Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri, milli teatrımızın və mətbuatımızın yaradıcısı, xalqın keşiyində vəkil kimi, tərcüməçi kimi dayanan, onun qayğılarının həllinə bütün varlığı ilə çalışan böyük maarifçi, Ə.Topçubaşovun təbirincə, “Ali ruh” Həsən bəy Zərdabinin zəngin ictimai fəaliyyətinə, həmçinin də özünün və ailə üzvlərinin bir insan ömründə yaşadıqları acı həyat həqiqətlərə diqqətli münasibət sələflərimizə xələf borcumuz kimi xüsusi önəm daşıyır.
Əlbəttə, Zərdabi irsi bir-birini əvəz edən tədqiqatçılar nəslinin daima xüsusi diqqət mərkəzində dayanıb. Çoxsaylı tədqiqatlar bunu təsdiq edir. Eləcə də böyük maarifçinin yad edilməsi, yetişən gənc jurnalistlər nəslinə örnək fəaliyyətinin öyrədilməsi, onun yolunu davam etdirən istedadlı jurnalstlərin mütəmadi olaraq fərqləndirilməsi, təltif olunması bizdə gözəl bir ənənə şəklini alıb.
Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra H.B.Zərdabinin xalqımızın maarifçilik irsinin inkişafındakı xidmətlərinə daha böyük diqqət ayrılır və bunun əyani bir sübutudur ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hər ilin 22 iyul tarixi Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin şərəfinə Milli Mətbuat Günü kimi qeyd olunur. Həmin günün geniş tədbirlər planına uyğun olaraq çox sayda jurnalist müxtəlif nominasiyalar üzrə mükafatlandırılır. Bu istiqamətdə dövlət rəhbərimiz cənab İlham Əliyevin imzaladığı qərar da tarixi səciyyə daşıyır, mətbuat nümayəndələrinə dövlət hesabına bina tikilməsi, mənzil verilməsi ən yüksək dərəcədə təqdir olunmalı hal kimi diqqəti çəkir. Xalqının hər bir sahədə tərəqqisini düşünmüş və ömrünü bu məslək yolunda şam kimi yandırmış Həsən bəy Zərdabinin pak ruhu, yəqin ki, bütün bu ürəkaçan işlərdən xəbərdardır.
Lakin görkəmli maarifçinin nurlu xatirəsinə göstərilən ehtirama kölgə salan, hətta bu barədə utanc hissini yaradan məqam da yox deyil. Bunlardan biri – Həsən bəyin varisi Qəribsoltan Məlikovanın uyuduğu məkan haqqında söz açmaq istəyirəm.
Bu vaxta qədər özlərini Zərdabi nəslindən olanlar kimi, həmçinin Zərdabişünaslar kimi təqdim edən yazarların, demək olar ki, hamısı Həsən bəy Zərdabinin ömrünün son gününə kimi Azərbaycanda yaşamış yeganə övladı Qəribsoltan haqqında məlumatlar vermiş, müəyyən faktlarda yanlışlıqlar olsa da, (məsələn, Eldəniz Həsənov Qəribsoltanın həm 1886-cı, həm 1896-cı ildə dünyaya gəldiyini yazır (http://www.zerdab.com/z%C9%99rdabi-ocagindan-cixan-ail%C9%99-uzvl%C9%99rinin-dogmalarinin-m%C9%99zari-haradadir-onlarinyasamis-olduqlari-unvanlar-b%C9%99llidirmi/#prettyPhoto), Akif Aşırlı Qəribsoltanın vəfatı ilini 1965-ci il göstərir, (http://www.zerdab.com/h%C9%99s%C9%99n-b%C9%99y-z%C9%99rdabinin-unudulan-oglu-s%C9%99ff%C9%99t-b%C9%99y-z%C9%99rdabi/), hər iki müəllif Qəribsoltanın əsəblərinin “pozulmasına” (Əsla! Belə olsaydı dünya şöhrətli bəstəkarı, onun tanınıb-seçilən övladlarını, bəstəkarın həkim bacısını necə yetişdirər, hələ dövrünün Lenin ordeni kimi ən yüksək təltifinə necə layiq görülərdi?..) işarə edir. Bununla belə onunla bağlı tarixə iz sala bilmişlər .
