Elmlər doktoru Xatirə Quliyevadan Zərdabişünaslara ağır ittihamlar

0
57
Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri,  görkəmli ictimai-siyasi xadim Həsən bəy Zərdabinin  zəngin ictimai fəaliyyətinə, həmçinin də  özünün və ailə üzvlərinin bir insan ömründə yaşadıqları acı həyat həqiqətlərinə diqqətli münasibət bizim ilk növbədə öz tariximizə ehtiramımızı və eyni zamanda sələflərimizə xələf borcumuzu təsdiqləyir.
Bu borcla bağlı fikirlərimə keçməzdən əvvəl milli mənəviyyatımızın dəyərli təəssübkeşi, dünya şöhrətli maarifçilərin Şərqli nümayəndəsi Həsən bəy Zərdabinin qəzetə “Hər bir vilayətin aynası” kimi baxıb qiymət verməsini, onun tarixi vəzifəsini “dərviş kimi nağıl demməlidir, onun bor-cudur ki, işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikü bədindən xəbərdar olub, onun əlacının dalıncan olsun” tarixi vəsiyyət-nəsihətini yada salmaq istəyirəm.
Belə ki, millətinin qlobal tərəqqi işini düşünmüş və ömrünü bu məslək yolunda şam kimi yandırmış Həsən bəy Zərdabinin özü, həmçinin işığa, nura dönmüş öz ruhundan artıq nigaran olduğu ömür-gün yoldaşı maarifpərvər ziyalı xanım Hənifə xanım (Abayeva) və Azərbaycanda qalmış, məşəqqətli, sirrli həyat yaşamış Qərib  Soltan Məlikovaların tale məsələləri ölkəmizdə mətbuata, qazetə və əsas da bu sahənin nümayəndələrinə xüsusi qayğılı münasibətin müşahidə olunduğu bir dövrdə demək olar ki, obyektivliklə, faktlarla, dəlillərlə və onların heç olmasa son məqamlarının tapılıb üzə çıxarılması baxımından demək olar ki, işıqlandırılmır.
Digər bir tərəfdən bu vaxta qədər Zərdabi əslindən olanlar kimi, həmçinin Zərdabişünaslar kimi tanınan yazarların demək olar ki, hamısı Həsən bəy Zərdabinin ömrünün son gününə kimi onunla çiyin-çiyinə, o, vəfat etdikdən sonra qızı və yetirmələri ilə birlikdə  xalqın qadın nümayəndələrinin savadlanması, gerilik buxovlarından azad olunması yolunda fədakarlıqla mübarizə aparmış Hənifə xanım Abayeva və onların Azərbaycanda qalmış, xalq maarifi işi aparmış övladları Qərib  Soltan haqqında məlumatlar vermiş, müəyyən faktlarda yanlışlıqlara yol versələr belə onlarla bağlı tarixə iz sala bilməsələr də konkret olaraq hər iki  Zərdabi “əmanəti”nin qəbrlərini müəyyən etməmişlər. .
Lakin onlar Həsən bəy Zərdabinin istər özü, istərsə də həyat yoldaşı və qızının taleyinin, xüsusilə də son ömür “yazıları” barədə tarixən mövcud qaranlıqlara və yanlışlıqlara nəinki tam olaraq aydınlıq gətirə bilmədikləri kimi, hətta bu qərib, itkin məsumlar haqqında əsası olmayan obrazlı təxəyyüllə “tarix”lər və “tarixçələr” uydurmuşlar.
