Sahibini tanıyan sahibsiz qalmaz

0
76
Qoruqbagi kendi

Dərviş başını qırxdırırmış. O ətrafın qoçusu içəri girir, dərvişin qolundan tutub bir tərəfə fırladır və bərbərə əmr eləyir ki, onun saçını-saqqalını səliqəyə salsın. Bərbər bir kəlmə demədən işə girişir, dərviş də cınqırını çıxarmadan bir küncdə büzüşüb gözləməyə başlayır. Qoçu qarşısındakı güzgüdən büzüşmüş dərvişə baxır və onu ələ salır: “Nə var əə, balqabaq, sən də özünü adam cərgəsinə qoşub baş qırxdırırsan?” Dərviş də ağzını açıb bir cavab qaytarmır. Üzü-başı qırxılıb qurtarana qədər qoçu o dərvişə ağzına gələn hər cür təhqiri söyləyir. Daşdan, divardan səs çıxır, dərvişdən səs çıxmır. Elə ki, iş qurtarır, qoçu saçını başını ovuşdura-ovuşdura bayıra çıxır, bu zaman yuxarıdan bir at arabası gurultu ilə onun üstünə gəlir. Qoçu döyüküb qalır, bilmir neyləsin və arabanın oxu onun sinəsindən girib, kürəyindən çıxır. Qoçu elə oradaca canını tapşırır. Hadisəyə şahid olan bərbər gözlərini dolandırıb dərvişin üzündə saxlayır və mənalı-mənalı: “Dərviş ağa, çox ağır olmadımı?”- soruşur. Dərviş də oturduğu yerdə büzüşərək: “Vallah, mən bəddua eləmədim, amma hər balqabağın da bir sahibi var”, – cavabını verir.

***

Bu dünyada haqqı üçün savaşa qalxanların hamısı qalib olmur, amma haqqı üçün savaşa qalxıb öldürülənlərin heç biri də məğlub deyil. Məsələ bu dünyada qalib və ya məğlub olmaqda deyil, sənin öz mübarizəndə haqlı, ya haqsız olmağındadır. Haqlı olmaq qalib olmaqdır; udsan da, uduzsan da. Haqsız olan öz rəqibini yurdundan didərgin salsa da, məğlubdur, öldürsə də.

Məsələyə müxtəlif prizmalardan yanaşma var; eyni mənzərəyə bu tərəfdən baxarsan, bir cür görünər, yuxarıdan və ya əks tərəfdən baxarsan, hər şey tamamən fərqli görünər. Sənin hansı bucaqdan baxmağından da çox şey asılıdır.

***

İki nəfər savaşır, biri səlahiyyət sahibidir, əmrində ordular var; o biri tək-tənhadır, amma Haqqa söykəndiyini söyləyir. Uğrunda ölüm-qalım savaşına girdiyin amal sənin dəyərindir. Hər kəs öz amalı üçün savaşır.

Məqam kimin üçün səlahiyyətdir, kimin üçün vəbaldır, məsuliyyətdir. Adam var, bir addım yuxarı qalxan kimi aşağıdakıları ayaqları altına alıb ayaqlayır; adam da var, yuxarı qalxdıqca çiyninə qoyulan yükün məsuliyyəti altında əzilir. Vicdanlı adam özünü əmri altında olan hər kəsə qarşı məsul görür, vicdansız əmri altında olanları az qala şəxsi əmlakı hesab edir. Və beləcə, əvvəlcə, narazılıq, ardınca da savaş başlayır. Hər kəs də kürəyini bir güc mərkəzinə söykəyir, kimi vəzifəsindən güc alır, kimi Allahdan.

***

İnsanın haqlı və ya haqsız olduğu qanunlarla təsbit olunur. Qanunların təməlində isə din faktoru aparıcı rol oynayır. Bəşər tarixində müsbət rol oynamış bütün dövlətlərin qanun kitabının mərkəzində Allahın əmrləri durur. Allahın əmrləri güclünün maraqlarını təmin etmək üçün deyil, yer üzündə ədaləti, əmniyyəti, asayişi hakim qılmaq üçündür. Ədalət Allahın bəndələrinə əmridir, gücdür, ədaləti olmayan zalımdır. Zalım Allahın düşmənidir. Allahın düşməni bu dünyaya sultan da ola bilər, amma kim olur olsun, sonu məğlubiyyətdir, kədərdir, peşmançılıqdır, sonsuz bir iztirabdır.

***

Həzrəti-İbrahimi (ə.s.) Nəmrud oda atdırmışdı. Bir quş dimdiyində su daşıyıb oda atırdı. Güldülər, “sənin dimdiyin nədir ki, gətirdiyin su da od söndürə?” Quşun cavabı çox ibrətli oldu: “Mən də bilirəm ki, gətirdiyim su bu odu söndürən deyil, amma, heç olmasa, bu hərəkətimlə öz sıramı, öz mövqeyimi göstərmiş oluram. Hər kəs görsün ki, mən kimin tərəfindəyəm”.

Əslinə qalanda baş verən hadisələrə müdaxilə məsələsində çoxumuz elə o quş qədər iqtidar sahibiyik, amma onun qədər cəsarətli, onun qədər ədalətli deyilik. Bəli, haqlının tərəfində olmaq və bu mövqeyi çəkinmədən hər kəsə nümayiş etdirə bilmək insanlıq borcudur.