Həsən bəy Zərdabi şəcərəsini uzun illər araşdıran Eldəniz Həsənov bir sıra araşdırma yazılarında, hətta “Zərdabi ocağından çıxanların məzarları haradadır, yaşadıqları ünvanlar bəllidirmi?” adlı məqaləsində Qəribsoltanın məzarının harada olmasını göstərməyib.
Ümumiyyətlə, Zərdabinin cəfakeş övladı Qəribsoltanın, habelə Hənifə xanımın bəlkə bu gün, ya sabah, bəlkə 50 il, 100 il sonra bir ziyarətçisinin ola biləcəyini heç nəzərə almadan onların sorağına çıxılması, axtarışların aparılması barədə 1 cümləlik belə məlumat getməyib.
Heç gələcəyin maraqlanacaq ziyarətçilərinə toxunmayaq. Birdən həmin köhnə qəbirstanlıq şəhərsalma proqramlarının birinin tələbinə görə sökülməli oldu və o nəsildən bir kimsə də sağ olmadı ki, sahib çıxsın bu qəribə – bəs onda necə olacaq?! Hələ ağrılı yaddaşdır ki, Zərdabimiz özü 3 dəfə dəfn olunub. Üstəlik Hənifə xanımdan dəqiq-dürüst xəbər yoxdur. Yazanlarının bir qismi məlumat verir ki, o, 1957-də “qaliba” Həsən bəylə birlikdə Fəxri Xiyabanda dəfn olunub. Bəlkə orada dəfn olunmayıb. Dəfn olunsaydı yəqin ki, bu haqda bircə cümləlik qeyd olardı.
Bu baxımdan E.Həsənov həqiqi milli təəssüb hissi ilə Hənifə xanımın və eləcə də Zərdabi nəsli yadigarlarının qəbirlərinin, yaşadıqları evlərin lövhələrinin olmamasından narahatlıq ifadə edir.
Yazanların digər qismi isə Hənifə xanımın həmin ildə Həsən bəyin məzarı yanında dəfn olunduğunu bildirir. Başqa bir qism yazanlar orada Hənifə xanıma aid qəbrin olmadığını israrla bildirirlər… Həqiqət də budur ki, H.Zərdabi məzarı “həndəvərində” Hənifə xanıma aid qəbir yoxdur.
Əcaba, bəlkə Hənifə xanımın məzarı elə Qərib Soltanın yanındadır?.. Bu da mənim daha tutarlı arqumentə söykənən versiyam… Yeri gəlmişkən, neçə illər əvvəl mən Azərbaycan nəşriyyatında “Cahan+”adlı qəzeti nəşr edərkən (6 il çap olundu) Səttar Zərdabi ad-soyadı ilə özünü təqdim edən, əslindəsə, sonradan bildiyim üzrə, Zərdablı təxəllüslü bir qəzet redaktoru ilə Zərdabi şəxsiyyəti, ailəsi barədə həmsöhbət olduqda ona görkəmli bəstəkar Rauf Hacıyevin uzaq qohumlarından olduğumu deyib, ondan bəstəkarın anası Nanə xanım, həmçinin Qəribsoltan təxəllüsü barədə, onların dəfn olunduqları qəbiristanlığın yeri haqda soruşmuşdum. Zərdabinin qohumu, əmisi oğlu olduğunu deyən Səttar müəllim bunu heç kimin bilmədiyini və bütün əlaqədar adamların Qəribsoltanın qəbir yerini axtardıqlarını söyləmişdi. Qəribə və əcaib! Adam da əmisi qızının son ünvanını bilməz?! Əmioğlu, tutaq ki, bu və ya digər səbəbdən o -əzizi dəfn olunan vaxtlar uşaq olar, uzaqda olar, bilməz. Bəs 45 il ərzində də öyrənib baş çəkməzmi?! Bəlkə də Səttar Zərdablı haqqında çox yazdığı Leninin olduğu yerləri qarış-qarış gəzməkdənsə Bakıda qəbiristanlıqları bir az dolaşsaydı, Hənifə xanımın da, Qəribin də, hələ Nanənin də məzarlarını tapardı – ya əsl qohum kimi, ya da sadəcə milli təəssübkeş, üstəlik (deyəsən, hətta “Əkinçi” qəzetinin) redaktor kimi.
