Dünən həbs edilən keçmiş müstəntiq Rüfət Səfərov artıq 1 saylı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə keçmiş müstəntiqin vəkili Bəhruz Bayramov açıqlama verib.
B.Bayramov musavat.com-a bildirib ki, R.Səfərova qarşı iki il əvvəl baş vermiş bir hadisəyə görə ittiham elan edilib: “Absurd və formal mülahizələrə, sübutlara əsaslanır. Özünün dediyi kimi bəyanat verib, prokurorluq orqanlarından çıxmasına görə bu ittiham uydurulub. Konkret zərərçəkən tapılıb. O da Zərdab sakinidir, onun ifadəsi alınıb. Amma hazırda istintaq davam etdiyi üçün bu barədə açıqlama verə bilmərəm”.
Qeyd edək ki, Rüfət Səfərov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. R. Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub. Onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, eks-deputat Eldar Sabiroğlunun oğludur, Zərdab Rayon Prokurorluğunda çalışırdı.