən keçirməli, saf-çürük eləməliyik. Yoxsa, atalar sözü adı ilə həb kimi udduğumuz zəhər tuluqları bizi həqiqətdən çox uzaq salar.
Kim desə ki, insan özü ilə heç nə aparmır, yalan danışır. O şeyləri ki, Allah verib, burda qoyub gedirsən, o şeyləri ki, özün qazanırsan, heç zərrəsi də burda qalmır, hamısı səninlə gedir. Tam əmin ola bilərsən.