Kəşfiyyatçı jurnalist, Qarabağ xatirələri və zərdablı balası Azad

2
80

Rey Kərimoğlu müsahibə verəcəkdi. Yağışlı bir gündə zəngləşib, sakit kafelərin birində görüşüb çay sifariş verdik. İlk sualdan sonra söhbətimizin müsahibədən daha geniş olacağını anlayıb müsahibimin sözünü kəsmədim. Əlavə suallarla onun maraqlı söhbətini qırmaq istəmədim. Öncə torpağı işğalda olan bir qazinin bu gün hansı hisslər keçirdiyini öyrənməyə cəhd elədim. Və Rey səbirlə, təmkinlə söhbətə başladı…

Biz döyüşürdük...
Bir hadisənin ki, nəticəsi fərd kimi səndən asılı deyil, o barədə düşünmək çox ağrılıdır. Yəni sən bir fərd kimi çalışırsan, nə isə eləmək istəyirsən, ancaq nəticə səndən asılı olmur. Eyni zamanda, cəmiyyətin də münasibəti Qarabağ müharibəsinə yanaşmada birmənalı deyil. Hadisələr haqqında istənilən azərbaycanlı hərbi şərhçi kimi danışa bilər. Ancaq bəzən belə söhbətləri çox eşidirəm, “döyüşmədik”, “döyüşə bilmədik”, “torpağı qoyduq qaçdıq”.
Biz lazım olduğu kimi, bütün gücümüzlə döyüşdük. Mən Dağlıq Qarabağ və ətraf rayonlar uğrunda gedən döyüşlərdə iştirak eləmişəm. Əvvəl əsgər olmuşam, sonra xüsusi “QROM” dəstəsində vuruşmuşam. Bu dəstəni rəhmətlik Şirin Mirzəyev təşkil eləmişdi. Hərəsi 10 nəfərdən ibarət 3 dəstə yaranmışdı. Döyüşlərdə seçilən döyüşçüləri bu dəstəyə cəlb edirdilər. Mən də əvvəl “QROM-1”-də vuruşmuşam. Sonradan Şirin Mirzəyev məni göndərdi kəşfiyyat bölüyünə. Mən elə bir döyüş xatırlamıram ki, biz ermənilərlə üz-üzə, müharibə qaydaları ilə döyüşək və geri çəkilək. Bizim mövqeyimizi təslim edib geri çəkildiyimiz döyüş olmayıb. Əlbəttə, xırda nüansları çıxmaq şərti ilə. Məsələn, hansısa yüksəklik əlimizdə olub, qarşı tərəfdəki yüksəklik də ermənilərdə. Ortada qalan kiçik bir məntəqə isə gah bizim, gah da ermənilərin əlinə keçib. Biz həmin məntəqəni alırdıq, sonra ermənilərin əlinə keçirdi, sonra təkrar geri qaytarırdıq. Ancaq biz inadla döyüşləri davam etdirmişik.

Ən böyük problem Milli Ordunun olmamağı idi
1991-ci ildə döyüşlər başlayanda ən böyük problemimiz vahid strukturlu ordumuzun olmamağı idi. Azərbaycan müstəqilliyini yenicə elan eləmişdi və sistemli ordu yox idi. Milis sistemi var idi, Hərbi Komissarlıq var idi, ancaq Müdafiə Nazirliyimiz yox idi. Bizdə hər şey yeni yaranırdı. Xarici ölkələrin Azərbaycanda olan maraqları, eyni zamanda, daxildəki qrupların maraqları həm ordunun yaranmasına, həm də döyüşlərə ciddi təsir edirdi. Biz Dağlıq Qarabağ və ətraf rayonları bu çəkişmələrin içərisində itirdik. Biz döyüşlərdə məğlub olmadıq. Biz döyüşə-döyüşə torpaq itirməmişik.
Həm ordunun gec yaranması, həm də Azərbaycanda maraqları olan xarici dövlətlərin məsələdə aktiv iştirak etməsi torpaqların itirilməsinə gətirib çıxardı. Rusiyanın, İranın, Amerikanın maraqları müharibənin ilk mərhələsinə ciddi şəkildə təsir göstərdi. Çox qarışıq dövr idi. Prosesin necə və harada getməsini başa düşmək mümkün deyildi. Ramiz Rövşən dediyi kimi, “Kimin əlinin, kimin cibindən çıxması” bilinmirdi. Tam məsuliyyətlə deyirəm ki, Azərbaycan 1992-1993-cü illərdə torpaqları hərbi güc, hərbi müdaxilə nəticəsində itirməyib. Xarici maraqlar, daxili çəkişmələr bu itkinin əsas səbəblərindən biridir.

