Zərdabda idmanın müxtəlif növləri inkişaf etdirilir. Müxtəlif nailiyyətlər də var. Məsələn, qızlar arasında şahmat üzrə respublika çempionatında İzzət Rəhimli 2-ci yeri tutaraq Avropa çempionatında iştirak etmiş, 2009-cu ildə respublika çempionu olaraq Yunanıstanda keçirilən məktəblilərin dünya çempionatında 5-ci yeri tutmuşdur. Şahmat üzrə keçmiş Azərbaycan çempionu Fərid Zeynalov İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə 245 iştirakçı arasında 25 ən günclü şahmatçı sırasına düşmüşdür.
Taekvondoçu qızların respublika çempionatında Nərmin Camalzadə gümüş medal, 5 qız idmançımız bürünc, 1 qız idmançımız “Qara kəmər” qazanmışdır.
Gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayan hərbi idman oyunlarına diqqət artmış, Gəlmə kənd orta məktəbinin “Cəsurlar” komandası respublika turunun final mərhələsində I yeri, şəhər 1 saylı orta məktəbin “Şahin” komandası isə 5-ci yeri tutmuşlar.
Onu da qeyd edək ki, Gəlmə kənd orta məktəbində “Cəsurlar” komandası 2009-cu ildə Bakı şəhərində keçirilən hərbi idman oyunlarının respublika finalında bütün rəqiblərinə qalib gələrək ölkə tarixində kənd komandası olaraq ilk dəfə çempion olmuşdur. Komandanın üzvləri hər üç mərhələdə rayonların, eləcə də Bakı, Sumqayıt, Gəncə kimi güclü ənənələrə malik şəhərlərin komandalarını arxada qoyaraq respublika üzrə 1-ci olmuşlar.
Hazırda Zərdab şəhərində, qəsəbə və kəndlərdə 49 idman qurğusu, o cümlədən 26 sadə idman qurğusu, 17 örtülü idman zalı, 3 atıcılıq tiri, 2 uşaq gənclər idman məktəbi, 1500 yerlik stadion daimi fəaliyyətdədir.
Zərdab rayonunda bədən tərbiyəsi müəssisələrinin fəaliyyətini xarakterizə edən göstəricilər
– Cəmi idman qurğularının sayı: 51
– Stadionlar 1
– Təhsil ocaqlarının idman zalları: 19
– Atıcılıq tirləri: 3
– Sadə idman qurğuları: 27
– Şahmat klubları: 1
– Bədən tərbiyəsi və idmanla məşğul olanların sayı: 3400
– Birinci dərəcəli: 24
– Beynəlxalq yarışların mükafatçıları: 2
– İdman müəssisələrində çalışanların sayı: 133 nəfər
Bu rəqəmlər Zərdab rayon Statistika İdarəsinin rəsmi 2009-cu ilə olan məlumatları əsasında hesablanmışdır.
2009-cu ilin aprel ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş Prezident Kuboku uğrunda keçirilən idmanın karate – do növü üzrə beynəlxalq turnirdə rayonumuzun idmançıları 1 qızıl, 2 gümüş, 4 bürünc medala layiq görülmüşlər.
Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramlarının və ona uyğun yerli İcra hakimiyyəti orqanlarının geniş tədbirlər planının həyata keçirilməsi yerlərdə gənclərin məşğulluğunun artmasına imkan yaratmışdır. Artıq gənclər ictimai faydalı əməyə aktiv qoşulur və öz yaşadıqları bölgələrdə istehsalın və xidmətin artırılmasında mühüm rol oynayırlar.
2003-2009-cu illər ərzində Zərdab rayonunda məşğul gənclərin sayı 105 faiz artmışdır. Həmin illərdə məşğulluq mərkəzində qeydə alınan gənclərin sayı 1,86 dəfə azalmışdır ki, bu da onların işlə təmin olunmasına müsbət təsir etmişdir. Rayonda fəaliyyət göstərən Uşaq Yaradıcılıq Məktəbində çalışan 29 nəfər təşkil edilmiş 31 dərnəyə 465 gənci cəlb etmişlər. Zərdab rayonunda gənclərin bacarığını və dünyagörüşünü işıqlandıran və onları aktiv fəaliyyətə cəlb edən Gənc Texniklər Stansiyası vardır. Burada 87 dərnək fəaliyyət göstərir və bu dərnəklərə 1255 nəfər gənc cəlb edilmişdir.
2003-2009-cu illərdə rayonun Gənc Texniklər Stansiyasında çalışan işçilərin sayı – 24 nəfər, dərnəklərin sayı – vahid, dərnəklərdə məşğul olanların sayı isə 181 nəfər artmışdır.
