“Ot kökü üstə bitər” deyiblər. Ataların başqa bir misalı da var: “Köksüz ağac bar verməz”. Milləti mənəvi baxımdan ucaldan, azərbaycançılığın əsaslarını yaradan Həsən bəy Zərdabi də öz soy-kökü üstündə qol-budaq atdı. Babası Rəhim bəyin xarakterindən, tərbiyəsindən doğan keyfiyyətlərə sahib oldu və Azərbaycan üçün böyük miqyaslı işlər gördü. Həsən bəy bu yanaşmanı, tərbiyəni öz ailəsinə daşıdı, çətinliklərə sinə gərdi, səbr etdi, mübarizəsinə sadiq qaldı.
Moskvada ali təhsil aldığı illərdə ona evlilik təklif edən müəllimi Salavyovun qızı ilə deyil, Hənifə xanım kimi gözəl bir türk qızı ilə ailə qurub millət üçün fədailər yetişdirdi. Təəssüf ki, ataları kimi xalqın nəfinə çalışan bu 4 övladın da bəxti gətirmədi, böyük çətinliklərlə, faciələrlə üz-üzə qaldılar, repressiya olundular.
Ailənin böyük övladı Pəri xanım millət cəfakeşi Əlimərdan bəy Topçubaşovla ailə qurduqdan sonra 1919-cu ildə Parisə Azərbaycanın istiqlal savaşını aparmağa yollandı, 1920-ci ildə Azərbaycanın sovetləşməsindən dolayı bir daha geri dönə bilmədi. Parisdə dünyasını dəyişib elə oradaca dəfn olundu.
Ailənin böyük oğlu Midhət bəy repressiya edildi, millətçi kimi Sovet “KQS”si tərəfindən güllələndi.
Ailənin sonbeşiyi, atası barədə xatirələrini Sovet ideologiyasının tələblərinə uyğun qələmə alan Qəribsoltan xanım ölkənin bir çox rayonlarında müəllimlik etdi. “Səffət, Səffət” deyərək qardaş nisgilinə dözə bilməyən Qəribsoltan xanım nümunəvi pedaqoji fəaliyyətinə görə 1948-ci ildə Respublikanın Əməkdar müəllimi adı ilə təltif olundu. Ailəsinə qarşı aparılan repressiyaların, təzyiqlərin nəticəsində psixoloji gərginliyə tab gətirməyərək 1965-ci ildə dünyadan köçdü.
Təzada bax. Qardaşın biri Türkiyədə sürgün həyatı yaşayır, biri 37-ci ilin repressiyasının qurbanı olur, bacısı Parisdə mühacirətdə yaşayır, ailənin yeganə Sovet Azərbaycanında qalan övladı bir tərəfdən mükafatlandırılır, digər tərəfdən isə ailə faciəsi yaşadılır. Qəribsoltan xanım ömrünün sonlarında bu faciələrə dözə bilmir, psixoloji sarsıntı keçirir və qardaşı Səffətin sağ olmasından xəbərsiz dünyasını dəyişir.
Qəribsoltan xanımın son nəfəsdə üzünü görmək istədiyi qardaşı Səffət bəy ailənin üçüncü övladıdır. Çox təəssüf ki, Həsən bəy Zərdabi haqqında yazılan kitablarda onun barəsində heç bir məlumat verilmir. Sadəcə, adı xatırlanır, fəaliyyəti barəsində geniş məlumat verilmir və bütün bunlar bir kənara qalsın, heç ölüm tarixi də dəqiq yazılmır.
Səffət bəy Zərdabinin izinə təsadüfən düşə bildim. Türkiyənin kitab hərracı bazarından əldə etdiyim “Azərbaycan Milliyyətçilər dərnəyi”nin nizamnaməsi bu yöndə bələdçim oldu. Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə 1949-cu ildə yaradılan “Azərbaycan kültür dərnəyi”nə paralel qurulan “Azərbaycan Milliyyətçilər dərnəyi” 1952-ci ildə Ankarada təsis olunub. Türkiyə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən dərnəyin 11 nəfər qurucusu var və onlardan biri də Səffət bəy Zərdabidir.