520 döyüşçüyə 96 avtomat
Mən hərbi xidmətimi bitirib 1988-ci ilin yanvarında Azərbaycana qayıtdım. Həmin ilin fevralında Qarabağ hadisələri başlandı. Hadisələrin başladığı vaxtdan 1993-cü ilin əvvəllərinə qədər mən hadisələrin içərisində olmuşam. Rəhmətlik polkovnik-leytenant (ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi) Şirin Mirzəyevin Eldar Bağırov tərəfindən Ağdama dəvət edilməsi və könüllü dəstələrin yaranması mənim gözlərimin önündədir. Şirin Mirzəyev, sadəcə, dəvətə görə gəlməmişdi Ağdama, onun özünün də şəxsi təşəbbüsü olmuşdu ordu quruculuğunda iştirak etmək üçün. 1991-ci ilin avqust ayından Şirin Mirzəyev Ağdama gəldi və həmin ilin sentyabr ayından başladı kənd-kənd gəzib könüllülər toplamağa. Heç kəs dana bilməz ki, könüllülər toplamaqla ordu quruculuğunun əsasını Azərbaycanda Şirin Mirzəyev qoyub. Daha sonra Laçında Arif Paşayev bu işi davam etdirdi. Bunlardan sonra Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin ilk rəsmi taboru (“Şıxov batalyonu” da deyirlər ) yaradıldı. Tale elə gətirib ki, o proseslərdə mən də yaxından iştirak eləmişəm. Ağdamın Mərzili, Abdal-Gülablı, Şıxbabalı-Muğanlı, Şelli, Əhmədavar-Çuxur Məhlə, Əlağalı, Cinli, Qalayçılar, Papravənd kəndləri erməni hədəfində olan kəndlər idi. Ermənilərin tez-tez bu kəndlərə basqınları olurdu. Şirin Mirzəyev öz yaxın adamları ilə bu kəndlərə səfər edib, könüllülər toplayırdı. Bu kəndlərin ən mərd, ən dəliqanlı, ən qoçaq oğlanları qoşulurdu könüllü dəstələrə. Əvvəllər könüllülər mülki paltarda gəzirdi. Sentyabrın sonunda bizə hərbi geyim verdilər. Ağdamın Xaçın-Qərvənd kəndində sürücülük məktəbinin bazasında taborumuzun qərargahı yerləşirdi. Bu qərargahda təlimlər keçir, burdan döyüşlərə, kəşfiyyata yollanırdıq.

O vaxt bizim könüllü taboruna yazılmaq üçün xeyli müraciətlər olurdu. Hamı döyüşmək, hadisələrdə yaxından iştirak etmək istəyirdi. Ancaq Şirin Mirzəyev təxminən 500-520 nəfərdən ibarət tabor təşkil eləmişdi. Kəndlərdən yığılan könüllülərdən təşkil edilmiş bölüklərin öz adı var idi. Hər bölük könüllülər toplanmış kəndin adı ilə adlanırdı. Ağdamın Seyidli kəndindən gəlmiş könüllülərin bölüyü “Seyidli rotası”, Xıdırlıdan gəlmiş könüllülərin bölüyü “Xıdırlı rotası” və s. adlanırdı. İlk dəfə bizə hərbi forma, ağdamlı, o zamanlarda Ali Soveti deputatı rəhmətlik Xuraman Abbasovanın maliyyə dəstəyi ilə alınmışdı. Formanı alandan sonra təlimlər başladı. Bizim ilk şəhidimizi Xəlil Rzanın oğlu Təbrizin şəhid olduğu Xanabadın yaxınlığındakı Xoramurt kəndində verdik. Ondan sonra digər döyüşlərə qatıldıq. Ağdərə, Xocavənd döyüşlərində iştirak edirdik. Bizim könüllü batalyonumuz başqa rayonlarda ezamiyyətlərdə olub, o rayonların, o kəndlərin mühafizəsini təşkil edirdi. 520 – dən artıq əsgərin cəmi 96 avtomatı var idi. AK markalı təzə avtomatlar paylanmışdı bizə. Bizim bölükdə cəmi 5 avtomat var idi. Əsas əməliyyatlara silahı olan 5 nəfər gedirdi. Könüllülər əməliyyata getməyəndə küsüb-inciyirdi. Heç kəs avtomatını başqasına verməyi qəbul eləmirdi. Avtomatı olanlar qəbul eləmirdi silahı başqasına verib əməliyyata göndərməyi. Çox nadir hallarda avtomatını başqasına verib, döyüşə getməyən döyüşçü olurdu. Mən avtomatımı heç vaxt heç kəsə vermədim. Mən düşünürdüm ki, əgər bu silahı mənə etibar ediblərsə mən bu silahı qorumalıyam. Oktyabrdan kazarma sisteminə keçmişdik. Təxminən yanvar-fevral aylarında bizə ilk dəfə pul verdilər. Adambaşına 500 rubl pul payladılar. O vaxt Ağdamda Şampan Zavodu İstehsalat Birliyinin direktoru var idi – rəhmətlik Siyavuş Fərzəliyev. Çox sonradan bildim ki, bizə verilən pulu o göndərib.