Məsələn, H.Zərdabiyə həsr olunmuş bir kitaba Tahir Aydınoğlu tərəfindən yazılmış ön sözü nəzərdən keçirək:  “Millətin,milli varlığımızın üstünə qara yel kimi əsən “1937-ci il” təkcə dəyərli övladları deyil, müqəddəs nə varsa hər şeyi soldurdu, dağıtdı, uddu. Millətsevər  ailələrdən biri kimi Həsən bəy Zərdabinin doğmalarını, yaxınlarını da pərən-pərən salmış, sinsitmişdilər. Böyük bir ailədə Həsən bəyin Bibiheybətdəki məzarına baş çəkməyə bir başıpapaqlı qalmamışdı. Bir gün növbə bu məzarın özünə də çatdı. Şəhərdə xəbər yayıldı ki, yeni çəkilən Salyan şösesi Şıx kəndində düz Bibiheybət məscidinin yerindən keçəcək. Kim istəyir əzizlərinin məzarını köçürüb aparsın, yoxsa dağılacaq, yolun altında qalacaq.  Zərdadilər ailəsi xəbəri eşidəndə güc-bəla 2 nəfər tapıb cənazənin qalıqlarını çıxarıb gətirməyə göndərdi. Bu iki adam “millətin mənəvi atası”nın qalıqlarını kiçik bir yeşiyə yığıb Bayıladək çiyinlərində gətirdi. Bayılda yeşiyi mədənlərədək uzanan tramvaya qoydular.Tutqun, hüzünlü bir payız günündə 30 il əvvəl möhtəşəm bir izdihamın çiynində əbədiyyət yuvasına aparılmış bir cənazəni bax beləcə sakit, miskin, qərib bir kədərlə nəhəng şəhərin axirət ünvanlarından biri böyük dəryaya atılmış daş kimi ikinci dəfə uddu. Heç ayrıca məzarı, başdaşısı, nişanəsi də olmadı…”
Qeydin davamına keçməzdən əvvəl tarixi saxtalaşdırmaya bənzəyən bu iddiaya tarixi arqumentlərlə şərh verərək bildirirəm ki, böyük millət fədaisi dünyasını dəyişmişdisə, 1937-ci ilə kimi artıq çoxdan oğlanlarından biri güllələnmiş,digəri və qızı Pəri xanımın ailəsi, həyat yoldaşı Əlimərdan bəy Topçubaşov hələ 1919-cu ildən mühacirət etmişdilərsə onun ailəsində yetişən, 1922-ci il təvəllüdlü Rauf Hacıyev 1937-ci ildə 15 yaşında idi və bu “başı papaqlı”nın  həmin dövrdə-Soltan Muxtar oğlu Hacıyev ad-soyadlı müxtəlif partiya işlərində, məsələn, məşhur ictimai-siyasi xadim Əhməd bəy Pepinovun nazir olduğu ADP Əmək Nazirliyində məsuliyyətli dövlət məmuru işində, Ağdaşda, Nuxada, Göyçayda, Qubada, Salyanda habelə başqa qəzalarda və xüsusilə  Bakı şəhər milisinin rəisi  vəzifəsində çalışmış tanınmış Atası vardı. Elementar sadə məntiqlə bu çox tanınmış və cəsarətli “sovet” çekistinin də “başı papaqlı” vəzifəli, olsun lap vəzifəsiz qohumları olmuşdur. Belədə, obrazlı ibarələrlə “Zərdadilər ailəsi xəbəri eşidəndə güc-bəla 2 nəfər tapıb cənazənin qalıqlarını çıxarıb gətirməyə göndərdi. Bu iki adam “millətin mənəvi atası”nın qalıqlarını kiçik bir yeşiyə yığıb Bayıladək çiyinlərində gətirdi” yazmaq tarixi saxtalaşdırmaq deyil, nədir, nə deməkdir?!
İkincisi, əgər müəllif T.Aydınoğlu böyük el atasının ilk dəfn olunduğu yeri və oradan çıxarılmasını göstərirsə davamda da H.Zərdabinin konkret harada dəfn olunduğu barədə tarixi dəlil ortaya qoymalı, 100 il sonra belə bu məsələyə müəyyənliyi yoxdursa bunu beləcə də qeyd etməli idi.
Üçüncüsü, hörmətli “ön söz” müəllifi qeydində  “Zərdabilər” kəlməsini işlədir ki, elmi-obyektivliklə deməliyəm ki, H.Zərdabi övladları – istər Midhət bəy, istər Səffət bəy, istər Pəri xanım və Qərib Soltan xanım Zərdabi soyadı və ya təxəllüsü ilə tarixdə keçmirlər. Bu ailə Məlikovlar kimi ümumi soyadı daşıyıblar, bu tədqiqatlarda belə də davam edir. Müəllif heç olmasa Zərdabilər ailəsi söz birləşməsini dırnağa almalı idi.