1952-ci il fevralın 8-də yaradılan “Azərbaycan millətçilər dərnəyi”nin qurucuları sırasında Azərbaycanın istiqlal savaşını aparan xeyli sayda tanınmış isimlər var. İsgəndər xan (Xoyski), “Azadlığa uçan” ilk Azərbaycan türkü Mehmet Altunbay, Əhməd Ulusoy, Hidayət Turanlı kimi xalqımızın cəsur övladlarının yaratdığı dərnək qarşısına böyük türk aləminin bir parçasını təşkil edən Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını araşdırmaq və yaymaq kimi böyük məqsədlər qoyurdu”. Zahirən mahiyyətində siyasi iddia görünməyən bu tələblərin arxasında Azərbaycanın istiqlalının bərpası kimi böyük siyasi savaş dayanırdı.
1952-ci ilin mayında çapa başlayan “Türk izi” jurnalının ilk sayında S.Zərdabinin də imzası ilə Avropaya, Amerikaya, Türkiyəyə və dünyanın bir çox qitəsinə yayılan, Azərbaycanın istiqlalının bərpası üçün mücadilə verən soydaşlarımıza ünvanlanan “Azərbaycan Milliyyətçilər Dərnəyinin bəyannaməsi” dərc olundu. Qurucular heyəti tərəfindən yayılan bəyannamədə Azərbaycanın hüquq və azadlıq savaşının yeni bir mərhələyə qədəm qoyduğu bildirilir və bu işdə bütün yurddaşların iştirakı vacib hesab olunurdu: “Dəyərli yurddaşlar! 1952-ci ilin fevralında mərkəzi Ankara olmaq üzrə qurulan “Azərbaycan Milliyyətçilər Dərnəyi” fəaliyyətə başlamışdır. Böyük türk milləti dünya tarixinin hər çağında böyük dövlətlər quraraq, cəngavərliyini, əzim və şücaətini, elm, irfan və sənət sahəsindəki əzəmətini tarix boyunca bütün cahana sübut etmişdir. Bu şanlı tarixin sahibi olan böyük türk ulusunun bir parçası olan Azərbaycan, bu gün istismar olunur, haqq və hürriyyət yolunda apardığı mücadiləsi və varlığını azad dünyaya bəyan etmə imkanlarından məhrumdur. Dərnəyimizin əsas qayəsi varlığımızı bütün dünyaya tanıtmaqdır”.
Azərbaycanın varlığının hürr dünyaya tanıdılması, azadlığının zorən əlindən alınıb kölə kimi talan olunmasına qarşı SSRİ kimi nəhəng bir imperiyaya savaş edənlərin əsas öncüllərindən biri də Səffət Zərdabi oldu. Nizamnamədəki qeyddən bəlli olur ki, S.Zərdabi ali təhsilli inşaat mühəndisidir, Ankarada yaşayır.
İnternet üzərindən apardığım axtarışlarından bəlli oldu ki, H.Zərdabinin bu məlum olduğu qədər də “naməlum oğlu”nun yaşadığı məhəllə, ev hələ də durur və 1960-cı illərin ortalarınadək Səffət bəy bu evdə yaşayıb. Sonra nə səbəbdənsə qısa bir müddətə Türkiyədən köçüb, Almaniyada qərarlaşıb və yenidən özünün ikinci ana Vətəninə, Türkiyəyə dönüb. Onun Almaniyada qərarlaşmasını 1967-ci ilin yanvarın 1-də nəşr olunan “Türkiyə mühəndislik xəbərləri” dərgisinin yubiley sayından öyrənmək mümkündür. Türkiyə Mühəndislər Cəmiyyətinin qurucuları sırasında yer alan S.Zərdabi yubiley törəninə qatılmamasına baxmayaraq digər həmkarları kimi adı dərgidə hörmətlə çəkilir. Türkiyə inşaat mühəndisliyinə, memarlığına etdiyi xidmətdən dolayı ünvanına göndərmək şərtilə ona xatirə plaketi təqdim olunur. Təltif olunanların sırasında ilk yerlərdə qərarlaşan Səffət bəyin adı qarşısında “Almaniyada yaşayır” sözü yazılıb.
Son araşdırmalar zamanı bəlli olur ki, Azərbaycan tarixində öz layiqli qiymətini almayan Səffət bəyin şəkli Türkiyə memarlıq muzeyində qorunur.