Xocalı hadisəsinin qisası – Qazançı döyüşü
Çox sonradan bizə silah verildi. Bizə silah paylanandan sonra mən Əsgəran döyüşündə iştirak elədim. Eyni zamanda, Xocalı hadisələrinin canlı şahidiyəm. Xocalı hadisələri ilə bağlı yazım da var. Xocalı hadisəsi ilə bağlı Azərbaycan tərəfindən heç kəsin günahı yoxdur. Nə Ayaz Mütəllibov, nə Elçibəy hakimiyyətinin, nə də bir başqasını bu məsələdə günahkar bilmək doğru deyil. Mən tam məsuliyyətlə deyirəm ki, bu hadisə ermənilər və ruslar tərəfindən hazırlanmış plan idi. Bizim günahımız isə, arvad-uşağı vaxtında çıxarmamaq idi. Ancaq bir məsələ var, öz torpaqlarında yaşamaq, o torpaqlardan çıxmamaq onların haqqı idi. Bəzi kəndlərdə arvad-uşaq çıxmaq istəmirdi. Çıxanlar da bir neçə gündən sonra geri qayıdırdı. Yaşaya bilmirdilər başqa yerdə.
Bu hadisələrdən sonra müharibənin növbəti mərhələsi başladı. Yavaş-yavaş ordu formalaşır, ermənilərə qarşı ciddi müqavimət göstərilirdi. 1992-ci il martın 4-də Ağdərənin Qazançı kəndində bizim çox ciddi döyüşümüz oldu. İlk dəfə ən çox şəhidi o döyüşdə verdik. 7 döyüş yoldaşımız o döyüşdə şəhid oldu. Təxminən 12 nəfər də bu döyüşdə yaralandı. Azərbaycanın Milli Qəhrəmanı Əlabbas İsgəndərov o döyüşdə şəhid oldu, o qollarımın üstündə can verdi. Döyüşənlər hamısı başqa-başqa sahələrdə çalışan adamlar idi. Maraqlı söhbətlərimiz, maraqlı planlarımız olurdu döyüşlərdən əvvəl. Bir dəfə gecə tabora bir xanım zəng edib məni soruşmuşdu. Həmin xanımla birbaşa Şirin Mirzəyev özü danışmışdı və mənim sağ-salamat olduğumu bildirmişdi. Həmin xanım israrla mənim harada olduğumu öyrənməyə çalışmış, mən o vaxt kəşfiyyatda olduğum üçün Şirin Mirzəyev mənim sadəcə, sağ-salamat olduğumu bildirib, başqa məlumat verməmişdi. Üç-dörd gün sonra mən kəşfiyyatdan geri qayıtdım və Şirin Mirzəyev gülə-gülə əlini mənim çiynimə vurub dedi ki, “Allah qoysa sənin toyunu Göyçə gölünün sahilində, Göyçə gölünün balığı ilə edəcəyəm”. Bizim məqsədimiz, torpaqlarımızı işğaldan azad etmək, bütün qaçqın-köçkünlərin geri qaytarılmasını təmin etmək idi. Biz bu ideya ilə orduya qoşulmuşduq. Biz ermənin arxasında rusun olmasını bilmirdik.
…1992-ci il martın 3-ü çərşənbə axşamı idi və martın 4-ü Qazançı döyüşü oldu. Çərşənbə günündə bayram tonqalı qaladıq, səhərisi döyüşə girdik. O döyüşdə xeyli dəyərli dostlarımızı itirdik. Xüsusilə Maarif adlı döyüşçü dostumuzun itkisini xatırlayıram. Ağdamın Qiyaslı kəndindən idi Maarif və taborda xidmət edən bir qızla bir-birini sevirdilər. O qızın adını indi çəkmək istəmirəm. Ancaq Maariflə bir-birini çox sevirdilər. Həmin gün əməliyyata biz gedəndə o qız başdan-ayağa qara geyinmişdi. Müğənni Nəzakət Teymurovanın bacısı Aida bizim taborda rabitədə işləyirdi. O da, digər qızlar da Maarifin sevgilisinə irad tutdular ki, “sən niyə qara geyinmisən, axı uşaqlar döyüşə gedir”.
Rəhmətlik Maarif hamıya “dayıoğlu”, “dayıqızı” deyə müraciət edirdi. Qızların sevgilisinə irad tutmasını gülməyə saldı. Qıza dedi ki, “Narahat olma dayıqızı, döyüşə gedim gəlim Novruz bayramında səni bu qızların tənəsindən qurtaracağam”. Maarifin Novruzda nişanı olmalı idi…
Qazançı döyüşündə Maarif həlak oldu. Sevgilisi döyüşdən qayıdan hamının üstünə qaçıb Maarifi soruşurdu. Şəhidlərin hamısının üzü örtülü olsa da o Maarifin cənazəsini uzaqdan tanıdı. Biz istəmirdik ki, qız Maarifin cənazəsini görsün. Ancaq mümkün olmadı, o əlimizdə çıxıb Maarifin cənazəsini qucaqladı. 8-9 nəfər birləşib onu saxlaya bilmirdik. Maarif cəmi bir güllə yarası almışdı – ürəyindən.
Maarifin şəhid olması, cənazəsinin gətirilməsi, sevgilinin reaksiyası çox dəhşətli idi. Gərək Dostoyevski olasan bu səhnəni təsvir eləmək üçün. Çox dəhşətli idi, çox…
Qazançı döyüşünə xüsusi hazırlaşmışdıq. Xocalı şəhidlərinin yeddisi gününə bu əməliyyatı planlamışdıq. Bu döyüş Xocalının qisasının alınması idi. Bu döyüşdə 30-dan artıq erməni ələ keçirdik, çoxlu itki verdi ermənilər. Həmin döyüşdə Qazançını azad edib o kənddə öz postlarımızı qurduq. Sonradan daha ağır və şiddətli döyüşlərimiz başladı.

