Bu da sizə bir başqa xeyir qapısı açacaq

0
73

Son zamanlar məzar ziyarəti haqqında bir-birindən fərqli fikirlər söylənilir. Bəzi düşüncə tərəfdarları bu məsələyə çox sərt minasibət göstərir, hətta bu işi Allaha şərik qoşmaqla eyni cərgəyə qoyurlar. Bəlkə kimlərsə düşünür ki, bu məsələyə əhəmiyyət verməyə dəyməz, amma gedişat göstərir ki, dəyər, hətta əlaqədar orqanlar, daha doğrusu, dini qurumlar bu məsələ haqqında ciddi açıqlamalar verməlidirlər. Çünki biz ölmüşləri ziyarət edən toplumun fərdləriyik. Xoş günümüzdə, ağrılı anlarımızda qəbiristana gedir, məzarlara baş çəkirik. Xüsusilə də əlamətdar günlərdə, Ramazan və Qurban bayramlarında qəbir ziyarətinə gedirik. Bu ziyarət dinimizdə təqdir edilir, yəni xoş əməl sayılır, amma gərək xətaya yol verməyəsən, yəni ziyarətinə getdiyindən, məzardakı ölüdən mədəd ummayasan, Allahdan ona mərhəmət diləyəsən. Biz də bu mövzuda oxuyub-bildiklərimizi dəyərli oxucularımızla bölüşmək istəyirik.

Peyğəmbərimiz (ona Allahın salamı olsun!) məzardakılara salam verib və belə səslənib ki, bu gün siz buradasınız və zamanı gələndə bizlər də sizə qovuşacağıq. Demək, məzardakı ölüyə salam vermək var. Məzardakı üçün dua etmək, Allaha yalvararaq ona və ya onlara mərhəmət diləmək çox mühüm məsələdir. Peyğəmbərimiz buyurur ki, məzardakının halı dənizdə boğılanın halına bənzəyir, dənizdə boğulan öz xilaskarını necə gözləyirsə, məzardakı da öz doğmalarından gələcək duanı ondan daha böyük həsrətlə, daha böyük intizarla gözləyir.

Dəyərli oxucular! Dua eləmək üçün harasa getməyə lüzum yoxdur. Dua – qulun Allaha yalvarmasıdır, Ondan dilək diləməsidir. İşdə, oturduğunuz yerdə, avtobusda yol gedərkən içinizdən gələn səmimiyyətlə yalvarın: “Allahım, Sənə yalvarıram, bildiyim, bilmədiyim O Gözəl Adlarını çağıraraq yalvarıram: “Mənim atama, anama rəhmət elə, onun günahlarını bağışla, onu cəhənnəm əzabından qoru, cənnətinə sakin elə!” Dua edərkən Peyğəmbərimizi vasitəçi seçmək, Ona salavat gətirərək duaya başlamaq və ya “Rəsulullahın üzü hörmətinə” deyərək istəmək işə bərəkət qatar.

Qəbir üstünə yemək və ya şirniyyat qoymaq, bir şey bağlamaq, şam yandırmaq düzgün deyil. Qəbrin ətrafını təmizləmək, səliqəyə salmaq yaxşıdır, amma qəbir üstündə bitən otları yolmasanız, daha yaxşıdır, çünki Peyğəmbərimizin bildirdiyinə görə, qəbir üzərindəki otlar ölünün əzabının azalmasına səbəb olur. Qəbir üzərində həmişəyaşıl, yarpaqları tökülməyən ağaclar əkmək məsləhət görülür. Qurumuş otlar, kol-kos təmizlənməlidir.

Qəbir üstündə oturmaq, qəbrə doğru namaz qılmaq, qəbir üzərində qurban kəsmək, ölüdən mədəd ummaq dinimizə görə yasaqdır. Məzardakından mədəd ummaq, “yəni ey bu qəbirdə yatan filankəs, mənim bu işimi düzəlt, mənə yardım elə!”- deyə dua eləmək isə çox ağır günahdır, çünki Allaha şərik qoşmaq sayılır.

Unutmayın ki, ölmüşlər həyatda olan yaxınlarından dua gözləyirlər. Onların bu duanı necə şiddətlə istədiyi bu dünyada bilmək çox çətindir və onu Allahdan aşağı ölülərdən savayı, kimsə bilməz. Ona görə də ölmüşlərinizin ardınca dua etməkdən çəkinməyin, həmişə dua edin, bir Fatihə oxuyun və hasil olan savabı, başda Peyğəmbərimiz Həzrəti Muhamməd olmaqla, mərhumlarınızın ruhuna bağışlayın. Rəsulullahın bildirdiyinə görə, bir duadan ölüyə dağlardan böyük savab verilir. Xüsusilə də, bu mübarək günlərdə, oruclu ağzınızla dua etməyin daha çox faydası var. Əmin olun ki, sızın dualarınız mərhumlarınızı çox-çox məmnun edir.

Bir məsələni də diqqətinizə çatdırmağı borc bilirik. Qəbiristanlıqda yurd salmış, pul qazanmaq məqsədi ilə orada gün keçirən, pul almamış dua oxumayan, özünü din xadimi kimi təqdim edən adamlara heç yaxınlaşmasanız daha yaxşıdır. Doğrudur, niyyətləri Allahdan savayı kimsə bilməz, amma sən görürsən ki, o adam orada Allah kəlamını satmaqla məşğuldur. Allah kəlamını alış-verişə çevirmək isə günahdır. Ona görə də onunla iş görməkdən bir fayda gözləməyin, özünüz bildiyiniz kimi, ürəyinizdən necə gəlirsə, ən səmimi halınızla bir Fatihə oxuyub bağışlayın və əmin olun ki, bu sizin üçün də, məzardakı üçün də daha xeyirlidir.

Ölülərinizi ziyarət edin, amma ziyarət edərkən onu da düşünün ki, o qara torpağın altına girmək sizin üçün də var. Bu düşüncə ilə bir müddət baş-başa qalın və əmin olun ki, bu da sizə bir başqa xeyir qapısı açacaq.