“Türkiyə Mühəndislik xəbərləri” dərgisinin yubiley sayında Türkiyənin ən tanınmış memarı kimi şəkli çap edilib və barəsində yığcam bir tərcümeyi-hal da var. Fəaliyyəti barədə oxuculara məlumat verilən məqalədə S.Zərdabi özü barədə bunları deyir: “1314 sənəsində (yəni 1886-cı ildə) Qafqaz Azərbaycanında mülkümüz olan Zərdabda doğulmuşam. İlk və orta təhsilimi Azərbaycanda – Bakıda aldıqdan sonra təhsilimi Riqa Ali Mühəndislik məktəbində davam etdirmişəm. Rusiyada 1917-ci il inqilabından sonra məktəbi və məmləkətimi tərk etməyə məcbur qalmışam. Bundan sonra Almaniyada Karleruhe Ali Mühəndislik məktəbinin memarlıq şöbəsini bitirdikdən sonra 1928-ci ildə Türkiyəyə gəlmiş və burada fasiləsiz olaraq məsləyimdə çalışmışam”. Zərdabişünas, tədqiqatçı-alim Eldəniz Həsənovun 2013-cü ildə nəşr olunan “Həsən bəy Zərdabi irsi: Keşməkeşli həyat yolu” kitabında Səffət bəyin təhsilini davam etdirmək üçün mübarizəsini əks etdirən iki maraqlı məlumat və sənəd çap olunub. Bu arxiv sənədlərindəki faktlar S.Zərdabinin özü haqqında Türkiyə mətbuatına verdiyi məlumatlarla üst-üstə düşür. Belə ki, S.Zərdabi 1915-ci ilin aprel ayından 1917-ci ilin əvvəllərinədək Bakı şəhər idarəsi tərəfindən ayrılmış təqaüdlə Riqa Politexnik İnstitutunda təhsil alıb. Rusiyada hərbi-siyasi çevrilişlə hakimiyyətə gələn bolşeviklərin yaratdığı anarxiya, özbaşınalıq onun ali təhsil almasına mane olub və Səffət bəy Vətənə dönüb. 1918-ci ilin mayın 28-də dünya dövlətlərinə öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Zərdabilər ailəsində də sevinclə qarşılanır. Ailənin kürəkəni Əlimərdan bəy Topçubaşov Azərbaycanın istiqlalının dünya dövlətləri tərəfindən tanınması üçün böyük bir missiyanı həyata keçirdi. Azərbaycan Cümhuriyyətinin fövqəladə səlahiyyətli nümayəndəsi kimi Türkiyədə çalışdı və Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin sədri vəzifəsini ləyaqətlə daşıdı. Həsən bəyin cəfakeş xanımı Hənifə xanım pedaqoji fəaliyyətini davam etdirdi, Səffət bəy Əlimərdan bəyin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə daxil edildi.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşovun şəxsi katibi kimi diplomatik fəaliyyət göstərən Səffət bəy bir müddət İstanbulda nümayəndə heyətinin maliyyə məsələlərinə də rəhbərlik edir.
Hansısa bəlli olmayan səbəblərə görə Səffət bəy Parisə getmir və İstanbulda Azərbaycan konsulluğunda çalışır. Ali təhsilini başa vurmaq arzusuyla yaşayır və Azərbaycan Xalq Cümhuriyyətinin ali təhsil almaq üçün Avropaya göndərdiyi tələbələrin cərgəsinə qatılmaq istəyir. Hənifə xanım Zərdabi 1919-cu ilin 16 avqustunda Azərbaycan Cümhuriyyəti maarif nazirinə ərizə ilə müraciət edərək oğlunun ali təhsilini davam etdirməsinə razılıq verilməsini xahiş edir. Hənifə xanım ərizəsində bildirir ki, Səffət bəy Riqa Politexnik İnstitutunun 4-cü kurs tələbəsidir, yaranmış vəziyyətlə əlaqədar təhsilini davam etdirə bilmir: “Siz, əlahəzrət cənabları, 100 nəfər gənci ali təhsil almaq üçün xaricə göndərəcəyinizi bəyan etmisiniz və bu barədə yazılı müraciət etməyi bildirmişsiniz. Ali təhsilini başa vurmaq arzusunda olan oğlum Səffət bəy hal-hazırda Konstontinopolda Xarici İşlər Nazirliyində xidməti işdədir. Təbiidir ki, o tezliklə Sizə yazılı müraciət etmək imkanından məhrumdur. Ona görə də oğlumun əvəzinə mən, onun anası Sizdən xahiş edirəm ki, Səffət bəyi də xaricə ali təhsil almağa göndərəsiniz”.