Həmin “Ön sözün” davamında müəllif görkəmli maarifçinin üçüncü dəfə dəfn olunması həqiqətlərindən bəhs edərkən yenə tarixi yanlışlıqlara yol vermişdir. Hətta buna yanlışlıqlar demək azdır, sonsuz haqsızlıqlar, bir universal savada, ensiklopedik biliyə malik Zərdabi yadigarının ruhunun təhqiridir. Çünki, elmi qənaət ehtimal belə olsa məntiqə və doğru mühakiməyə əsaslanmalıdır. Obyektiv müəyyənlik üçün tarixə həmin ön sözün özündən konkret misal gətirək. “Doğmaları repressiya olunmuş, əsəbləri pozulmuş Qəribsoltan “məzar” söhbətini eşidən kimi qəzəblənib əlinə keçəni universitet müəllimlərini başına yağdırır. Qışqırır ki, atamın hər şeyini məhv elədiniz, indi gəlmisiz sümüklərini(?!-X.Q) aparmağa. Bir də bu evə ayaq basmayın. Əzablı günlər başlayır. Bilirlər ki, Qəribsoltan heç nə deməyəcək. Öyrənirlər ki, arvadı(?!) yalnız Zərdabinin qız nəvəsi (?!), gənc bəstəkar Rauf Hacıyevi dilə tuta bilər. Xoşbəxtlikdən Rauf məzarın yerini öyrənir. Deyir ki, babamın(?!) sümükləri 37-ci ildə şəhər qəbirstanlığında(?!) Hənifə nənəmin …. qəbrinin yanında basdırılıb”.
Bu yazılanlara müəllif sübut kimi çoxdan dünyasını dəyişmiş tanınmış alim A.Zamanovun tələbə auditoriyasında mühazirəsi zamanı danışdıqlarını misal gətirib. Bu qocaman müəllimin özünün heç bir yerdə qeyd etmədiyi bir xatirədirsə ondan tarixi dəyişəcək bir dəlil kimi istifadə etmək qətiyyən doğru deyil. Yəni bir tələbə çıxıb müəllimdən soruşmayıb ki, heç olmasa o hansı şəhər qəbirstanlığıdır, bilək tanıyaq. Yaxud müəllif bu yazısını çapa verənə qədər 1997-ci ildə dünyasını dəyişmiş R.Hacıyevin özündən və eləcə də bu gün onun həyatda olan ailəsindən bir soraqlaşıb bu günə kimi müəmma olan Hənifə xanım Abayevanın qəbrinin yeri olaraq o qəbirstanlığı müəyyənləşdirə bilməzdimi?
Belə yanaşma tərzi ilə, həqiqətdən uzaq, sübutu olmayan tarixi şəx¬siy-yətlərimizin ruhuna hörmətsizliklə müəllifin bir müsahibəsində də “Digər qızı Qərib Soltan biganəlik və yoxsulluq içərisində çırpınıb və məhz onun – Zərdabinin bu ağlını itirmiş(?!) son yadigarının sayəsində sonralar gizli qəbir (2-ci qəbir) üzə çıxarılıb” kimi qarşılaşırıq.
Habelə, Sevda İsmayıllı adlı jurnalistin demək olar ki, T.Aydınoğlunun “Ön sözü”dən yuxarıda  gətirdiyimiz yanlışlıqlar dolu xatirə yazısını təkrarlayan məqaləsində də qarşılaşırıq. S.İsmayıllı “biliyini”  öz təxəyyülü ilə rəngləyərək yazır ki, “Ancaq Qərib Sultan qalmışdı. Əsəbləri pozulmuş, cavan yaşda dünyanın hər üzünü görmüş Qərib Sultan…İKİ FƏHLƏ MİLLƏTİN MƏNƏVİ ATASINI TRAMVAYDA NECƏ APARDI…(başlığa baxın! və artıq iki adam iki fəhlə kimi!) Qərib Sultan xəbəri eşidəndə nə edəcəyini bilmədi. Nəhayət, 2 nəfər fəhlə tapıb cənazəni qəbirdən çıxarmağa göndərdi. 1937-ci ilin payızında, o möhtəşəm dəfndən 30 il sonra pulla tutulmuş(?!)  iki fəhlə Həsən Bəyin qalıqlarını bir yeşiyə qoyub (?!) yola çıxdı. Bayıla qədər çiyinlərində gətirdilər. Bayılda tramvaya qoydular… Nə filmə mövzu olacaq bir lövhədir, deyilmi? Kaş, heç olmasa, bir sənədli film çəkmək imkanım olaydı! (faktlarsız)Tramvay taq-qa-tukla gedir, pəncərələrinə yağış çırpır, kimi apardıqlarını anlamayan fəhlələr yuxulanır, Millət Atası da ayaqlarının altında!(?!)  Düşən kim, çıxan kim… «Bir az o tərəfə keç» qışqıran kim…Qoy hamı bu filmə baxsın! Qoy görk olsun! Qoy bizim nələrdən keçdiyimizi görsünlər!” …
Diqqət edək, güc-bəla ilə tapılmış iki adam nəhayət tapılmış iki fəhlə olub…Onlar da Allah bilə hansı millət. Yoxsa ayaq altına qoyulmazdı ki, müqəddəs ruh! Hələ S.İsmayıllı “öz filminə” heç bir dəlili olmayan bu aşağıdakı iqtibasdakı iddiaları da əlavə edir: “Anasını itirən, qardaşı güllələnən, o biri qardaşından ömrünün sonunacan xəbər ala bilməyən, bacısının Parisdə başına nə gəldiyindən xəbərsiz, atasının sümükləri ilə təkbətək qalan bir qadın başqa nə cür reaksiya verməliydi ki? Üstəlik, Qərib Soltan xanım müəllim işlədiyi Şəmkirdə ölüm qorxusu keçirmişdi. Onu qorxudub kənddən qaçırmaq istəyirlərmiş. O gündən əsəbləri pozulmuşdu”.