Ordunun arxasında dövlət olmalıdır
Ordu formalaşmağa başlayandan sonra biz yay hücumlarına başladıq. Artıq 1992-ci ildə Elçibəy hakimiyyətə gəlmişdi, müxtəlif hərbi birləşmələr, ordunun təyyarəsi, helikopterləri, zirehli texnikası var idi. Ağır hərbi əməliyyatlar gedirdi və biz də bu hərbi əməliyyatlarda aktiv iştirak edirdik. Böyük xoşbəxtlikdir ki, mən ordu quruculuğunun əvvəlindən bu proseslərin içərisində oldum və ordu formalaşmağa başladığı ilk günlərdən döyüşlərdə iştirak elədim.
Biz sevərək, arzulayaraq iştirak edirdik bu proseslərdə. Heç bir çətinlik biz yolumuzdan döndərə bilmirdi. Məsələn, 2-3 ay biz ancaq “Kilki” konservləri ilə qidalanmışıq. Düzdür, Ağdamın imkanlı adamları bizə tez-tez ərzaq yardımı edirdi, ancaq orduya, döyüşçüyə dövlət səviyyəsində ərzaq verilməsə, şəxsi təşəbbüslə bunu ödəmək çox çətindir. Ordunun arxasında dövlətin olması çox vacib məsələdir.

Busolsuz” minamyotla vurulan hədəflər
Ağdərə döyüşləri başlayanda, mən bu döyüşlərdə də aktiv iştirakçı oldum. Sırxavənd-Çıldıran istiqamətində gedən döyüşlərdə iştirak eləmişəm. Bizim, yəni Şirin Mirzəyevin taboru çox nizam-intizamlı, döyüşkən idi. Məsələn, bizdə minaatan batareyası vardı. Komandiri Hidayət İbrahimov idi. Əfqanıstanda döyüşmüş, əsl hərbçi idi. Dəli-dolu, ləyaqətli bir insandı, Allah rəhmət eləsin, şəhid oldu! Onun batareyasındakı əsgərlər çox az təlim keçsələr də minaatanı ustalıqla idarə edirdilər. Minaatanlar da kustar üsulla Bakıda hazırlanmış olsa da, Hidayət 3 mərmiyə hədəfi vururdu.
Abdal-Gülablı istiqamətində gedən döyüşlərin birində maraqlı hadisə baş verdi. Bir rus polkovniki ilə Hidayətin mərcləşməyini xatırlayıram. Rus komandir olan (Bakıdan gəlmişdi onlar) minaatan batareyasında mərmi çox olsa da, Hidayətə mərmi vermirdilər. Rusların minaatanlarının “bussolları” (nişangah, nizamlayıcı) vardı, amma Hidayətin batareyasındakılar “busolsuz” idi və Hidayət hədəfi dəqiq vura bilirdi.
Çətin bir hədəfi komandirləri milliyyətcə rus olan minaatanlar 10-15 mərmiyə vura bilməyəndə, Hidayət rus polkovnikə dedi ki, 5 yeşik mərmidən mərcləşək, mən hədəfi 3 mərmiyə vurum. Polkovnik inanmadı. Dedi ki, səhərdən çalışırıq, ancaq vura bilmirik, hədəf çətindir. Razılaşdılar.
Hidayət “bussolsuz” minaatanla 2 mərmiyə hədəfi vurub mərci qazandı.

Güllə “yağışı altında” tankı təmir edirdik
Bu adamların içində çoşqu, döyüşməyə həvəs var idi. Bütün bölüklərdəki əsgərlər eyni dərəcədə ürəkli, cəsarətli və istedadlı idi. Orduda ən arxada təmir bölüyü gəlir. Ancaq onlar da cəsarətli və qorxmaz, işini bacaran idi. Sırxavənd uğrunda gedən döyüşlərdə bir tankımız minaya düşmüşdü. Eyni zamanda, tank güllə yağışı altında idi. Yaxınlaşmaq, təmir eləmək çox çətin məsələ idi. Bizim təmir bölüyünün uşaqları güllə altında tankın tırtıllarını təmir eləməklə yanaşı, “katok”unu da dəyişdilər. Halbuki adi vaxtlarda “katok”u dəyişmək üçün mütləq “kran” tələb olunur. Sevgi, əzmkarlıq o qədər böyük idi ki, ən çətin işləri də bacarırdıq.
Təsəvvür edin, güllə yağışı altında, bir saata tankın “katok”u, tırtılı təmir olundu və tank döyüşə buraxıldı. Bu fədakarlıq, bu sevgi heç bir müharibədə görünməyib. Biz hərbi əməliyyatlarda saysız-hesabsız nailiyyətlər qazanırdıq.

Erməni qızın kəsilmiş barmağı
Biz cəsarətlə döyüşüb xeyli məntəqələri azad eləmişdik. Biz döyüşürdük, ermənilər isə sözün əsil mənasında quldurluq edirdilər.
Rəhmətlik Şirin Mirzəyev hər döyüşdən əvvəl bizi təlimatlandırırdı ki, uşaqları, qocaları, qadınları öldürməyək, günahsız insanları vurmayaq. Mən kəşfiyyatçı kimi bütün əməliyyatların planlaşdırılmasında iştirak edirdim. Rəhmətlik Fred Asif də həmişə belə edirdi.

