Dövlət Statistika Komitəsinin vəzifəli şəxslərinin fəaliyyətində qanuniliyin və şəffaflığın artırılması, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsi, korrupsiya hüquqpozmalarına gətirib çıxaran hərəkətlərin qarşısının alınması məqsədilə Dövlət Statistika Komitəsinin internet səhifəsində etik məsələlər üzrə xüsusi bölmə yaradılıb. Dövlət qulluqçularının fəaliyyətinə daim nəzarət edilərək, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər həyata keçirilib, Komitənin əmr, sərəncam və tapşırıqlarının yerinə yetirilməsində qüsurlara yol vermiş dövlət qulluqçularına qarşı intizam tənbeh tədbirləri tətbiq edilib.
Etik davranış qaydalarını pozduğuna görə Dövlət Statistika Komitəsinin Zərdab Rayon Statistika İdarəsinin rəisi Əhməd Bağırov, hesabat və icraçılıq intizamında yol verdikləri nöqsanlara və icraçılıq intizamına nəzarəti lazımi səviyyədə təşkil etmədiklərinə görə Dövlət Statistika Komitəsi kollegiyasının qərarı ilə Sabirabad Rayon Statistika İdarəsinin rəisi Fuad Məmmədov, Ağcabədi Rayon Statistika İdarəsinin rəisi Elsevər İsmayılov, Qusar Rayon Statistika İdarəsinin rəisi Abdulkərim Aşurov, Masallı Rayon Statistika İdarəsinin rəisi Sübhan Hüseynov, Kürdəmir Rayon Statistika İdarəsinin rəisi Ağalar Hacıyev barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilib.
Bundan başqa, yol verdikləri nöqsanlar Daşkəsən Rayon Rayon Statistika İdarəsinin rəisi Xasay Hüseynovun, Zəngilan Rayon Statistika İdarəsinin rəisi Fuad Şıxaliyevin, Hacıqabul Rayon Statistika İdarəsinin rəisi Elman Nəcəfovun, İsmayıllı Rayon Statistika İdarəsinin rəisi Əziz Əzizovun, Şəmkir Rayon Statistika İdarəsinin rəisi Qafqaz Süleymanovun nəzərinə çatdırılıb, maliyyə vəsaitlərindən istifadə sahəsində yol verdikləri nöqsanlara görə Dövlət Statistika Komitəsinin əmri ilə Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənova, Masallı Rayon Statistika İdarəsinin rəisi Sübhan Hüseynova, baş mühasibi Əhməd Kərimova, Şamaxı Rayon Statistika İdarəsinin rəisi Azər Məmmədova, baş mühasibi Tağı Qaraoğlanova, Şabran Rayon Statistika İdarəsinin baş mühasibi Hacıkişi Mahmudova xəbərdarlıq elan edilib, Lənkəran Şəhər Statistika İdarəsinin rəisi Vaqif Mustafayev və baş mühasib İlham Abbasov barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilib.