Həmyerlimiz jurnalist Nicat İsmayılovun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində qaliblərdən olub. Bundan başqa, həmyerlimizin məqaləsi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hazırladığı “Sözün zirvəsində” adlı kitabda ən yaxşı məqalə kimi dərc olunub.
Bu münasibətlə keçirilən mükafatlandırılma mərasimində Fondun icraçı direktoru Vüqar Səfərli jurnalistlərə müsabiqədə yüksək səviyyədə iştirakına görə təşəkkür edib.
V. Səfərli bildirib ki, 2009-cu ildən 2015-ci ilin iyulunadək KİVDF-nin elan etdiyi müsabiqələrdə qalib gələn jurnalistlərin yazıları içərisində ən yaxşı 100 yazıdan ibarət kitab çap olunub.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, yazıların qiymətləndirilməsi prosesində keyfiyyətə önəm verilib.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, müsabiqə üçün təqdim olunan hər bir yazı sətirbəsətir oxunur: “Qiymətləndirilmə zamanı keyfiyyət məsələsinə xüsusi önəm vermişik”.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov müsabiqənin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu milli mətbuatımızda peşəkar jurnalistlərin sayının ilbəil artdığını qeyd edib.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hazırladığı “Sözün zirvəsində” adlı kitabda Fondun 2009-2015-ci illərdə keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrində qalib olmuş ən yaxşı yazılar toplanıb.
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqaməti əhatə edən, Azərbaycanın müstəqillik dövrünün sanballı salnaməsi olan bu yazılarda ölkəmizin ictimai siyasi, sosial iqtisadi, humanitar həyatı ilə bağlı mütərəqqi islahatlar konseptual şəkildə işıqlandırılıb. Kitab ölkəmizin ən müasir tarixinin tədqiqatçıları, jurnalistlər və ümumən geniş oxucu auditoriyası üçün sanballı ensiklopedik mənbədir”,-deyə kitabın ön sözündə bildirilib.
Qeyd edək ki, jurnalist Nicat İsmayılovun kitabda dərc olunmuş məqaləsinin adı belədir: “Qocalar evindən ailəyə qayıtmaq yenidən doğulmaq kimidir”.
Həmyerlimizi həm Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqədə qalib olması, həm də həmin Fondun nəşr etdiyi “Sözün zirvəsində” adlı kitabda məqaləsinin çap olunması münasibəti ilə təbrik edirik.
Sevinc Vaqifqızı