Hənifə xanımın məktubda göstərdiyi səbəbdən dolayı, yəni Səffət bəy İstanbulda diplomatik xidmətdə çalışdığına görə Avropaya ali təhsilini davam etdirməyə gedə bilmir.
Azərbaycan sovetləşəndən sonra Bakıya dönən Səffət bəy təhsilini davam etdirmək üçün bolşeviklərdən kömək istəyir. 1921-ci ilin fevralın 7-də Azərbaycan SSRİ Maarif Komissarı Dadaş Bünyadzadəyə ərizə ilə müraciət edərək yazır: “Dördüncü kursun tələbə-arxitektoru olan mənim inqilab nəticəsində təhsilimi qurtarmaq imkanım olmadı. Tələbə olarkən politexnikum özünün istedadlı tələbələrindən biri kimi məni Almaniyaya göndərmək istəyirdi. Lakin 1917-ci ilin fevral inqilabı nəinki mənim xarici səfərimə, ümumiyyətlə təhsilimi başa vurmağıma mane oldu.
Müsavat hakimiyyəti illərində mənim xaricə ezam edilən tələbələrin sırasına daxil etmək barədə xahişim etinasızlıqla qarşılandı. Belə ki, Müsavat hökumətinin nöqteyi-nəzərincə, mən öz siyasi əqidəmə görə, siyasi baxımdan “etibarsız” element hesab olundum. İndi texniki mütəxəssislərə necə böyük ehtiyac yarandığını və Azərbaycan Sovet hökumətinin təcrübəsindən xarici ölkələrə tələbə ezam etmək hallarının olduğunu bilərək, Sizin köməyinizə arxalanaraq xahiş edirəm ki, məni Almaniyaya ezam edəsiniz”.
Məktubun məzmunu və tonu yaranmış yeni siyasi-ideoloji tələblərdən doğurdu və S.Zərdabinin Müsavat hökumətinin onu “siyasi baxımdan etibarsız elan etməsi” barədə əsası olmayan fikiri də ali təhsil almaq ehtirasından doğurdu. Bəlkə də bu formada müraciətinə müsbət cavab ala biləcəyini düşünürdü. Bir müddət Bakıda anasının yanında qalan Səffət bəy Nəriman Nərimanov və Dadaş Bünyadzadənin səyi ilə öz istəyinə uyğun Almaniyaya ali təhsilini davam etdirməyə yollandı.
Özünün qeyd etdiyi kimi, 1928-ci ildən sonra Azərbaycana deyil, Türkiyəyə dönür. Görünür, siyasi quruluş və reflessiya dalğası onun Vətənə yolunun qarşısını kəsir.
Mühəndis memar kimi Səffət bəy Ankarada bir çox binaların baş memarı olur və Türkiyə Mühəndislər Ocağının əsas qurucuları sırasına qatılır. “Türkiyə Mühəndislik xəbərləri” dərgisinin bir neçə sayında S.Zərdabinin memarlıq fəaliyyəti barədə xeyli sayda məlumatlara rast gəlmək olar. İnşaat sektorunda mühüm vəzifələr icra edən Səffət Zərdabi Ankarada maarif vəkalətli inşaat şöbəsinin müdiri, İnhisarlar Birliyinin inşaat şöbəsi rəisi, Sumerbank inşaat bölümünün direktoru kimi fəaliyyət göstərərək Türkiyənin bir çox sənaye obyektlərinin memarı, arxitektoru olur.