Ancaq ermənilər əsil quldur idi. Onlar müharibə qaydaları ilə döyüşmürdülər. Tam əksinə, onlar qocaları, uşaqları, qadınları və günahsız insanları həmişə hədəfə alırdılar. Qazançı döyüşündə bizim Barat adlı döyüş yoldaşımızı qadının arxasında gizlənən erməni vurdu. Amma Şirin Mirzəyevin göstərişinə əməl edən Barat qadına güllə atmamışdı. Ondan sonra biz daha ehtiyatlı olmağa və eyni zamanda qəfil üzərimizə gələn hədəfi vurmağa başladıq. Çünki başqa yolumuz qalmamışdı. Ermənilər qadınların arxasından bizə atəş açdığı üçün biz də müdafiə olunmalı idik. Qazançı kəndinə doğru gedəndə qəribə bir hadisə baş verdi. Evlərin birinin yanından keçəndə qapı qəfildən açıldı və içəridən kimsə çıxdı.
Hamımız eyni anda atəş açdıq. Atəş açandan sonra gördük ki, içəridən çıxan 14-15 yaşlı bir qız imiş. Biz atəş açmağa məcbur idik. Baratı vurmuşdular, küçə döyüşləri gedirdi və hər bir evdən silahlı erməni çıxa bilərdi. Yaxınlaşıb baxdım ki, həmin qızın nişan barmağında üzük var. Biz geri qayıdanda baxdım ki, qızın həmin barmağını kəsib, üzüyü çıxarıblar. Bəlkə də, erməni əsgərlərindən biri kəsmişdi o qızın barmağını…Bilmirəm…

Türki yeqala…”
Bu cür döyüşkən qüvvələr tək Ağdamda deyildi. Şuşada Ramiz Qənbərovun, Qubadlıda Pəhləvan Əlyarın, Tərtərdə Vəzir Orucovun, Laçında Arif Paşayevin ətrafında bizdə olduğu kimi cəsarətli və vətənini sevən döyüşçülər var idi.
Biz əməliyyatlara da ürəklə, cəsarətlə gedirdik. Qaraşlar, Bəşirlər, Sırxavənd, Kiçan (Ballı qaya), Qaznaçı kəndləri, “Ulbabın meşəsi”, “Dıqqının yalı”, “Kilsə” adlı yüksəkliklərin azad olunmasında təxminən 150 döyüşçü iştirak eləmişdi. Bu döyüşlər mənim gözümün qabağındadır. Texnikalarımız çox az idi. Piyadaların necə cəsarətlə meşənin içiylə, açıq yolla hücuma keçməsi hələ də gözümün qabağındadır. Şirin Mirzəyevin hücum əmrini verməsini hələ də xatırlayıram.

Biz Ağdərə əməliyyatında kəşfiyyatçı kimi öndə gedir, artilleriya üçün ermənilərin əlində olan məntəqələrin yerini aşkarlayıb məlumat verirdik. Biz sol cinahda öndə gedirdik. Qrupumuzun adı “Palıd 18” idi. Rəhmətlik Yavərin özü və onun rəhbərlik etdiyi “Şturmavoy rota”sının və kəşfiyyatın uşaqları daxil idi “Palıd 18” qrupuna. Biz psixoloji cəhətdən döyüşü udmuşduq və qələbəyə tam olaraq köklənmişdik. Ermənilərin bütün qüvvələri haqqında ətraflı məlumatımız var idi. Şirin Mrzəyev məlumatları bir neçə dəfə yoxlatdırmışdı.
Kəşfiyyatçılar çox dəqiq işləmişdilər. “Qız qəbri” adlı “postu” (məntəqəni) ələ keçirəndə gördük ki, bizim kəşfiyyat məntəqələr haqqında o qədər dəqiq məlumat verib ki, artilleriyamız hədəfi dəqiq vurmuşdu. Səngərdə dörd-beş erməni ölmüş, bir neçəsi də yaralanmışdı. Biz səngərə girəndə gördüm ki, erməni rabitəçisinin ratsiyasından hələ də səs gəlir. Ratsiyanı götürüb erməniyə dedim: “Ara, Türki yeqala”, sənin…” (Erməni dilində bildiyim bu idi, yəni “Erməni türklər gəldi!”) söydüm!