Təxminən 2011-ci ildə olmuş bu söhbətdən sonra mənim özümdə də doktorluq dissertasiyamın tədqiqat mövzularından biri olan H.B.Zərdabi ruhuna hörmətdən irəli gələrək, maarifçi qadınımız kimi, həmçinin mənim uzaq qohumum bəstəkar Rauf Hacıyevin, onun övladlarının, eləcə də bacısı Adilənin həyatında böyük rol oynamış insan kimi Qəribsoltanın məzarını axtarıb tapmaq marağı oyandı. Həmin vaxt elmi və şəxsi problemlərim çox əhəmiyyətli olan bu tarixi faktı üzə çıxarmağa, sırf onunla məşğul olmağa imkan verməsə də toyda, yasda rastlaşdığım qohum-əqrabadan soraqlaşır, damla-damla göl olan faktlar mənim fikrimdə bəzi qaranlıq məqamlara da məntiqi surətdə aydınlıq gətirirdi. Əlbəttə, bu aydınlıq üçün ata nənəmin hələ lap uşaqlıqda Soltan bibioğlusundan, onun “Nanəsindən”, onların ayrılığından, Nanənin yetim qalan iki övladından, bu yetimlərdən Raufun tale yazısından, sonralar məşhur bəstəkar R.Hacıyevin evinə gedib- gəlməsindən və yadında qalanları mənə nəql eləməsindən yaranan yaddaş arxivimin xüsusi səhifələri də əsaslar verirdi.
Nəhayət, ötən ilin sonlarında şəxsi problemlərimdən xeyli azad olduqdan sonra daha ciddi axtarışlara başladım. İlk dayanacaq ünvan, əlbəttə ki, məni az qala beşikdə görmüş Zümrüd Aydəmirova ad-soyadlı, “Şəkər bacı” (bizdə xasiyyətə görə belə adlar deyilir) adını qazanmış xanım qohumum oldu. Zümrüd Aydəmirova Rauf Hacıyevin Tofik adlı əmisinin böyük qızı idi.
“Şəkər bacı” bildiklərini həvəslə və nəyinsə yadından çıxmamasına çalışaraq söylədi… Az idi məlumat… -“Şəkər bacı” Raufun bibisi Qəmər xanımın (mən ona anamın dili ilə Qəmər bacı deyərdim) qızı, Raufun ata nənəsi Zinyət nənənin adı qoyulmuş xanımla, sonra onun qardaşlarının ailə üzvləri ilə əlaqə yaradır, onlar haqda topladığı məlumatları mənə çatdırırdı.
Nəhayət, Rauf Hacıyevin bibisi oğlu Kamilin ailəsindən tutarlı sayılacaq məlumatlar gəldi və əsas da 3 telefon nömrəsi…
Bu telefon nömrələri ilə çox uzaq qohumumla – bəstəkar Rauf Hacıyevin qızı Nana (ad Nanə adına qoyulsa da istər rəsmən, istərsə də müraciət formasında daim Nana olub) xanımla danışıb, onu məni Qəribsoltanın qəbrini ziyarətə aparmağa razı saldım.