“Sümüklərlə təkbətək qalan” ifadəsi nə anlamı verir? Repressiya dövründə bu cinayəti etmək olardı? Yaxud vətəndaşlara yolun genişlənməsinə görə  gəlin, nəəşlərinizi aparın, deyildiyi halda sümüklər evdə niyə gizlədilməli idi? Özü də Lenin ordenli müəllimə xanım bunu  necə edərdi?! Əsəbləri pozulmuş adama sovet totalitar rejimi dərs deməyə necə icazə verərdi?
Ümumiyyətlə, tarixçiləri kimi tanınan yazanlar H.Zərdabi kimi Qərib Soltanın da taleyini, hələ doğum tarixlərini (A.Aşırlı,E.Həsənov) bəzən yanlış göstərilir və birinin bəlkə texniki səhfi növbəti yazılar üçün əsasa çevrilir. Məsələn, E.Həsənov Zərdabi övladının doğum ilini 1886-cı il,1896-cı ilində göstərlib ki, onun “Xatirələrinə” və  məzar daşı üzərindəki yazıya əsaslananda 1889-cu il olduğu müəyyənləşir. Ola bilsin ki, E.Həsənov texniki səhvə yol verib. Çünki elə həmin yazısında Zərdabinin digər övladının da 1886-cı ildə doğulduğunu yazıb. Halbu ki, Zərdabinin oğlan və qız əkiz uşaqlarının olduğu yanlışlıqdır. Qərib Soltanın ölüm taixi də heç 1965-ci il deyil, 1967-ci ildir. Belə ki, A.Aşırlı Qərib Soltanın ölüm tarixini 1965-ci il göstərir. Həmçinin Qərib Soltan adı mötəbər tədqiqatlarda  birlikdə yazılmayıb. Onu indi yazanların birlikdə yazması doğru deyil. Unutmayaq ki, hər bir yazı fakta əsaslanmalıdır. Bunu bizdən təkcə dünən deyil, bu gün və gələcək tələb edir.
Bu baxımdan onu da yada salaq ki, 1957-ci ildə tanınmış bəstəkar Rauf Hacıyevin yazıya görə “dilə tutduğu” Qərib Soltan xanım “Xatirələrində” də xüsusi qeyd etdiyi kimi Zərdabi  tərbiyəsi almış, Zərdabi işığında ucalmış neçə-neçə görkəmli şəxsiyyətimizin ünsiyyətdə olduğu Zərdabi yadigarı, hələ o vaxtın ən nüfuzlu mükafatına layiq görülmüş Lenin ordenli sovet müəllimi idi. Onun onlarla  tanınıb, sayılıb-seçilən, yüksək vəzifələrdə olan yetirməsi vardı. Bunlar azsa Qərib Soltan xanım 57-ci 1955-ci ildə təşkil etdiyi Dovlət Estrada Orkestri ilə çox populyar olmuş Q.Qarayev yetirməsi R.Hacıyevin əziz-xələf anası, onun övladlarının  sevimli tərbiyəçi nənəsi idi. Belə bir mötəbər ziyalı xanım bəlkə gec -50 il sonra xatırlanmasına əsəbləşə bilərdi. Amma “ön sözlə” və eləcə də Sevda İsmayıllı adlı yazanın iddia etdiyi kimi “ağlını itirmiş, əsəbləri pozulmuş”, zavallı şəklində tarixə ötürüldüyü kimi kobudluqlar, dəlilik edəcək birisi ola bilməzdi. Onu da qeyd edim ki, mənim bu fikirlərimi,  Azərbaycan fəlsəfə elminin tanınmış filosof alimi, 60-cı ildə R.Hacıyevin evində Qərib Soltan xanımla görüşmüş, onun 2 ərəb əlifbası ilə olan şer kitabı hədiyyəsini yadigar kimi qəbul etmiş İzzət Rüstəmov, R.Hacıyevin Bakıda yaşayan övladı Nana xanım da canlı olaraq təsdiqləyir.