18 yaşlı qəhrəmanlar
…Şirin Mirzəyev ilk dəfə 18 yaşlı çağırışçılardan ibarət bölük yaratdı. Ağdərə əməliyyatları gedirdi. Hərbi məktəbin müəllimi Mustafa Əliyev gənclərə təlim keçirdi. Çox bacarıqlı topoqraf idi. O vaxt bizim savadlı kadrlarımız az idi. Mustafa müəllim Şirin Mirzəyevin göstərişi ilə 18 yaşlı çağırışçılara (Sonradan onlar ermənilərə qarşı aparılan döyüşlərdə arxa mövqelərdə yerləşdirilirdi) 15-20 gün “karantin” keçib döyüşə hazırlayırdı. Döyüşlərin birində biz ermənilərin içərisinə doğru xeyli irəliləmişdik. Ermənilər bundan istifadə edib, bizim arxamıza keçmək istəyirdi. Bu döyüşdə başqa rayondan ezamiyyətə gəlmiş polislər ermənilərin arxadan gələrək öndə olan əsgərlərimizi mühasirəyə salmalarının qarşısını almalı idilər. Polislər üçün elə mövqe seçilmişdir ki, onlar sadəcə, yerlərində olub atəş açsaydılar ermənilər irəli gedə bilməzdilər. Amma ermənilər arxadan hücuma keçən kimi, biz gözləmədiyimiz halda polislər mövqelərini tərk etdilər. Mən bunu bütün polislərin adına şamil olunmasını heç istəməzdim, çünki Qarabağ döyüşlərində Azərbaycan polisi çox böyük qəhrəmanlıqlar göstərib, onlar cəsarətlə döyüşüblər, xeyli şəhid veriblər….
Polislərdən sonra isə, Xaçın çayının sağ sahilindəki mövqeyimizi “Hidayətin bilindajı” adlanan postda 18 yaşlı 15-16 əsgər qoruyurdu. Təsəvvür edin ki, polislərin tərk etdiyi mövqeyə keçərək döyüşə atılan 18 yaşlı gənclərimiz ermənilərə divan tutmuşdular. Çayın kənarı erməni cəsədləri ilə dolmuşdu. Sonra ermənilər müxtəlif istiqamətdən hücuma keçdilər. Bu döyüşdə xeyli itki verirdik… Geri çəkilmək əmri verildi. Biz əvvəlki mövqeyimizə tərəf geri çəkildik. Bu döyüşdə bizim böyük itkimiz oldu. Taxıl zəmisində açıqda qalan döyüşçülərimizi itirdik. Ermənilər burdan bizim taborun arxasına keçməyi bacardı. Çox qızğın döyüş gedirdi. Bizim əsgərlər çox fədakarlıqla döyüşürdü. Ağdamın Qiyaslı kəndindən tankçı Səyyaf var idi, Allah ona rəhmət eləsin! Həmin döyüşdə Kiçan kəndinin içində gedən döyüşdə tankın mərmisi qurtarandan sonra Səyyaf tankdan çıxıb avtomatla döyüşmüşdü. İstəsə geri qayıda bilərdi. Amma qalıb döyüşdü, şəhid oldu… Natiq Camalov da eləcə sona qədər döyüşüb sonda özünün partladıb… Bizim döyüş yoldaşlarımızın hər birisinin həyatı böyük bir əsərdir, qələmə alınmalıdır, gələcək nəsillərə ötürülməlidir…

Şirin Mirzəyev şəhid oldu
Bu döyüşlərin getdiyi ərəfədə Şirin Mirzəyev bizə-kəşfiyyatçılara istehkamçılarla birgə Qazançı yolunu minadan təmizləməyi tapşırdı. Biz yolu nəzarətdə saxlamalı, minaaxtaranlar yolu minalardan təmizləməli idi. Eyni zamanda yaralılarımızı da bu yolla çıxarmalı idik meşədən… Biz oradan çıxdıq…
İyulun 18-i idi, Şirin Mirzəyev bizə yenidən Sırxavənd-Kiçan istiqamətində kəşfiyyata getməyi tapşırdı. Məqsəd sübh tezdən olacaq yeni hücum üçün əlavə məlumat toplayıb ona ötürməyimiz idi. Eyni zamanda, gündüz baş verən döyüşdən sağ qalan yarlıları tapıb çıxarmağı da biz tapşırmışdı. Biz keçdik ermənilərin mövqelərinə tərəf. Gecə saatlarında meşədə xeyli axtarış aparsaq da yaralı tapa bilmədik…Biz ratsiya ilə qərargahla əlaqəyə çıxdıq. Şirin Mirzəyevin şifrəsi 301 idi. Orduda ilk dəfə şifrəli danışmağı Şirin Mirzəyev tətbiq eləmişdi. Rabitəçi qız bizə təcili geri qayıtmalı olduğumuzu şifrəylə dedi. Əməliyyat başa çatmadığı üçün mən qızdan soruşdum ki, 301 bunu bilirmi? Qız ağlaya-ağlaya dedi ki, bu elə 301-in əmridir, geri qayıdın. Qaralar kəndinə, “Hidayətin blindajı” deyilən yerə qayıtdıq. Geri qayıdanda yolun kənarında döyüş yoldaşım Baxşeyişi gördüm (İndi “Ağdam” qəzetinin baş redaktorudur). Baxşeyişin əlində rəhmətlik Yavərin əyilmiş avtomatını görüb soruşdum ki, Yavərə nə olub?
O isə qayıtdı ki, Yavər də, Şirin Mirzəyev də həlak oldular! Şirin Mirzəyevin, Yavərin olduğu maşın minaya düşüb, onlarla birlikdə digər əsgərlərimiz, tankçıların komandiri də həlak olmuşdu…Şirin Mirzəyevin ölümündən sonra ermənilər hücuma başladı və çox ciddi döyüşlər oldu. Ermənilərin Aliağalıya girməməyi üçün ölüm-dirim döyüşünə başladıq…

