Necə oyuncaq olur-olsun sizin sevginizi əvəz edə bilməz…

0
55
Oyuncaq hər uşağın arzusudur. Hətta elə uşaqlar var ki, yatanda da oyuncağını qucağına alıb yatağına girir. 
Və təbii ki, belə olan şəraitdə siz bu fürsətdən istifadə etmək istəyirsiniz. Və evə qayıdanda bir oyuncaq alırsınız ki, uşağı ovudasınız, özünüz isə televizorun qarşısında yorğunluğunuzu çıxarasınız. Əlbəttə ki, istirahət sizin təbii haqqınızdır və bunu heç kim əlinizdən ala bilməz. Ancaq bir həqiqət də var ki, valideynlə söhbətləşmək, hətta yeri gələndə oynamaq da uşağınızın haqqıdır və bunu da heç kim onun əlindən ala bilməz. Deməli, nə lazımdır? – Balans. Yəni, istirahəti elə tənzimləməlisiniz ki, uşağa da vaxt ayıra biləsiniz. Əmin olun ki, sizin aldığınız oyuncaqlar nə qədər maraqlı, nə qədər cazibədar olsa da, heç biri canlı insanı əvəz edə bilməz. Ona da əmin olun ki, uşağınız sizinlə canlı təmasdan aldığı zövqü, biliyi günlərini keçirdiyi oyuncaqlarından heç biri ona verə bilmir. Elə söhbətimizin bu yerində sizə bir mövzuda qısa da olsa, danışmaq istəyirəm. Əvvəllər analar ev işləri ilə məşğul olarkən körpələrini böyük bir çarşabla bellərinə bağlayardılar. Qəribədir ki, uşaqların böyük əksəriyyəti ananın kürəyində rahat olur, başını onun kürəyinə qoyub şirin yuxuya gedərdilər. Bəlkə dəi kimlər üçünsə primitiv görünən bu mənzərəni araşdıran avropalı mütəxəssislər müəyyən ediblər ki, körpələr ana belində yatarkən bir qayda olaraq qulaqlarını ananın kürəyinin elə yerinə qoyurlar ki, onun ürəyinin döyüntüsünü eşidə bilsinlər. Heç bu haqda düşünmüsünüzmü? – 5-6 aylıq körpə hər gün ananın ürəyinin döyüntüsünə qulaq asa-asa yuxuya gedir, bir növ o ritmə, o döyüntüyə alışır, onu tanıyır, sevir…

Heç təsəvvür edirsinizmi, bu gün cəmiyyətimizdə bir soyuqlaşma, bir uzaqlaşma meyli müşahidə olunmaqdadır. Biz heç ağlımıza da gətirmirik ki, daha modern, daha rahat həyat tərzi seçərək hansı zənginliklərdən, hansı gözəlliklərdən məhrum oluruq. Analar artıq layla deməyi də unudurlar. Daha uşaqlara nağıl da danışmırlar. Eləcə ağzına bir əmzik verib yuxuya gedənə qədər yırğalayırlar. Gözünüz aydın olsun, daha özü yırğalanan beşiklər də var və daha çox zəhmət çəkməyə ehtiyac da yoxdur. Üstəlik, texnologiyanın sürətli inkişafı ilə yaxın vaxtlarda məişətimizə robotlar daxil olacaq və bütün başqa işlər kimi evdə uşağı da onlar yatıracaq. Yəni, hər şeyi elə oturduğunuz yerdən idarə edəcəksiniz. Bəs nəticə nə olacaq, düşünürsünüzmü? – Nəticə o olacaq ki, bu cür həyat standartına alışmış insan özü dəyişərək müəyyən mənada robota çevriləcək.  Bilirəm, işdən gəlmisiniz, yorğunsunuz. Bir stəkan çay sizin üçün dərman kimidir… Nə deyirik ki, nuş olsun! Çayınızı da için, çörəyinizi də yeyin, ancaq gözü sizdə olan uşağınızı da unutmayın. Onun haqqını əlindən almayın. Unutmayın ki, Peyğəmbərimiz (s.ə.s.) çox yorğun olsa belə, öz nəvələri ilə sevə-sevə oynayar, onları boynuna alıb gəzdirər, hətta əllərini yerə qoyub Həsəni, Hüseyni belinə mindirər, sonra da “Sizin nə gözəl atınız var”, – deyə onlarla zarafat edərdi. Heç bu mənzərəni gözünüzün qarşısına gətirirsinizmi? O, bəşəriyyətin ən böyük müəllimi, ən üstün fərdidir, ancaq nə qədər qayğıkeş, nə qədər fədakar, sadə və səmimidir.

Əlinizdə nəsə var, deyəsən yenə oyuncaq almısınız. Çox gözəl, ancaq unutmayın ki, necə oyuncaq olur-olsun sizin sevginizi, sizin nəvazişinizi əvəz edə bilməz…