Tariximiz  haqqında və tariximiz üçün narahat düşüncələrimi Sevda İsmayıllının son cümləsi, yəni “EY HƏSƏN BƏY! EY BÖYÜK MÜƏLLİM! BİZİ BAĞIŞLA!”ilə yekunlaşdırıb, Bizi bağışla ki, bəzi səndən yazmaqla nüfuzlanan yazanlarımız əziz övladın haqqında belə ağıla gəlməyən tarixçələrə uydurublar, deyirəm. Bir də ona görə bizi bağışla ki, 85 ildir sənin əmanətin Hənifə xanımın məzarı müəmmadan ibarətdir.
Bu nöqtədən də  nisgilli ruhlarımızı bir az sevindirəcək xələf diqqətimə köklənirəm. Amma əlbəttə bu diqqətdə Qərib Soltanın  tale tablosu yenə çox tünd rəngli boyaları dili ilə sirlərdən, müəmmalardan danışaraq düşündürür…
İndi də 49 il sonra tapdığım  Qərib Soltan məzarı haqqında  məlumatlara keçid alıram.
Belə ki, soyuq gəlmiş 2016-cı ilin ayazlı yanvar ayının 11-də Qərib Soltanın ən azı 40 il bərabər acılı-şirinli günlər yaşadığı, ana-bala, bundan da artıq iki dərd ortağı kimi doğmalaşmış görkəmli bəstəkar, mənim ata tərəfdən çox uzaq qohumum Rauf Hacıyevin əmisi qızı Zümrüd Aydəmirovanın köməyi ilə  əlaqə yaratdığım (bəstəkarın qızı) Nana xanımın təsvir etdiyi  Qurd qapısı deyilən Qəbirstanlığa getdim. Köhnə qəbirstanlıqda o məlum-məchul ruhun məqamını çox  axtardım. Tək-tənha bir-bir onlarla, bəlkə 100-dən çox köhnə qəbirlərin önündə dayandım. Sökülüb-dağılmış daşların üstü ilə addımladım. Ot-ələf dolmuş ölü yerlərinin neçəsinin üstündə dayanıb  üst yazılarını oxudum! Bəzən köhnə qəbirlərin yanında açılmış dəliklərdən qorxurdum. Mənə elə gəlirdi ki, ayağımı bir balaca ehtiyatsız atsam, dəlik böyüyər və düşərəm dərəyə. Qış vaxtı, bayram günləri də olmadığından qəbirstanlıq bom-boş idi. Bunun da vahiməsi məni həyəcanlandırırdı. Amma əziyyətim heç olmadı, xeyli yolu axtarmağım boşa çıxmadı. Qərib Soltan Məlikova adını oxuyanda doğurdan gözlərimə işıq gəldi. Şəkil çəkdirdim onunla. Qərib Qəribsoltanla. Tək onunlamı?
Dərd-dil etdim onlarla… Zərdabi ilə, onun didərginləri ilə… Ev paylayanların, ev alanların əvəzindən bir böyük üzrxahlıq elədim başımın üstündə dolandıqlarına inandığım ruhlardan. Utancımı, xəcalətimi bölüşdüm…
 Bu məlumatları ictimailəşdirsəm də müəyyən səbəblərdən həmin yazılarda Zərdabi yadigarı Qərib Soltanın ruhunun məskən saldığı  məzarın olduğu qəbirstanlığın dəqiq ünvanını və təsviri ilə bərabər bu məqamdan ucalan mənim eşitdiyim bəzi təəssüratları açıqlamamışdım.