Yaxşı ki, araq içməmişdim
…1992-ci il avqustun 8-i gündüz döyüş yoldaşlarımız Məzi kəndin içində maşınla qaz vurmuşdu. Sonra həmin qazı digər döyüşçü dostumuz Umudvarın xanımı (Umudvargil hərbi hissənin lap yanında yaşayırdılar) yaxşı bir çığırtma bişirmişdi. Mən qaz ətin xoşlamıram və o zaman ümumiyyətlə içki nadir hallarda içərdim. O gün xüsusi olaraq içməkdən imtina elədim. Dedim ki, birdən başıma iş gələr, deyərlər ki, içkili olub. Xeyli oturub dərdləşdik. O gün çox qəmli söhbətlər elədik.
Mən dedim ki, şəhid olsam, onsuz da məni Şəhidlər Xiyabanına kimdir aparan! Amma ürəyimdə Şəhidlər Xiyabanında dəfn olunmağımı istəyirdim… Dedim, kəndimizdə hündür bir təpə var, məni orda dəfn edərsiniz. Bu cür söhbətlər elədiyimiz vaxt qərargaha çağırdılar məni. Uşaqlara dedim ki, yaxşı ki içki içmədim. Komandir Elçibəyin tələbəsi Allahverdi Qəmbərov idi. Çox millətçi və ləyaqətli bir insan idi. Fərrux dağı deyilən yüksəklik var idi. Yəqin Qarabağ döyüşləri zamanı çoxları eşidib. Biz dəfələrlə o yüksəkliyi alırdıq, amma ermənilər başqa dağa çəkilib əlavə qüvvələri ilə bizi oradan geri oturdurdular. Əməliyyat çox məxfi idi. Biz düşmənin ehtiyat qüvvəsini yoldaca məhv etmək üçün ərazini öyrənməliydik… Ağdamın Cinli kəndindən Xalid, zərdablı balası Azad və mən gecəyarı kəşfiyyata yollandıq. Gecə təxminən saat 2-3 olardı Xaçın çayını keçib, tapşırılan yerə çatdıq. Üç yoldaş – Azad, Xalid və mən meşənin içərisi ilə irəliləyib müşahidə aparırdıq. Ermənilərin əlində olan Yenicə kəndindən gəlirdi. Uzaqdan Xocalı görünürdü… Ermənilərin bir neçə postunu keçib, erməni nəzarəti altında olan əraziyə girmişdik. Qabaqda Xalid, ortada mən, arxada Azad gedirdik. Uzun boğazlı corab geyinmişəm ki, kol-kos, ağac ayağıma ilişib mane olmasın. Yüngül idman ayaqqabısı ilə, sakit və rahat bir şəkildə irəliləyirdik. Özümü çox rahat hiss edirdim və çox diqqətlə yeriyirdim. İstədik Xocalını da müşahidə edək… Asta-asta yeriyirdik…Bir anın içində ayağımın altında ağac qırıldı və partlayış səsi eşitdim… Bir də gözümə ayaq göründü. Bir anda düşündüm ki, ayağımı itirdim…
Gözümü açanda hiss elədim ki, ağaca çırpılmışam. Barıt və his gözümü təmiz bağlamışdı, kirpiklərim açılmırdı. Gözümü bir təhər açanda gördüm ki, iki ağacın arasındayam, aşağıda uçurum görünür.

Seyid Lazım ağanın şəkli
Cibimdə Seyid Lazım ağanın şəkli vardı. Onu sol tərəfdəki cibimə qoymuşdum. Həmin cibimizə eyni zamanda qumbara var idi ki, kəşfiyyat vaxtı ermənilərin əlinə sağ keçməyim, partladım. Bir də gülləbatmaz duası var idi. Batalyonda hər üçün qızlar bir klyonkaya qoyub cibimə tikmişdilər…Kənarda bir daşın üstündə Seyid Lazım ağanın şəklini gördüm. Çox böyük görünürdü. Gözümü silib bir də baxdım, gördüm həqiqi ölçüsündədir. Xalidi, Azadı köməyə çağırdım. Ancaq onlarda səs gəlmədi… Hər ikisi ağır yaralanmışdı. Birtəhər ağacdan aralandım, onlara tərəf getmək üçün ayağa qalxdım. Ancaq ayaqlarım sözümə baxmadı. Ayaqlarımın yerində olmasına sevinsəm də, ayağa qalxa bilmirdim. Balaca ağaclardan tutub ayağa qalxdım, ancaq ayaqlarım məni saxlamadı, yıxıldım. Qıçlarımı hiss eləmirdim. Baxdım ki, yavaş-yavaş ayaqlarım islandı. Qan axmağa başlayanda, ayaq sümüklərim sızıldamağa başlayanda başa düşdüm ki, yaralanmışam. Bir də ayağa durmaq istədim, yenə alınmadı… Ağladım…

Ermənilərin əlinə düşsəm, intihar edəcəkdim
Vəziyyət ağır idi. Çünki iki-üç post keçib ermənilərin içinə gəlib çıxmışdıq. Geri qayıtmaq çətin olacaqdı. Azadla Xalidə dedim məni qoyun qalım burda, ermənilər artıq partlayış səsini eşidib, harda olsa indilərdə gələcəklər. Dedim avtomatın birin götürün qalan sursatı burda qoyub siz gedin, mən qalım. Ancaq uşaqlar razılaşmadı.
Xalid dedi ki, səni burda qoymayacam. And verdim, söyüş söydüm. Razılaşmadılar. Azad da ağladı… Dedi səni burda qoymayacağıq! Xalid Mənim ayaqlarımdan yapışıb, üzü aşağı sürüməyə başladı. Başa düşdüm ki, məni aparacaqlar. Xalid məni sürüdüyü vaxt qəfildən gördüm ki, ikinci mina var. Əgər bu da partlasa hər üçümüz tikə-tikə ola bilərdik.