Ancaq bərabər gedəcəyimiz gün o xəstələndi və mən tək getdim əziyyətlə dəqiqləşdirdiyim məzarlığa. Köhnə qəbiristanlıqda çox axtardım. Tək-tənha bir-bir onlarla, bəlkə 100-dən çox köhnə qəbrin önündə dayandım. Sökülüb-dağılmış məzar daşlarının üstü ilə addımladım. Ot-ələf basmış qəbir yerlərinin neçəsində dayanıb üstündəki yazıları oxudum! Bəzən köhnə qəbirlərin yanında açılmış dəliklərdən qorxurdum. Mənə elə gəlirdi ki, ayağımı bir balaca ehtiyatsız atsam, dəlik böyüyər və düşərəm oraya… Qış vaxtıydı, bayram günləri də olmadığından qəbiristanlıq bom-boş idi… Bunun da vahiməsi məni lap həyəcanlandırırdı…
Amma Allah görür axı! Əziyyətim heç olmadı, axtarışım boşa çıxmadı. Qəribsoltan Məlikova adını oxuyanda gözlərimə işıq gəldi. Şəkil çəkdirdim onunla… O qərib Qəribsoltanla…Tək onunlamı?.. Dərd-dil bölüşdüm onlarla… Zərdabi ilə, onun didərginləri ilə… Utancımı, xəcalətimi ifadə elədim, üzr istədim o an başımın üstündə dolandığına inandığım ruhlardan… Ən əsası o saf, cəfakeş həqiqət aşiqlərinə söz verdim ki, səlahiyyətlilərdən Zərdabi ruhuna, Zərdabi ənənələrinə ehtiram olaraq onun varisinə, musiqi xəzinəmizi dəyərli əsərlərlə zənginləşdirmiş görkəmli bəstəkarı böyüdən insana, çox yox, 1 kvadratmetrlik, sadəcə özünün ayrıca uyuyacağı, ruhunun dincələcəyi bir əbədi mənzil – məzar verilməsini xahiş edəcəyəm…
…Axtardığımı tapdıqdan sonra uzun bir yolu payi-piyada mərkəzə gələnə qədər özümü quş kimi hiss edirdim… Allah rəhmət eləsin o didərginlərə! Amma o qəbiristanlıq və o qəbirdə və ümumiyyətlə, Qəribsoltan da daxil olmaqla, Zərdabi varisləri ilə bağlı başqa elə sirlərin aydınlığındayam ki… Yazılacaq o yazılar!..
Mən hələlik Qəribsoltanın uyuduğu qəbiristanlığın yerini bilərəkdən açıqlamıram. Gözləyək. Necə ki, Qərib bu işıqlanmanı 49 ildir gözləyir. “Bu qəbrin yerini bilirdim” – deyə biləcək “qəhrəman” zərdabişünas yoxdur. Bilsəydilər, yəqin mənim kimi qəbiristanlığın ünvanı, qəbrin fotoları da olardı yazılarında. Mən bu iddiada olanların və belə bir iddiada buluna biləcəklərin məqalələrini diqqətlə nəzərdən keçirdim və nəinki qəbrin yeri barədə heç bir qeydə rast gəlmədim, hətta Qəribsoltanın vəfat ilini və digər tarixi həqiqətlərin təhrif edildiyinin şahidi oldum. Həyatını milli tərəqqi işinə, azərbaycançılıq missiyasını icrasına həsr etmiş H.Zərdabinin ictimai-publisist yaradıcılığı kimi onun həyatı, bioqrafiyası da, hesab edirəm ki, mükəmməl surətdə araşdırılmayıb, öyrənilməyib.
Görkəmli maarifçimizin ailə üzvlərinin, xüsusən həyat yoldaşı və övladlarının da həyatı barədə məlumatlar hələlik dəqiq-dürüst faktlara söykənmir. Mən isə elə buradaca, Həsən bəy Zərdabinin ikinci dəfə dəfn edildiyi, Hənifə xanımın ilk və hazırkı məzarı haqqında və digər cəhətlər barədə dəqiq məlumatlara malik olduğumu, bu mövzuda yazılarımı davam etdirəcəyimi bildirirəm.
Xatirə QULİYEVA
Fəlsəfə üzrə elmlər doktoru, dosent