İLK dəfə olaraq bu məqalədə  diqqətli oxucuların marağına cavab olaraq bildirirəm ki, görkəmli Azərbaycan maarifçisi H.Zərdabinin ölkəmizdə qalmış övladı Qərib Soltanın məzarı Əzizbəyov dairəsindən Qurd Qapısı ərazisnə doğru gedən yolun sağ tərəfində yerləşən böyük bir qəbirstanlıqdadır. Həmin qə¬bir¬stan¬lığın birinci qapısından daxil olduqdan sonra sol tərəfdə ki, qəbirlərin istiqaməti ilə getdikdə tanınmış aktyor İsmayıl Hidayətzadənin  hündür, yaraşıqlı qəbri diqqəti cəlb edir. Ondan sonra bir qədər addımladıqdan sonra Bakıda adına məşhur Nərgiz adlanan kafe olan  Nərgiz Xəlilovanın qəbrinə və daha bir neçə məzardan sonra dəmir çərçivəyə alınmış köhnə, qəbirüstü abidəsi bir neçə yerdən çat vermiş, yuxarı hissədə (qəribə…) əl böyüklükdə sınıb dağılmış sadə bir  son mənzilinə çatırsan…
 Bir an ruhların salamı Fatihə dilimdə dondu… Çünki bu qəbir məni elə kövrəldib ürəyimi elə ağrıtdı ki… Sonra konkret ünvanı olmayan kimlərləsə özümün eşidəcəyim iradlarım danışdı : Əcaba, bu qəbir Qərib Soltan kimi tarixin çox acılarını yaşamış, zülmlərə qatlaşmaqla biz xanım ziyalıların işığını  yandırmış, doyunca nə ata, nə ana qayğısı dadmamış, ana  olmadan dünyaya yaraşıq övlad yetişdirmiş, nənə olmadan yetirmələrinin övladları ilə ürəyini fərəhləndirmiş bir xanımımıza yaraşırmı?… Sualıma hisslərimlə bir cavabım tariximizin çox simalarının sonunu yada saldıqca Bəli, yaraşır, oldusa, bir az düşündükdə isə Cavabım YOX –oldu… Ona görə ki, ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkəmizdə H.B.Zərdabinin xalqımızın maarifçilik irsinin inkişafındakı xidmətlərinə daha böyük diqqət ayırıldığı və bunun əyani bir sübutu kimi, ulu öndər Heydər Əliyevin tövsiyyəsi ilə hər ilin 22 iyul tarixi Zərdabinin yaratdığı “Əkinçi” qazetinin şərəfinə Milli Mətbuat Günü kimi qeyd olunduğu, həmin günün geniş tədbirlər planına uyğun olaraq da çox sayda jurnalistin mükafatlandırıldığı, dövlət rəhbərimiz cənab İlham Əliyevin  İki il əvvəl  imzaladığı Fərmana əsasən fərqlənən qələm adamlarına dövlət hesabına tikilmiş binada mənzillər verildiyi və bu işin davam etdirildiyi  müasiri olduğumuz tarixi mərhələdə öz xalqının, öz millətinin  hər bir sahədə tərəqqi işini düşünmüş və ömrünü bu məslək yolunda şam kimi yandırmış Həsən bəy Zərdabinin əziz övladı, vətəndə qalıb, öz ömrünü xalqın işıqlanmasına həsr etmiş QƏRİB  SOLTANA bu məzar heç yaraşmır! Ondan da artıq bizlərə, onun xələflərinə yaraşmır !
Hələ bu uçulub dağılan qəbirdə Qərib Soltan tək uyusaydı yenə dərd yarı idi. Bəxtəvər başımıza, Qəribin qəbir ortaqları da var. Özü də bir də deyil, iki qadın da onunla bölüşür balaca bir qəbircik-evciyi… Onlardan biri  yazılanlarda Rauf Hacıyevin anası kimi qeyd olunan Nanə Qurban qızı Hüseynova, digəri bəstəkarın həyat yoldaşı İ. Hacıyevadır. Hələ bu üç xanımın bir məzarda uyumasının mümkünsüzlyünün başqa səbəbləri də varsa indi baxaq “özümüzə”…
Bir var bilmirdik. Bir də var artıq bu həqiqət bizdədir və qalır bizim məsuliyyət məsələsinə yanaşmamıza. Mən öz boynuma düşəni yerinə yetirdim, deyə bilərəm məncə… Qalır bu əziz gor evinə səlahiyyət sahiblərinin  diqqətli bir baxışı… İanıram ki, Həsən bəy Zərdabi ənənələrinə daim xüsusi ehtiram bəsləyən siyasi elita təmsilçilərimiz Qərib Soltanın,  129 yaşlı bu maarifçi xanımın  49 il sonra  yada salınıb tapılmış  heç bizə yaraşmayan qəbrinə diqqət ayıraraq ona layiq son mənzil düşünəcəklər.
Xatirə Quliyeva
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru, dosent
moderator.az