Çətinliklə xilas olduq
Gördük bu yolla davam eləmək mümkün deyil. Qərara gəldik ki, çaya tullanaq. Ancaq birbaşa yox, qucaqlaşıb böyrütikan kollarının arasıyla aşağı yumbalandıq. İlk cəhddə aşağı düşə bilmədik. Birtəhər, iki-üç cəddən sonra çaya düşdük və Xalid yenidən mənim ayaqlarımı qoltuğuna aldı və başladı məni sürüməyə. Tez-tez huşum başımdan çıxırdı. Beləcə gəldik çıxdıq Yenicənin taxıllığına. Taxıl zəmisindən sonra Xaçın çayı var idi. Çayın o üzündən bizim mövqelərimiz, arxada isə ermənilərin mövqeləri idi. Ermənilər bizi axtarır, atəş açırdılar, bizimkilər də onlara cavab verdilər. Qalmışdıq arada. Hər iki tərəf bizə tərəf güllə atırdı.
Xalid dedi ki, mən yaxınlaşım bizimkilərə, başa salım vəziyyəti. Taxıl zəmisinin içində kiçik bir arxın içində uzanmışdıq. Yenə huşum tez-tez gedib gəlirdi. Elə adamlar gözümün qarşısına gəlirdi ki, onları uzun illər qabaq görmüşdüm, amma elə bir əlaqəm yox idi…Amma hər şey kino lenti kimi gözümün qabağından gəlib-gedirdi. Atam, anam, bacı qardaşlarım, sevdiyim qızlar, dostlar və sairə…
Döyüş yoldaşım Mübariz vardı. Kəşfiyyata getdiyimiz o bilirdi. Huşum gedəndə “Mübariz heyyy!” deyib çığırdım. Həmin vaxt Mübariz rotada yatırmış. Ayılıb yanındakılara deyib ki, “Reygilin başında iş var, Rey yuxuda məni çağırdı.”
Mən istiqaməti təmiz itirmişdim. Hansı tərəfdə bizimkilərin, hansı tərəfdən ermənilərin gələcəyini ayırd edə bilmirdim. Azada dedim ki, ermənilər olsa özümü güllələyəcəm. Avtomatı boğazıma söykəyib gözləyirdim. Əgər taxıl aralananda tanımadığım bir adam görsəydim özümü güllələyə bilərdim. Ancaq döyüş yoldaşlarım Bəxşeyişi, Nadiri və digərlərini görüb xeyli rahatlaşdım.

6 nömrəli palata
Sonra məni Ağdama gətirdilər. Yaralılara qulluq elə səviyyədə idi ki, indi də xatırlayanda həyəcanlanıram. Hospitalda rejim çətin olsa da, tibb bacıları, həkimlər çox sevgi və diqqətlə qulluq edirdi.
Xalidin dabanından qəlpəni çıxaranda mən çığırırdım. Çünki bizi elə uzandırmışdılar ki, Xalidin dabanı düz burnumun qabağına düşürdü. O səhnəni görəndə ağrını hiss eləyirdim. Ağrıkəsici vurub əməliyyat eləyirdilər. Mən gözümlə görürdüm bədənimdən necə kəsirlər ətimi. Qıçlarımın ikisi də parçalanmışdı. Ən çox yadımda qalan sevdiyim qızın hospitala yanıma gəlməsi oldu…
Sonra bizi vertolyotla Bakıya gətirdilər. Vertolyotda üç-dörd tibb bacısı vardı. Özümdən asılı olmayaraq ağrıdan qəfildən inildədim. Tibb bacıları hərəsi bir tərəfdən özünü çatdırdı. Elə doğmalıqla “can” deyirdilər ki… o mənzərəni görmək lazımdı, yaralı ayaqlarımdan, əlimdən, üzümdən öpürdülər. O ruh başqa bir ruh idi. Sonra məni Travmatologiya xəstəxanasına gətirdilər. Həyatımın ən ağrılı, maraqlı vaxtları orda keçib. Əvvəl 10 nömrəli palataya gətirdilər, sonra 6 nömrəli palataya köçürdülər. Sonrada bizim palata ictimai palataya çevrildi. Bütün xəstəxana ilə bağlı, yaralıların vəziyyəti ilə bağlı bütün problemləri, çatışmazlıqları müzakirə edib qərar verirdik.

Hospitalda ümumi mənzərə çox ağır idi. Az yemək yeyirdik ki, tualetə az gedək. Çox çətin idi…
Yaralarımıza tampon qoyurdular. Bir gün yalvardım ki, daha tampon qoymayın. Həmin gün yarama qurd düşdü. Uzun müddət yaramın içərisindən parça, torpaq çıxırdı. İrinləmiş yaradan pis qoxu gəlirdi. Sarğı vaxtı səsimiz çıxmasın deyə (Elə bağırırdım ki!) ağzımıza qoz, fındıq qoyurduq. Sarğı qurtarana qədər fındığı, qozu xıncım-xıncım edib qan qarışıq tüpürürdüm. Çox dəhşətli ağrılar olurdu. Mən dözə bilmirdim…
Kulis.az

2 ŞƏRH

  1. Azerbaycanin coreyi ve Ananin sudu halal olsun. Bu yazını oxuyub hem sevimdim, hem kövreldim. Sevindim ona gore ki, sizin kimi yerlim var, kederlendim ona gore ki, nece-nece igid oqullarimiz wehid oldular. Bir soz deye bilerem duwmene olum. Men inaniram ki, seferberlik olarsa yene de, Zerdab igidleri, hemcinin men de doyuwlere qatilacayıq inwallah.

Comments are closed.