Hər eşitdiyimizi danışmayaq – Qiyamət günü hesabı soruşulacaq

0
81
Hər bir təlimin, nəzəriyyənin mərkəzində müəyyən insan obrazı dayanır. 
Yəni, bu vaxta qədər Allahın (c.c.) endirdiyi kitablarla tərbiyə edərək yetişdirmək istədiyi insan obrazı var. İnsanların hazırladığı fəlsəfi cərəyanlar da əslində öz xarakterinə, dünyagörüşünə görə təxminən eyni məqsədə xidmət edir. Bu mənada dinimiz İslamın inşa etmək istədiyi insan obrazı bizim üçün ən mühüm məsələdir. Dinimizin ortaya qoyduğu örnək xarakter, şəxsiyyət isə, heç şübhəsiz, Sevimli Peyğəmbərimizdir (s.ə.s.). Onun əxlaqı Quran əxlaqıdır, yəni ağlını, düşüncəsini, həyata baxışını Qurandan alan insan bu və ya digər cəhətləri ilə mütləq Peyğəmbərimizə bənzəməli, Onu xatırlatmalıdır. Peyğəmbərimiz bir hədisi-şərifində belə buyurur ki, insan oğlu günahları ən çox dili ilə qazanır. Yəni, insan ağzından çıxardığı sözü yaxşı-yaxşı ölçüb-biçməli, dediyinin həqiqət, yoxsa yalan olduğunu, həqiqət olsa belə o məqamda deyildikdə nə kimi nəticələr doğuracağını düşünməlidir. Allah (c.c.) isə Qurani-Kərimdə belə buyurmaqdadır: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü demə)! Çünki qulaq, göz və ürək, bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-suala çəkiləcəklər”. (İsra surəsi-36) Necə düşünürsünüz, qulaq, göz, ürək sorğu-suala çəkildiyi halda, dil rahat buraxılacaqmı? Dilin sorğu-sualı daha betərdir. Çünki bir qədər yuxarıda da xatırlatdığımız kimi, insan ən çox dili ilə günah qazanır. Bir də təkcə dil deyil ki… Qiyamət günü insanın əlləri, ayaqları danışacaq, bədən üzvləri hər şeyi deyib dünyada onlara sahib olanın lehində, yaxud da əleyhində şahid olacaqlar.

Bu yazıda isə bizim əsas mövzumuz dil və onunla işlənən xətalardır. Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, bir insana yalan olaraq hər eşitdiyini danışmaq yetər. Bu hədis çox böyük həqiqətdən xəbər verir. Bu istiqamətdə düşünəndə insan çox mətləblərə vaqif olur. Ancaq öz ağlımızı işə salmazdan əvvəl yenə Peyğəmbərimizə qulaq verək. Belə buyurur Sevgililər Sevgilisi: “Bir müsəlman qadının iffətinə iftira edənin Qiyamət günü şahidliyi qəbul edilməyəcək.”

Bu gün cəmiyyətimizdə ən çox yayılmış günah növlərindən biri də elə bu bəladır. İnsanın şahidliyinin qəbul edilməməsi nə deməkdir, bu haqda heç düşünürsünüzmü? – Təxminən insanlıq cərgəsindən silinmək kimi bir şeydir.

Allah bizə ağıl verib, iradə verib. Bütün cəmiyyətlərdə bir şər zənciri var, bir xeyir zənciri var. Qulağından girən hər sözü fərqinə varmadan ağzından çıxarmaq şər zəncirinin bir halqası olmaqdır. Eşitdiyini saf-çürük eləmək, xətaya, günaha səbəb ola biləcək sözləri “örtüb basdırmaq” isə xeyir zəncirinə bağlanmaqdır. Allah Səttardır, yəni yaratdığı bəndələrin günahlarını, qüsurlarını örtüb basdırandır. İnsan da Allahı düşünərək bu məsələdə Onun kimi davranmalı, gördüyü, eşitdiyi günahları gizli tutmalı və o əməllləri işləyəni islaha çalışmalıdır. Ağızdan çıxan heç bir söz boşa getmir, hər kəlmə qeydə alınır.

Allah hər kəsin qəlbini də bilir, niyyətini də. Başqası haqqında eşitdiyi bir sözü danışmaq qeybətdir. Sən kimin qeybətini edirsənsə, qiyamət günündə onunla hesablaşmalı olacaqsan. Bu, hamımız üçün belədir. Ona görə də, dilimizi günahlardan qoruyaq, hər eşitdiyimizi danışmayaq ki, qiyamət günü yaxamız əldə qalmayaq.

Mənbə: “Zaman-Azərbaycan”