Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının qərargahında Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli yığıncaq keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri, Rayon İcra hakimiyyəti Başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması söbəsinin müdiri Pərvin Mahmudova 8 mart qadınlar bayramı münasibətilə iştirakçıları və onların şəxsində rayonun bütün qadınlarını təbrik edib. Bildirib ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan zərdablı qadınlar da bu gün iqtisadiyyatımızın gücləndirilməsində, təhsil, səhiyyə, mədəniyyət sahibkarlıq, aqrar və digər sahələrdə əzmlə çalışırlar. Son illər idarə və müəssisələrdə, fermer təsərrüfatlarında, sahibkarlıq sahəsində çalışan qadınlarımızın sayı artmaqda davam edir. Sevindirici haldır ki, “Əməkdar müəllim” adına layiq görülən, “Tərəqqi medalı”, “İlin ən yaxşı müəllimi”, “Təhsil əlaçısı” döş nişanı ilə təltif olunan, idman və incəsənət sahəsində fərqlənən qadınlarımızın sırası ilbəil genişlənir.
Bayram toplantısında qadınların nümayəndələri YAP Zərdab rayon təşkilatı idarə heyətinin üzvü, Zərdab şəhər 1 saylı məktəb-liseyin ibtidai sinif müəllimi, “Əməkdar” müəllimə Sara Soltanova, Zərdab rayon H.B.Zərdabi adına muzeyin direktoru Vəfa Bayramova, Körpükənd kənd tam orta məktəbin müəllimi Kəmalə Əliyeva çıxış edərək onlara göstərilən diqqət və qayğıdan minnətdarlıqla söz açıblar.
Daha Sonra Zərdab Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rəhman Feyzullayev çıxış edərək, qadınları 8 Mart Beynəlxalq Qadınlar Gününün münasibəti ilə təbrik edib. Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri və rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına hədiyyələr təqdim olunub.