Zərdab sakininin 20 Yanvar xatirələri

0
130

Zalımın qarşısında divar kimi dikəlməyən kəs, ondan gələcəkdə gördüyü hər zülmə qatlanacaqdır.

Həzrət Əli

1990-cı ilin yanvar günlərində, tale elə gətirmişdi ki, mən Bakı şəhərində hərbi hospitalda müalicə olunurdum. Yanvarın 13-də günorta “Azadlıq” meydanında keçirilən mitinqdə iştirak edirdim. Mitinqdə olduqca radikal təkliflər irəli sürülürdü. Məqsəd bir idi: Dağlıq Qarabağ Muxtar Vilayətini ermənilərdən necə müdafiə etməli? Mitinqdən sonra mən Basin küçəsi ilə   L. Şmidt küçəsinin kəsişdiyi yerdə bir qrup adamın Basin küçəsinə ev əşyaları daşıdığını gördüm. Dedilər ki erməni evidir, boşaldırlar. Küçədən keçənlər hamısı buna tamaşa etmək üçün dayanırdılar. Xeyli adam toplaşmışdı. Elə bu vaxt L. Şmidt küçəsi ilə üzüaşağı, əsgəri addımlarla təqribən 200 nəfər daxili qoşun kursantı öz komandirləri ilə birlikdə irəlləyirdilər.  Əllərində dəyənək də var idi. Güman etmək olardı ki, onlar hadisəninin qarşısını alacaqlar. Lakin kursantlar heç nə olmayıbmış kimi, sakitcə ötüb keçdilər. Görünür doğurdanda erməni  “talanları” zamanı Bakıda olan 11 min 500 daxili qoşun əsgərinə heç bir işə qarışmamaq əmri verilibmiş. Görəsən, buna səbəb nə idi?

Yanvarın 18-də müalicə olunduğum hospitala bir nəfər yaralı gətirdilər. Cərrahiyyə əməliyyatı aparılarkən məlum olmuşdu ki, yaralı özü-özünə qəsdən atəş açaraq, yüngülcə yaralanmışdır. Və o da məlim olmuşdu ki, bu Rostovdan səfərbər edilmiş “rezervistdir”, həmçinin narkomandır (o, “qayda yaratmağa” gəlmişdi). Onu travmatologiya şöbəsinin 10-cu palatasında yerləşdirib, (3-cü mərtəbədə) əllərini də çarpayıya sarımışdılar. Gecə saat 12 radələrində o , əllərini açaraq  tibb bacısının, yanındakı xəstələrin və köməyə gəlmiş   podpolkovnik N. B. İqumunovun müqavimətinə baxmayaraq, özünü pəncərədən atmışdı. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı.

Beləcə açıldı o dəhşətli 19 yanvarın səhəri. Ancaq gecə ara-sıra atəş səsləri eşidilirdi. Hərbiçilər deyirdilər ki, bu müxtəlif obyektlərdə dayanan gözətçilərdir. Biri atəş açır

(havaya), digəri cavab verir. Vaxt çox ləng gəlib, keçirdi. Nə isə dəhşətli bir faciənin yaxınlaşdığı hiss olunudu. Lakin radio və televiziya ilə olduqca sakit tərzli xəbərlər gəlirdi. Saat təqribən 19:45-də televiziya və radiolar susdular. Bu böyük təşviş doğurdu. Hamı bir-birinə dəydi. Lakin heç bir məlumat ala bilmədik. Saat təqribən 20:30-da neyrocərrahiyyə şöbəsinin müdiri podpolkovnik Aleksey Vasilyeviç Rak bildirdi ki, saat 24:00-da hərbiçilər şəhərə daxil olacaqlar. Ordu generalı D. Yazov (SSRİ Müdafiə Naziri)

artıq Bakıdadır. Deyirlər ki, bu gün saat 12.00-da OİK stadionuna vertolyotla düşərək qaça-qaça qərərgaha gəlmişdir. “Bakı əməliyyatı”nın baş qərargahı OİK stadionunda yerləşir…

Saat 24:00-da o müdhüş gecənin qaranlığını işıq saçan güllələrin şüası “bayram atəşfəşanlığı”na döndərdi. Qulaqbatrıcı atəş səsləri adamı dəhşətə gətiridi. Kimisi qorxudan gizlənir, kimisi pəncərənin qarşısına çıxır, kimisi yerindəcə donub qalmışdı. Bütün silahlardan: avtomat, pulemyot, tapanca, BMP (PDM) və tanklardan atəş açılırdı. Saat 01 radələrində hospitalın giriş qapısının qabağı ilə hərəkət edən QAZ-53 markalı maşına hərbiçilər atəş açaraq, onu zədələdilər. Maşın yoldan çıxıb, divara dəyərək dayandı. Sürücü güllə yarasından ölmüşdü. Bu əməliyyatın həyata keçirilməsində hospitalda mənimlə bir palatada yatan və həmin vaxt sərxoş vəziyyətdə olan podpolkovnik N. B. İqumunovun rəhbərliyi ilə qospitalda müalicə olunan hərbiçilərdən düzəldilmiş qrup da iştirak edirdi.

