Zərdab Rayon Mədəniyyət Şöbəsində çalışanlar 3 aydır ki, maaşlarını ala bilmirlər. Bir müddət öncə bu barədə Zerdab.com saytında məlumat vermişdik. Yayılan məlumatlarda qeyd olunurdu ki, maaşların gecikməsi Maliyyə Nazirliyinin pulları rayonun büdcəsinə köçürməməsi ilə bağlıdır. Sözügedən şöbədə çalışanlardan biri isə: “3 aydır maaş almırıq. Mədəniyyət Şöbəsinin müdiri isə hər dəfə söz verir, amma nəticə yoxdur”,-deyə bildirmişdi.
Bəzi xəbər saytlarında isə iddia olunur ki, büdcə işçilərinin maaşı mənimsənilib: “Amma bunu hansı yollarla etdikləri müəmmalıdır. Vətəndaşları isə qorxudurlar ki, etiraz edənlər ümumiyyətlə işdən qovulacaq”.
Dünən Zərdab Rayon Mədəniyyət Şöbəsinin tabeliyində çalışan işçilərdən biri Zerdab.com saytına müraciət edərək hələ də maaşlarını ala bilmədiklərini bildirib. Onun sözlərinə görə, 1 ay öncə maaşlarının ödənəcəyi vədi verilsədə buna əməl olunmayıb: “Başqa rayonlarda çalışan tanışlarımız vasitəsi ilə maraqlanmışıq, deyirlər ki, bizim maaşlarımız vaxtında verilib. Bəs Zərdabda niyə belədir? Rayon rəhbərliyi bu məsələyə niyə göz yumur?”
Qeyd edək ki, bu mövzuda xəbər Zerdab.com saytının “facebook” səhifəsində yayımlandıqdan sonra Samir Əliyev adlı istifadəçi bu mövzuda maraqlı bir açıqlama verib. Onun açıqlamasını olduğu kimi təqdim edirik: “Noyabrin maasin vermeyibler artiq dekabr ayinin sonu catir. Bezi menbeler maasin hele verilmeyeceyini soyleyirler. Budcede pul yoxdu filan kimi sohbetler gezir. Ne olursa olsun iş saatinin pulu vaxti vaxtinda odenilmelidir. Bu ne demekdirki? İşçinin maaşı kesilsin. Budceden pul ayrilir maas ucun. İnsanlar ac qalmalidi? Her kesin ailesi usagi var. Bele bir vaxtda maassiz ne qeder qalmalidi insan? Maaslar verilmese men şexsen etiraz sesimi Prezdente catdiracam. Görüm kicik memurcuqlar maasi hara yeyib sovurublar”.
Məsələ ilə bağlı Zərdab rayon rəhbərliyinin, Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsinin də mövqeyini işıqlandırmağa hazırıq. Qeyd edək ki, problemlə bağlı Zerdab.com saytı Mədəniyyət və Turizm Nazirliyinə sorğu göndərəcək.
Zerdab.com