Rəsulov Tofiq Məhəmməd oğlu 1929-cu ildə Zərdabda anadan olub. 1947-ci ildə orta məktəbi bitirib. Həmin il Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Təhsilini başa vuraraq 1953-cü ildə həkim-terapevt kimi Zərdabda işləyib.
1960-cı ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutuna aspirant qəbul olunub. İki səmərələşdirici təklif vermişdir. Rentgen aparatı ekranında yaratdığı əlavə qurğu Moskva Mərkəzi Elmi-Tədqiqat Rentgenologiya İnstitutunda ixtira kimi qiymətləndirilmişdir.
1968-ci ildə Daşkənddə dissertasiya müdafiə etmiş, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Uzun müddət Bakı şəhərində, 1980-ci illərdən ömrünün sonunadək isə doğma Zərdabda həkim işləmiş, bölgənin ən yaxşı həkimlərindən biri kimi şöhrət qazanmışdır. 1989-cu ildə Əməkdar həkim fəxri adına layiq görülmüşdür. 2006-cı ildə Zərdabda vəfat etmişdir.