Bəli, həmin o dəhşətli gecədə şəhər elə bil od tutub yanırdı və adama elə gəlirdiki bir daha səhər açılamayacaq. Həmin axşam hospitala çoxlu yaralı gətirildi. Onların arasında mülki şəxslər çox idi.

Təqribən 01:30-da hospitalın qarşısında zirehli maşınlar göründü. Maşınlar qospitalın qarşısında şəstlə dövrə vurararq geri qayıtdılar. Sanki silahsız adamlara qalib gəldikləri üçün fəxr edirdilər.

Hospitalın, “Böyük xoll” deyilən palatasında mənimlə birlikdə yatan, Moskva ətrafında yerləşən “N” saylı hissəsinin siyası şöbə rəisi podpolkovnik V. Karpin də müalicə olunurdu. Hadisədən qabaq ayağı buruxulmuşdu. O deyirdi: “Bizə Dağlıq Qarabağ Muxtar Vilayətinə uçmaq haqqında əmr verilmişdi. Lakin Bakı Aeroportunda düşürtdülər və dedilər ki, qalan məsafəni maşınla gedəcəyik. Beş gün Aeroportda açıq havada qaldıq. Əsgərlər cana yığılmışdılar. Belə hesab edirəm ki, silah işlətmədən keçinmək olardı. Çünki ordunun qabağını silahsız adamlar kəsmişdilər. Onlarla lap bir ay da olsa, danışıqlar aparmaqla işi yoluna qoymaq olardı”.

Yanvarın 21-də bizim palataya Salyan kazarmasından hərbiçi, batalyon komandirinin müavini, kapitan D. Xmelenkonu gətirdilər. Kapitan D. Xmelenkonun söylədiklərindən: “…Biz zabitlər heç birimiz gözləmirdik ki, nəinki camaata atəş açmaq, hətta onları kazarmanın qabağından “qovmaq” əmri veriləcək. Lakin bunun əksinə, saat 23:30-da batalyon komandiri zabitləri bir yerə yığıb göstəriş verdi ki, hissəmizə saat 24:00-da kazarmadan çıxıb camaatı qovmaq əmri verilmişdir. Əgər atəş açılarsa, ( camaat tərəfindən) onda atəş açılan tərəfə atəş açmağa icazə verilir. Batalyonumuza bir rota “rezervist” əlavə etmişdilər. Biz iki rota birləşib camaatı kazarmanın darvazasının qabağından geri aparmağa başladıq. Bu zaman arxamızca gələn “rezervistlər” havaya güllə atırdılar. Təqribən 50 metr getmişdik ki, dizimdən yaralandım. Güllə camaat tərəfindən atılmadı və mən onların əlində silah görmədim. Gülləni dizimdən çıxarandan sonra məlum oldu ki, haradansa sivişib mənə dəymişdir. Çox güman ki, bu, “havaya” atılan güllələrdən idi…”

Nələr baş verməmişdi o gecə?! Hərbiçilər Əfqanıstan təcrbəsindən geniş istifadə etmiş, hər bir qaraltıya, işığa, kola – qarşılarına çıxan nə varsa, hamısına şiddətli atəş açmış, misli görünməmiş, günahsız qanlar axıdılmışdı…

Hər il respublikanın hər yerində bu gün HÜZN GÜNÜ kimi qeyd edilir. Həmin vaxtdan 26 il keçməsinə baxmayaraq, qatillər hələdə cəzalarına çatmamışlar. Xalq faciənin günahkarlarını heç vaxt bağışlamayacaq.

Yaşar İskəndərli, Zərdab şəhər sakini

P.S. Torpağımızda nahaq qanlar axıdılmaqdadır. Erməni caniləri qanlı terroru  və vəhşi özbaşnalığı davam etdirirlər. 20 Yanvarın birinci ildönümü ərəfəsində şəhidləriimizin siyahısına daha bir övladımızın da adı əlavə olunmuşdu. “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova  düşmən gülləsinin qurbanı olmuşdu. “Komsomolskaya Pravda” qəzeti 10 yanvar 1991-ci tarixli nömrəsində yazmışdır:

“…Gənc jurnalist (Salatın Əsgərova) böyük əks-sədaya səbəb olmuş ilk  məqalələrindən birində uşaq evlərindən yazmışdı. Məqalə onunla birlikdə  uşaq evlərinə getmiş oğlunun sözləri ilə qurtarırdı:

– Heç vaxt ölmə, ana xahiş edirəm. Mən belə yerə düşmək istəmirəm. İndi altı yaşlı uşaq yetim qalmışdır…”