Taleyə meydan oxuyanda

0
49
Uşaq vaxtı hərdən boş, mənasız şeylərdən xəyallar qurar, hamıya da danışardım. Evdə böyüklərimdən eşitdiyim söz də bir qayda olaraq “səfəh-səfeh danışma!” – olardı. 
İçimdə incisəm də cavab qaytarmazdım. Sonra da könlümü almaq üçün hər dəfə təxminən eyni sözləri deyərdilər, “dilini boş şeylərə öyrəşdirmə! Allaha xoş getməz”. Mən fərqində deyildim, amma tənbeh edənlər “Allaha xoş getməz” xofu ilə məni düşünməyə vadar edir, ağzımdan çıxan hər kəlmənin başıma bəla ola biləcəyi ilə qorxurdular. Mən onda böyüklərimin bu həssaslığından bəzən sıxılırdım, amma indi başqa şeylər düşünürəm. Düşünürəm ki, məni tənbeh edənlər əslində öz borclarını yerinə yetirirmişlər. Üslublar fərqli olsa da övladına tərbiyə vermək hər bir normal valideynin həm arzusu, həm də vəzifəsidir. Mənimkilər də  məni “səfəh-səfeh danışma!” ilə tərbiyə edirdilər. İndiki ağlımla belə ümid edirəm ki, Allah-Təala həddi-buluğa yetişməmiş uşağın sözünə görə ona günah yazmaz, amma uşağına tərbiyə verməyən və buna heç təşəbbüs etməyən valideyni bu məsuliyyətdən azad eləməz.

***

Həyətdə oynayan uşaqlar nadinclik edirlər və ana onlara qarğış edəndə, nənə “ağzından çıxsın, qoynuna girsin”, -deyir. Əslində mən bu cür sitəmlərə dəfələrlə şahid olmuşam. El arasında geniş yayılmış “ana qarğışı tutmaz” sözünü çox eşitsəm də, bu deyimin doğruluğuna heç vaxt inanmamışam, heç indi də inanmıram. Düşünürəm ki, çox övladın başına gələnlər elə ananın qarğışıyladır. Mötəbər qaynaqlarda bunun çox örnəkləri var. Övlad ana qarğışı ilə Allahın mərhəmətindən məhrum qala, ana alqışı ilə bəladan qurtula bilər.

Bəzən insan sevgisindən kor olur, xətaya düşür. Övlad sevgisi nə qədər şirindirsə, dərdi də o qədər ağırdır. Bəzən sevginin şirinliyində və ya itkinin ağırlığında insan öz tarazlığını itirir, günah edir. Uşağı sevəndə, oxşayanda gərək o sevginin cazibəsinə qapılıb getməyəsən, ağzından nə çıxardığını düşünəsən.

Əslində sevgi də ədalət işidir. Ədalət – hər kəsi layiq olduğu yerə qoymaq, aradakı məsafəni doğru-düzgün tuta bilməkdir. Allah-Təala (Ona Onun layiq olduğu qədər həmd-səna olsun!) bizə bizim boynumuzun şah damarından da yaxındır, bizim yaradanımızdır, yaşadanımızdır, sahibimizdir, sahib olduğumuz hər şeyin gerçək sahibidir, biz hər şey üçün Ona borcluyuq. Amma bu həqiqəti bildiyimiz halda biz Onun yerinə bir başqasını, məsələn Onun bizə pay verdiyi övladı qoyuruqsa, görün nə qədər ədalətsizlik etmiş oluruq. Yəni övladı sevəndə də tarazlığı unutmamalı, övladı da, valideyni də, Allahı da.., bir sözlə hər kəsi layiq olduğu qədər sevməliyik. Allah sevgisi bütün sevgilərin fövqündə, Allahın boynumuzdakı haqqı bütün haqların üstündədir.

***

Bir vaxtlar tələbə idik və o qayğısız illərdə yarısarafat, yarıgerçək deyirdim ki, bu dünyada iki işdən heç xoşum gəlmir: tərcüməçilikdən və jurnlistlikdən. Tərcüməçiliyi ona görə xoşlamırdım ki, ömrün boyu onun-bunun sözlərini deyəcəksən, özünün sözü olmayacaq; jurnalistlikdən də ona görə xoşum gəlmirdi ki, yenə kimlərinsə ağzına mikrafon tutub, yazdığım yazını kimlərinsə fikri ətrafında qurmalı olursan. Bəli, o illərdə belə deyirdim, amma mənim qismətimə baxın ki, əlimə diplom alandan bəri bu iki işlə məşğul olmuşam: tərcüməçilik və jurnalistlik. Hər dəfə də bu haqda düşünəndə öz axmaqlığıma gülməyim tutur. Amma daha nəticə çıxarmışam, ehtiyatlı danışıram.

Bilərəkdən və ya bilməyərək dilimizlə günah işləyirik. Peyğəmbərimizin (s.ə.s.) dil haqda bildirdiklərini gözdən keçirsək, heç tərəddüd etmədən bu qənaətə gələrik ki, dil ünsiyyət vasitəsi olmaqla yanaşı çoxları üçün də baş bəlasıdır.

***

Heç fərqinə varmadan, zarafatla söylədiyimiz bir alxış və ya qarğış dua yerinə keçər. Çox olub ki, “dünya dağılsa da etmərəm, olmaram” dediklərimiz başımıza gəlib. İçimizdə qətiyyətimiz nə qədər möhkəm, sarsılmaz olur-olsun, dilimzdəki sözümüz sərt olmasın, mülayim olsun. Unutmayaq ki, insan ağzından çıxardığı hər sözə məsuldur və ən çox günahı da dili ilə qazanır. Dediyimiz odur ki, danışanda taleyə meydan oxumayaq. Bir çox ibrətli hadisələr göstərir ki, insan əksər hallarda öz dili ilə, yəni el arasında deyildiyi kimi, yekə-yekə danışdığı sözlərlə imtahan olunur.

Bəzən zarafat hesab edirik və ya mənasız söz-söhbət kimi ağzımıza gələni danışırıq. Amma heç bir söz boşa getmir, bu həqiqəti unuduruq.

Ağzımızdan çıxardığımıza diqqət yetirməliyik ki, başımız bəla çəkməsin. Quran nə buyurur, bilirsinizmi? – Qarşınıza çıxan yaxşılıqları Allahdan, başınıza gələn bəlaları isə özünüzdən bilin.

Hər kəs özü düşünsün, özü qərar versin. Bizdən deməkdi, dedik. Allah-Təala bizə də, sizə də bu həqiqəti anlamağı və yaşamağı qismət eləsin! Vəssalam!