Zərdab sakini evinə niyə işıq çəkdirə bilmir?

0
71

Zərdab rayon Çallı kənd sakini Məmmədov Fərhad Ağarza oğlu Azərişıq ASC-in sədri Baba Rzayevə müraciət edib.

Bir surəti Moderator.az-a göndərilən müraciəti təqdim edirik:
“Hörmətli Baba Rzayev cənabları, sizə etdiyim müraciətlərin heç bir nəticəsi olmayıb. İşıqla bağlı şikayətimə baxılmayıb. Zərdab rayon Çallı kəndində olan evimə işıq çəkilməsi ilə bağlı rayon Elektrik Şəbəkəsinə müraciət etmişəm. Texniki şərt də almışam. Amma deyirlər ki, 666 manat ödə, sonra işıq çəkək. Evimlə işıq dirəyinin arası 26 metrdir. Mən “Belə yaxın məsafəyə görə, bu pulu hansı əsasla ödəməliyəm?” söyləyəndə Cavid adlı işçisi bunları dedi: “Ev tikməyə pul tapırsan, amma işıq çəkilməsi üçün pul ödəmək istəmirsən. Pul ödənilməlidir. Ödəməsən evinə işıq çəkilməyəcək”.

Rayon Elektrik Şəbəkəsinin Pərviz adlı baş mühəndisi isə mənim həyətimə gələrək dirəkdən evimə kimi olan məsafəni metrə ilə ölçməkdənsə ayaqla ölçüb. Bu iki şəxs tərəfdən mənə qarşı olan haqsızlıqlara səbəb baş mühəndisə pul verməməyim olmuşdur. Kənd arasında deyirlər ki, işıq cəkdirmək istəyirsənsə, baş mühəndisə 150-200 manat verməlisən. Mənə qarşı bütün bu haqsızlıqlar ona görə olunur ki, rüşvət vermirəm.

Hörmətli Baba Rzayev cənabları! Zərdab rayon ərazisində yerləşən Əlvənd-Şahsünlü yolundan keçən elektrik xətləri dövlət vəsaiti hesabına dəyişdirilmişdir. Sizin xususi tapşırığınız olmuşdur ki, sökülmüş ağac dirəklər Zərdab rayon Elektrik Şəbəkəsinin həyətinə yığılsın və yaşayış evlərinə işıq çəkilməsi ilə bağlı müraciətlər ediləndə onlara pulsuz işıq çəkilməsinə sərf olunsun. Amma Zərdab rayon Elektrik Şəbəkəsinin Pərviz adlı baş mühəndisi sizin tapşığınıza məhəl qoymayaraq rayon ərazisində xususi fermalara bu dirəklərlə, pulla işıq çəkir Əvəzində isə mənim kimi insanlar işıq çəkdirmək istəyəndə bunun bizim vəsait hesabına cəkilməli olduğunu deyirlər. Texniki şöbənin Cavid adlı işçisi ilə rayon Elektrik Şəbəkəsinin Pərviz adlı baş mühəndisi əlbir olub, yəni biz Zərdab sakinlərinə işığın hansı qiymətə çəkilməsinin onlardan asılı olmasını göstərirlər. Cənab Baba Rzayev, mən köməyi sizdən istəyirəm, inanıram ki, mənim haqq səsimi eşidəcəksiniz. Sizin humanistliyinizə də inanıram. Amma etdikləri hərəkətlərlə hökumətimizə qarşı narazılıq yaradan adını çəkdiyim çirkin niyyətli insanların niyyyətləri üzə çıxarılmalıdır. Buna görə də sizdən xahiş edirəm ki, Əlvənd-Şahsünlü yolundan sökülmüş materialların sonrakı taleyi və Zərdab rayonunda təzə tikilmiş evlərə çəkilən elektrik xətlərinin sənədlərinin mənim iştirakımla yoxlanılması üçün xususi tapşırıq verəsiniz”.