İnsan ictimai varlıqdır. Biz hər gün onlarla, yüzlərlə insanla təmasda oluruq, nəsə alırıq, nəsə veririk, söz eşidirik, söz çatdırırıq. | |
Bir sözlə, hər bir insan cəmiyyətə min bir tellə bağlıdır. Hər bir cəmiyyət müəyyən qanunlarla idarə olunur və təbii ki, başqalarının haqqına təcavüz etməyin də cinayət məcəlləsində müəyyən cəzaları var. Dinimizdə də bu məsələyə çox həssas münasibət göstərilməkdədir. Çünki Allah (c.c.) adildir və heç kimin haqqını heç kimdə qoymaz. Peyğəmbərimiz də (s.ə.s.) insanların haqqına riayət etmək mövzusunda dönə-dönə tapşırıqlar vermişdir. Bir dəfə Rəsulullah (s.ə.s.) səhabələri ilə söhbətində belə soruşur:
– Sizcə, müflis kimdir? Hərə bir cavab verir. Biri deyir ki, varı-dövləti çalınıb-çapılmış adamdır. Başqa biri deyir, malı-qoyunu əlindən çıxmış adamdır… Bir sözlə, başqa-başqa cavablar eşidilir. Peyğəmbərimiz (s.ə.s.) bütün cavabları təbəssümlə qarşılayır və hamısına “yox” deyir. Səhabələr müflisin kim olduğunu soruşanda Rəsulullah (s.ə.s.) belə cavab verir: Müflis o adamdır ki, bu dünyada oruc tutur, namaz qılır, zəkat verir. Ancaq insanların malını yeyir, canına qıyır, başqalarına zülm edir, başqalarının haqqını tapdalayır, kiminə əli ilə, kiminə dili ilə zərər yetirir. Qiyamət günü Allahın hüzurunda haqqı tapdalanan bu adamlar hamısı o şəxsin ətrafına toplaşacaqlar və öz haqqlarını tələb edəcəklər. Allah həmin şəxsin ibadətlərindən (yaxşı əməllərindən də) hasil olan savabları onlara paylayacaq. Ancaq yenə onun borcu qurtarmayacaq. Yəni, borc sahibləri gələcək və: “Allahım, o adam mənə dünyada belə dedi, belə etdi”, – deyə şikayət edəcəklər. O şəxsin də verməyə savabı qalmadığı üçün o şikayət edənlərin günahlarını öz boynuna götürəcək. Bax, əsl müflis odur… Bu hədisdən göründüyü kimi, başqalarının haqqını tapdalayanlar, başqalarına zülm edənlər heç də “namaz qılıram, oruc tuturam, zəkat verirəm” deyə arxayın olmasınlar. Ona görə də, bu dünyada ikən başqalarının haqqını gözləmək, başqalarının haqqına girməmək dinimizdə çox vacib məsələdir. Peyğəmbərimiz (s.ə.s.) bir hədisində belə buyurur: “Müsəlman digər müsəlmanlara əli ilə, dili ilə zərər verməyən insandır”… |