Prezident pensiya və müavinətlərin artırılması barədə sərəncam verdi

0
38

Prezident İlham Əliyev “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Zerdab.com xəbər verir ki, fərmana əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 (iki yüz iyirmi) manat müəyyən ediləcək.

“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” prezidentin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanının 1-ci hissəsində “200 (iki yüz)” sözləri “220 (iki yüz iyirmi)” sözləri ilə əvəzlənəcək. Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycan prezidenti İlham Əliyev həmçinin əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb.

Zerdab.com-un xəbərinə görə, sərəncamla əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.

Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
“Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 avqust tarixli 3096 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 976) 1-ci hissəsi ləğv edilsin.

Prezident İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” prezidentin 2013-cü il 22 avqust tarixli 3079 nömrəli sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılacaq.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısı 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Fərman imzalayıb.

Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.

2. “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 17) 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilsin:

“1.1. I qrup əlillərə – 165 manat

1.2. II qrup əlillərə – 143 manat

1.3. III qrup əlillərə – 110 manat.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

Zerdab.com