Həqiqi və mücərrəd sevgi

0
65
Bu kainatı bir ağac hesab eləsək, onun meyvəsi insandır. Bir ağacda hər şey meyvənin yetişib başa gəlməsinə xidmət elədiyi kimi, bu kainatda da hər şey insan üçündür.
 Günəşi, ayı, ulduzları, küləyi, çiçəyi, qarışqanı, balığı, inəyi, otu, atı, buludu, gördüyün hər şeyi Allah-Təala insanın istifadə etməsi, faydalanması üçün yaradıb. Bütün yaradılmışlar bir üzük, insan isə o üzüyün qaşıdır. İnsanın istifadəsinə verilmiş hər şey ona Allahın əmanətidir. İnsan bu əmanətin dəyərini biləcək və öz ibadətində onların şükrünü də öz şükrünə əlavə edəcək. Yəni Allahını tanıyan, Ona ibadət edən bir insan bir növ faydasını gördüyü bütün canlıların duasını da Allaha təqdim etmiş olur, ona süd verən inəyin də, hər şey bitirən torpağın da, meyvə yetişdirən ağacın da, balıq bəsləyən dənizin də…

Allah-Təala öz sevdiklərini sevərək yaradıb. Sevgi – yaradılışın səbəbidir. Ən böyük sevgi Allahın öz yaratdıqlarına olan sevgisidir. İnsan üçün ən gözəl sevgi isə Allahı sevməkdir. Bu sevgi həqiqi sevgidir. Bu sevgi elə bir sevgidir ki, vüsalı öz içindədir, yəni həsrət söhbəti yoxdur. Belə bir məqama yüksələnlər üçün ölüm ən gözəl vüsaldır, canın Canana qovuşmasıdır. İnsanın insana olan sevgisi isə klassik ədəbiyyatımızda mücərrəd sevgi adlanıb. Çünki bu sevgidə narahatlıq var, həsrət var, iztirab var, ayrılıq var.

***

Bir bəndə Allah-Təalanı və Rəsulullahı (s.ə.s.) sevirsə, onun bu sevgisi Allah-Təalanın ona ən böyük lütfüdür. Çünki hər kəs öz sevdiyinə qovuşmaq istər. Sevdiyinə qovuşmağın da yolu sevgilinin buyruqlarını yerinə yetirməklə mümkün olur. Rəsulullah buyurur ki, qiyamət günü hər kəs öz sevdikləri ilə birlikdə olacaq. Yəni Mövlanı sevən Mövlanın, Leylanı sevən Leylanın yanında olacaq.

***

Ərzurumlu İbrahim Həqqi deyir:

Təqdirini dərk eylə,

Tədbirini tərk eylə.

Mövla görəlim neylər,

Neylərsə gözəl eylər.

Yəni bəndənin Allaha nə qədər güvənməsi onun imanının dərəcəsi ilə bağlıdır. İnsan inanmalıdır ki, Allah-Təala onun haqqında hər zaman xeyirli olanı təklif edir. İnsan əldə etdiyi bütün uğurları Allahdan bilməlidir, yəni mən qazanmadım, O lütf etdi. Yaşadığı uğursuzluqları da özündən bilməlidir. Düşünməlidir ki, yaşadığı bu sıxıntı hansısa xətasının nəticəsi kimi başına gəlir. Niyə? – Çünki Allah ən böyük dostdur. O, bəndəsini ananın övladını sevdiyindən də çox sevir və heç zaman onun zərərə uğramasını istəməz. Amma bir insan israrla başını bəlaya soxmaq istəyirsə, bu da onun öz seçimidir və məsuliyyətini də özü daşıyır.

***

Möhtəşəm bir söz:

Dost istərsən, Allah yetər; həmdəm istərsən, Quran yetər; ibrət istərsən, ölüm yetər.

Allah-Təala öz bəndəsinə o bəndənin boynunun şah damarından da yaxındır, amma bu heç də o mənaya gəlməz ki, bəndə də Allahına o qədər yaxındır.

Allah-Təala öz bəndəsi ilə dost olmaq istər və bunun üçün öz şərtlərini də ortaya qoyub. Allahla dost olmaq istəyən o şərtləri yerinə yetirsin və arzu elədiyi məqama yetişsin.

***

Bir zahid çöldə ibadətlə məşğul imiş. Məcnun gəlib onun qarşısından elə keçir, belə keçir. Zahid ibadətini dayandırır və Məcnuna qışqırır ki, gəlib qabağımda ora-bura niyə qaçırsan, görmürsən ki, Allaha ibadət edirəm?

Məcnun da nə desə yaxşıdır? – Mən Leylinin dərdi ilə çöllərə düşmüşəm. Gözüm ondan başqa kimsəni görməz. Nə bilim sən harada oturmusan və nə işlə məşğulsan. Əgər sən də mənim Leyliyə bağlandığım qədər öz Allahına bağlana bilsəydin, nəinki məni, heç bu dünyanı gözün görməzdi.

***

İstər sevgi olsun, istər nifrət, hər şeyin təməlində Allahın rizasını qazanmaq niyyəti dayanmalıdır. Möminin qəzəbi də Allahın rizası üçün olmalıdır, sevgisi də. Əgər belə olmazsa, nə o sevgi öz ünvanına yetişər, nə də qəzəb. Ona görə də bu cür həssas məsələlərdə hər şeydən öncə sənin duyğularının Haqqa, həqiqətə, ədalətə nə qədər uyğun olub-olmadığını araşdırmaq və bu mövzuda qərar vermək lazımdır.

***

Birisinə öz sevgisini, ehtiramını ifadə edərkən, sünilikdən, bayağılıqdan uzaq durmaq, hər şeyi olduğu kimi, ifadə etmək çox əhəmiyyətlidir. Hər məsələdə olduğu kimi bu mövzudada yanılmaz və yanıltmaz rəhbərimiz olan Həzrət Məhəmmədin bizə miras qoyduğu ölçülər var:

Bir səhabə Peyğəmbərimizin hüzurunda başqa bir səhabəni üzünə qarşı çox parlaq ifadələrlə mədh edir.

Rəsulullah öyən şəxsə belə deyir:

– Sən dostunun boynunu qırdın, həm də Allah Rəsulu bu sözü 3 dəfə təkrar edir, ardınca da belə deyir:

– Əgər bir kimsə, illah da öz qardaşını öyəcəksə: “Mən filankəsin belə olduğunu zənn edirəm, ancaq işin iç üzünü, həqiqəti Allah bilir, mən heç bir kimsənin Allah qarşısında təmiz, günahsız olduğunu iddia edə bilmərəm, desin,” – buyurdu.

Heç şübhəsiz, insanların yaxşı və pis, seviləcək və sevilməyəcək tərəfləri var. Tərifləyəndə gərək obyektivlik meyarını qaçırmayasan. Tənqid edəndə də məhv eləməyəsən.

***

Hər gün insanlar bir-birinə sevgilərini, nifrətlərini açıqlayırlar. Təbii ki, sənin də sevdiyin və hər görəndə əsəbiləşdiyin adamlar var. Öncə qəlbinə boylan, duyğularını araşdır, o sevginin və qəzəbin təməlində nə yatır, onu öyrənməyə çalış. Vəssalam.