Abdulla Ağa Bakıxanov Abbasqulu ağa Bakıxanovun ata bir, ana ayrı qardaşıdır. Onların atası 2-ci Mirzə Məhəmməd xan 3 dəfə evlənmişdir. Birinci arvadı gürcü qızı Sofiyadan Abbasqulu ağa və Cəfərqulu ağa, ikinci arvadı Xeyransa xanımdan Qədir ağa, Mustafaqulu ağa, Cavad ağa və Abdulla ağa dünyaya gəlmişlər. Üçüncü arvadı Xanbikə xanımdan isə övladı olmamışdır. Cəfərqulu ağanın vəfatından sonra Bakıxanovlar nəslinin qanuni varisi Abdulla ağa olmuşdur.
Abdulla Ağa Bakıxanovun hərbi fəaliyyəti haqqında məlumat azdır. Lakin onun general olmasını təsdiq edən 2 arxiv sənədi var. Birincisi, Azərbaycan Dövlət Tarix Muzeyində saxlanılan 29 aprel 1894-cü ilə aid sənəddə deyilir ki, 1859-cu ildə qubalı zadəgan, polkovnik Ağabəy Sadıqov Quba qəzasındakı Xudat adlı kəndini hazırda general-mayor rütbəsində olan Abdulla ağa Bakı-xanova dövlət qanunu ilə satmışdır.
İkinci sənəd isə respublika Əlyazmalar İnstitutunda saxlanan, general-mayor Abdulla ağa Bakıxanovun görkəmli maarifpərvər Həsən bəy Zərdabiyə yazdığı məktublardır. Birinci məktubda (4 may 1873-cü il) general Abdulla ağa yazır: “Qəzet nəşr etmək xəbərini eşidəndə sevindim. Sizə mətbəə açmaqdan ötrü min manat vəsait göndərirəm”.
24 oktyabr 1873-cü il tarixli ikinci məktubunda isə general-mayor Abdulla ağa Bakıxanov Zərdabiyə bildirir ki, “Əkinçi”ni çıxartmaq üçün hər şeydən, xüsusilə maddi çətinlikdən çəkinməsin, lazım gələrsə, əlavə yenə pul verməyə hazırdır.
Qəzetin Azərbaycan xalqına böyük kömək edəcəyini yaxşı başa düşən general Abdulla ağa Bakıxanov müxtəlif idarələrə müraciət edib “Əkinçi”nin çıxması üçün var qüvvəsi ilə çalışıb. Zərdabiyə isə abunəçi toplamaqda çar çinov-niklərini “narahat” etməməyi məsləhət görmüşdür.
Məktubların məzmunundan məlum olur ki, maarifpərvər Zərdabi ilə general A. Bakıxanov yaxın dost olmuşlar. O, 19 iyul 1875-ci il tarixli məktubunda yazırdı:
“Əziz və istəkli Həsən bəy!
Sizin məktubunuzu Tiflisdə aldım. Qəzetin nəşri haqqında elan isə Qubada mənə məlum oldu. Ona görə də mən Tiflisdən məktub yazmaq imkanından məhrum oldum.
Qubaya gəldikdə öyrəndim ki, Əhməd ağa onları paylamış, bir neçə nüsxəni isə özündə saxlamışdır. Elə burada öyrəndim ki, elanların paylanması üçün siz hökümətə müraciət etmisiniz. Və onların vasitəsi ilə abunəçi toplamısınız. Onu da deməliyəm ki, yuxarı dairələri narahat etməkdənsə, qəzetin labüdlüyünü dərk etdirmək yolu ilə abunəçilər axtarmaq daha yaxşı olardı. Onda xeyrini dərk edən xalq könüllü olaraq sizin qəzeti qəbul edərdi. Qəzet də möhkəm zəmin üzrə yayılardı.
Nə isə, bu mənim şəxsi mülahizəmdir. Ona görə də sizi vadar etmirəm.
Hər halda, mən sizin tədbirə kömək etməyə çalışacağam. Allah eləsin ki, müsəlman əhalisi arasında savadlanma geniş yayılsın. Sonra sizin qəzetin sadiq abunəçiləri olacaqdır. O zaman sizin qəzetin xalq kütlələrinə mənfəət gətirəcəyini inamla söyləmək olar.
Başladığınız işdə sizə səmimi qəlbdən müvəffəqiyyət arzulayıram. Baxmayaraq ki, ilk vaxtlar bəzi uğursuzluqlar da ola bilər. Yaxşı olar ki, ruhdan düşməyərək, həmişə olduğu kimi, xeyirxah işi inamla davam etdirəsiniz. Hörmətlə, Sizin sadiq nökəriniz Abdulla ağa Bakıxanov. 19 iyul 1875-ci il. Quba”
1877-ci il iyunun 23-də “Əkinçi” qəzeti 1-ci səhifəsində belə bir elan dərc etmişdir: “Cənab şahzadə sərəskər Qafqazın ixtiyarında hesab olunan general Abdulla ağa Bakıxanov Bakı Quberniyasına gəlib. Quba şəhərində olan zaman Qafqazda zəxmdar (yaralı – Ş.N.) olan əsgərlər üçün oranın müsəlmanlarından 233 manat siyahı ilə cəm edib, iyunun 3-də qubernatora göndərib. Cənab qubernator isə o məbləği və siyahını cənab sərdarın övrətinin qofmeysteri Tolstoya göndərib ki, zəxmdar olanlara məsrəf olunsun”.
Bakıxanovlar nəslinin sonuncu generalı Abdulla ağa Bakıxanov ömrünün sonlarını Tiflisdə yaşamış, 1878-ci ildə orada vəfat etmişdir.
Tofiq Bakıxanov , “Şöhrət” ordenli bəstəkar dirijor, “Əkinçi” qəzeti.