Bu gün Binəqədi rayon Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərovla bağlı verilən vəsatətə baxılıb. Bu barədə APA-ya məlumat verən R. Səfərovun vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmə onların vəsatətini təmin edərək R. Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.
R. Səfərov məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib.
Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.
Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun valideynləri prezident İlham Əliyevə və Mehriban Əliyevaya müraciət ediblər. Eldar Sabiroğlu və Tahirə Səfərova müraciətdə bildiriblər ki, Rüfət Səfərovun həbsi ağır olsa da, ümidlə yaşayıblar. Onlar bu ümidi puça çıxarmadığı üçün prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
“Siz gənc bir insanın həyatını dəmir barmaqlıqlar arasında davam etdirməsinin önünü kəsdiniz. Bu günədək yüzlərlə vətəndaşımızı həbsxana divarları arasından xilas edərək onların azadlığa qovuşması üçün göstərmiş olduğunuz böyük humanizmin və bir şəxsiyyət kimi nümayiş etdirdiyiniz rəhmdilliyin yüksək dəyər və qiymətə söykəndiyini etiraf etməyə bilmirik”, – deyə müraciətdə qeyd olunur.
Müraciət bu sözlərlə bitir: “Bir daha bu sevinci ailəmizə yaşatdığınıza görə Sizə və xanımınız Mehriban Əliyevaya dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Cənab Prezident böyük ürək sahibi olduğunuzu övladımız Rüfətin qismində bir daha göstərdiniz. Çox sağ olun!”