Zərdab rayonu üzrə gənclərin məşğulluğunu xarakterizə edən məlumatlar:
Cəmi: 14 min 266 nəfər
Kişilər: 7120
Qadınlar: 7146
Gənc ailələrin sayı: 184
Gənc ailələr arasında boşanmaların sayı: 28
Məşğullu mərkəzində qeydə alınmış gənclərin sayı: 83
Dərnəklərdə məşğul olanların sayı: 1255
Bu rəqəmlər Zərdab rayon Statistika İdarəsinin rəsmi 2009-cu ilə olan məlumatları əsasında hesablanmışdır.
Suverenlik illərində ölkə rəhbərliyinin idmana və idmançılara göstərdiyi hədsiz qayğının nəticəsində tanınmış idmançıların sayı ilbəil artmaqdadır.
Allahverdiyev Məhyəddin;1962-ci ildə Sumqayıtda anadan olub. Valideynləri Sumqayıta Zərdabdan köçüblər. Məhyəddin güləş üzrə üçqat dünya çempionun adını qazanmış, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti olmuşdur.
Abbaszadə Arzu Əlabbas qızı; 1992-ci ildə Zərdab şəhərində anadan olub. 10 yaşlı qızlar arasında şahmat üzrə Azərbaycan çempionu (2001), Yunanıstanda keçirilmiş dünya çempionatının (2001) iştirakçısı (IV yer), Azərbaycan çempionatında II yer (2003) tutmuş şahmatçı, İspaniyada keçirilən Avropa çempionatının iştirakçısı. Azərbaycan İdman Akademiyasının tələbəsidir.
Əliyev Kərim Böyükkişi oğlu, Şahmat üzrə ilk zərdablı Azərbaycan çempionu; 1937-ci il aprelin 23-də Zərdabda anadan olub, şəhər 1 saylı orta məktəbini, 1960-cı ildə Azərbaycan Pedaqoji Universtetinin riyaziyyat fakültəsini bitirib, müəllim kimi Zərdabın müxtəlif təhsil ocaqlarında çalışıb. Şahmata xüsusi marağı ilə fərqlənib və 1976-cı ildə şahmat üzrə Azərbaycan çempionu olub. Zərdab şəhər 3 saylı orta məktəbin direktorudur.
Camalzadə Nərmin Akif qızı: 1993-cü il sentyabrın 21-də Zərdab şəhərində anadan olub. Karatenin VKC növü üzrə Azərbaycan çempionu, Prezident Kuboku uğrunda respublikamızda keçirilən 2 beynəlxalq turnirin qızıl mükafatçısı, Azərbaycan kubokunun sahibidir. 2009-cu ilin sonlarında Ukraynanın Odessa şəhərində keçirilən karatenin VKC növü üzrə beynəlxalq turnirin qızıl medalına və “Ən texnikalı idmançı” kubokuna layiq görülmüşdür. 2010-cu ilin Odessa şəhərində keçirilən beynəlxalq yarışda Avropa Çempionu adına layiq görülmüş, qızıl medal və dünya kubokunu qazanmışdır.
Camalzadə Nihalə Akif qızı: 1992-ci il avqustun 22-də Zərdab şəhərində anadan olub. Taekvondo üzrə XIX Azərbaycan çempionatında (2009-cu il) qalib gələrək qızıl medal qazanmışdır.
Rəhimli İzzət Rauf qızı: 1995-ci ildə Zərdab şəhərində anadan olub. 2009-cu ildə 14 yaşlı qızlar arasında şahmat üzrə Azərbaycan çempionu olmuş, ölkə birinciliyində yaşıdları arasında dəfələrlə II və III yerləri tutmuşdur. Avropa və dünya çempionatlarında iştirak edib, 2009-cu ildə Yunanıstanda keçirilən V dünya çempionatında V yeri tutub.
Zeynalov Fərid Fariz oğlu: 1986-cı ildə Zərdab rayonunun Gəlmə kəndində anadan olub. 2005-ci ildə 20 yaşlı oğlanlar arasında şahmat üzrə Azərbaycan çempionu olub, Prezident kuboku uğrunda beynəlxalq turnirdə II yeri tutub. Şahmat üzrə dünya çempionatının iştirakçısıdır. 2009-cu ildə İranda keçirilən beynəlxalq turnirdə FİDE ustası normasını ödəyib.
Gəlmə “Cəsurlar”ı – Azərbaycan çempionu
Gəlmə kənd orta məktəbinin komandası 2009-cu ildə “Cəsurlar” hərbi-idman və turizm oyunlarının respublika finalında tarix yazıb. Komanda ölkəmizin tarixində ilk dəfə olaraq kənd məktəbi komandası kimi bütün şəhər məktəblərini də geridə qoyaraq “Cəsurlar” hərbi-idman və turizm oyunlarının final mərhələsində I yeri tutmaqla Azərbaycan çempionu adını qazanıb.
Halaldı, Gəlmə kənd orta məktəbinə.
Comments are closed.