Prezidentdən həddini aşan icra başçılarına “Qiyamət günü”

0
50

Rəhbər olduqları rayonlarda özlərini sözün tam mənasında “kiçik padşah” kimi hiss edən bir çox icra hakimiyyəti başçılarının sonu gətirilir.

Azərbaycan vətəndaşlarının şikayətçi olduqları dövlət məmurları arasında bir çox rayonların icra başçıları xüsusi yer tuturlar.

Funksiyalarını bilməyən, vəzifə səlahiyyətlərinin hüdudlarını itirən, başçı olduqları rayonların inkişafı, orada yaşayan əhalinin rifahı üçün əlini ağdan-qaraya vurmayan icra başçıları doğrudan da, problemdirlər.

Fəaliyyətsizlikləri bir yana, müəyyən davranışları ilə ikrah doğuran, bir anda sosial şəbəkələrin “ulduz”larına çevrilən bu tip icra başçıları az deyil.

Dövlət başçısının dəfələrlə etdiyi çağırışlara məhəl qoymayaraq, nə işində, nə də hərəkətlərində dönüş yaratmayan o tip başçılar prezidentin yanvarın 26-da keçirilmiş konfransdakı açıq mesaj olan çıxışından da nəticə çıxarmadılar:

“Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq.

Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var.

Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər”.

Bu çağırışın ciddiliyini anlamayan üç rayonun icra başçısı  –  Mahmud Quliyev (Cəbrayıl),  Tahir Kərimov (Salyan) və  Akif Səlimov (Laçın) dövlət başçısının martın 2-3-də imzaladığı sərəncamlarla işdən azad olunublar.

M.Quliyev və T.Kərimov lətifəyə dönmüş hərəkətləri ilə təkcə rəhbərlik etdikləri Cəbrayıl və Salyanda deyil, bütün ölkədə məşhurlaşıblar.

Məsələn, T.Kərimov ötən Gül bayramlarından birində məktəblilərin gül dəstələri tutduqları əllərini yuxarı qaldırdıqları “fəxri keçid”dən “Sezarsayağı” keçməklə mətbuata uzunmüddətli mövzu vermişdi.

M.Quliyev isə ona iş üçün müraciət etmiş Cəbrayıl sakininin probleminə diqqətlə yanaşmaq əvəzinə, həmin vətəndaşı “rədd ol”, “köpəyoğlu” kimi ifadələrlə təhqir edərək diqqət mərkəzinə düşmüşdü.

Budur, dövlətin və hakimiyyətin özünün imicinə zərbə vuran bu tip icra başçılarının təmizlənməsi prosesinin başladığını görürük.

Prezident Administrasiyası rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin ötən gün verdiyi açıqlamadan da aydın olur ki, özünü doğrultmayan icra başçıları üçün “qiyamət günü” yetişib.

Z.Nağdəliyev adları çəkilən rayon icra hakimiyyəti başçılarının vəzifədən azad edilmələrini onların amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdirmələri, nəticədə rayonun problemlərindən uzaq düşərək, sakinlərin haqlı tələblərinə məhəl qoymamaları və əhali arasında nüfuzdan düşmələri ilə əlaqələndirib.

O, əlavə edib ki, adları qeyd olunan sabiq icra hakimiyyəti başçıları prezident İlham Əliyevin etimadını doğrulda bilməyiblər, daha dəqiq desək, etibarını itiriblər.

Z.Nağdəliyevin bu açıqlaması rayon icra başçıları ilə bağlı başlanmış prosesin davamlı olacağını göstərir.

Maraq doğuran sual isə budur: Sırada kimlər var?

A.Zeynalov