1934-cü ildə çap olunan “Memar” dərgisinin 3-cü sayında S.Zərdabinin Sumerbanka yüksək inşaat mühəndisi təyin olunması barədə xəbər çap edilib. Türkiyənin memarlıq tarixini yaşadan bəzi kitablarda adı türk memarı kimi qeyd edilən Həsən bəyin ömrünü mühacirətdə keçirən oğlu Sumerbankdakı fəaliyyətindən sonrakı dönəmə də toxunaraq yazır: “Bir müddət Kayseri sənaye fabrikinin tikintisində inşaat işlərinə nəzarət şöbəsində fəaliyyət göstərdim. Konya, Dənizli, Aydın, Ədirnə və Diyarbəkir vilayətlərində bayandırlıq müdiri oldum”. Memar və yüksək inşaat mühəndisi kimi çalışan Həsən bəy Zərdabinin bu vətənpərvər övladı 1950-ci ildə təqaüdə çıxır. Təqaüdə çıxdıqdan sonra Azərbaycanın istiqlalının bərpası üçün qələmə sarılır və elə həmin vaxtdan başlayaraq “Milliyyətçi Azərbaycan Dərnəyi”nin qurucuları sırasına qatılır, kommunizmə qarşı mücadilə apararaq üsyankar yazılar qələmə alır. S.Zərdabinin ömür yolunun ardıcıl, addım-addım araşdırılması onu göstərir ki, siyasi proseslərə qatılsa da o, öz peşə məsləyindən də aralı qalmayır. “Türkiyə Mühəndis xəbərləri” dərgisinə mühəndis günü ilə bağlı açıqlamasında qeyd edir ki, bu zamandan etibarən, yəni 1967-ci ildən Mersin bölgə müdirliyində liman tikintisində şöbə müdiri olaraq çalışır. Bu faktdan aydın olur ki, 1970-ci ilə qədər S.Zərdabi Türkiyədə yaşayıb və onun sonuncu iş yeri Mersin olub. 1970-ci ildən sonra isə xalqımızın mənəvi atası Həsən bəy Zərdabinin övladının taleyi bilinmir. Təsdiqini tapmayan iddialara görə, S.Zərdabi 1970-ci ildən sonra Almaniyaya köçüb və orada yaşayıb.
Memarlıq fəaliyyəti ilə yanaşı, ictimai-siyasi proseslərə qatılan Səffət bəy Azərbaycan mühacirlərinin bir araya gəlməsində, bolşevik istilasına qarşı mübarizənin təşkilində fəallıq göstərir, mühacirət mətbuatının formalaşmasında naşir yazar kimi çalışır.
1950-ci illərdə “Azərbaycan Milliyyətçilər Dərnəyi”nin rəhbər heyətində təmsil olunan Səffət Zərdabi bu təşkilatın mətbu orqanı olan “Türk izi” dərgisinin nəşrində iştirak edir. Atası Həsən bəy Zərdabinin mətbu yolunu mühacirətdə davam etdirən Səffət bəyin ilk jurnalist fəaliyyəti də bu dərgi ilə bağlıdır. 1952-ci ildə ilk sayı işıq üzü görən “Türk izi”nin bəzi mətbuat tarixçilərimizin monoqrafiya və kitablarında göstərdiyi kimi 10 deyil, 25-dən çox sayı çap olunub. Həm də dərgi iddia edildiyi kimi, 1957-ci ildə qapanmayıb, Şirin Şirvanlının rəhbərliyi ilə 1963-cü ilə qədər fəaliyyətini davam etdirib. “Türk izi” dərgisi Məmməd Əmin Rəsulzadənin xeyir-duası və rəyi ilə nəşrə başlayan “Azərbaycan” Kültür dərgisindən fərqli olaraq, radikal millətçi mövqeyi ilə seçilir. M.Ə.Rəsulzadə və onun mühacirlər komandasının apardığı Azərbaycan istiqlal savaşının ideoloji xəttini qəbul etməyən və kəskin müxalif mövqeyi ilə seçilən “Türk izi”nin yayım müdiri Çingiz Göygöl idi. Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin oğlu Niyazi Yusifbəylinin (Kürdəmir), Hidayət Turanlının, A. Çəmbərəkəndlinin, Nağı bəy Şeyxzamanlının (Bayramgil), Mehmet Altunbayın, Əziz Alpoutun, Mustafa Vəkilovun, M.A.Azərin, Əfrayib Aydəmirin iştirak etdiyi bu məcmuədə S.Zərdabinin hələlik bir məqaləsini tapmağa müvəffəq olduq. Bəlkə də, jurnalın əldə edə bilmədiyimiz nüsxələrində onun digər məqalələri də işıq üzü görüb. S.Zərdabinin “Azərbaycan istiqlalına gedən yollar” sərlövhəli siyasi publisistik üslubda qələmə aldığı bu məqalə “Türk izi”nin 1952-ci il 2 və 3-cü birləşmiş sayında çap olunub. Məqalədə Azərbaycan istiqlalının bərpası yolunda Türkiyədə və Avropanın müxtəlif yerlərində mübarizə aparan mücahidlərin fərqli siyasi fəaliyyətlərinə toxunulur və onların pərakəndə fəaliyyətləri tənqid olunur. İstiqlal anlayışına millətçi baxımından yanaşan Səffət bəy bu məqalədə Azərbaycanı türk dünyasının bir parçası kimi götürür və türk millətinin xarakterinə, xüsusiyyətinə uyğun siyasi platformanı əsas olaraq qəbul edir: “İstiqlal hər millət üçün müqəddəsdir, fəqət, hər bir türk üçün müqəddəs olmaqla yanaşı milli xarakterini də ifadə edir. Tarix boyunca heç bir türk kölə olmayıb, hətta şəxsi həyatında belə əzilməyi özünə yaxın buraxmaz. Yağılar tərəfindən himayə edilərək yaşamaq istəməz, lakin öz qardaşlarının yardımından da imtina etməz, bir şərtlə ki, öz azadlığını qoruyub saxlasın”.
Azərbaycanın müstəqilliyinin bərpasını xarici və daxili dəstək olmadan həyata keçirməyi qeyri-mümkün hesab edib, Qafqaz Konfederasiyası və Rusiyanın Federasiya şəklində Azərbaycan istiqlalının təminini məqbul hesab edənlərdən fərqli olaraq, S.Zərdabi bu ideyaların əsassızlığını irəli sürür. Qafqaz Konfederasiyası ideyasının Azərbaycan Xalq Cümhuriyyəti dönəmində iflasa uğradığını tarixi faktlara söykənərək izah edir və bildirir ki, nə Gürcüstan, ələlxüsus da Ermənistan bu konfederasiyanın yaranmasında maraqlı deyil. AXC dövründə yaşanmış tarixi proseslərə diqqət çəkən müəllif qeyd edir ki, Qafqaz Konfederasiyası ideyasını reallaşdırmaq üçün əvvəlcə bu birləşmiş dövlətin daxili və xarici sərhədləri müəyyənləşdirilməlidir: “Yoxsa erməni Mikoyanla gürcü Çuqaşvili ( Stalin) tərəfindən təsbit edilən bugünkü sərhədləri utanmadan qəbul edirsiniz? Bunların heç birini qəbul etmədiyinizimi söyləyirsiniz? Müəyyənləşdirdiyiniz konfederasiyanın nə xarici, nə də ki daxili sərhədləri müəyyən edilməyib. Bu halda, nə qurmaq istədiyinizi sora bilərəmmi?” Kəskin polemik üslubda qələmə alınan bu məqalədə müəllifin üstünlüyü tarixi təcrübəyə söykənərək fikrini arqumentləşdirməsidir.
“Türk izi”nin bir neçə sayı çap olunandan sonra “Azərbaycan Milliyyətçilər Dərnəyi”nin ətrafındakı mühacir publisistlər “Mücahid” adlı dərginin çapına icazə alır. Bu sırada fəallıq göstərənlərdən biri də S. Zərdabi idi. Ankaranın Baxçalıevlər ünvanında yerləşən “Mücahid”in ilk sayı 1955-ci ilin iyulunda işıq üzü görüb. 26 səhifə həcmində ayda bir dəfə çapı nəzərdə tutulan dərginin sahibi Çingiz Göygöl, nəşriyyat müdiri, yəni yazı və çap işlərinə məsul S.Zərdabi idi. O, 1957-ci ilin iyununa qədər dərgidə bu mühüm vəzifəni dayışıb və həmin ilin dekabrından sonra onu Çingiz Göygöl əvəzləyib. Araşdırmalar zamanı bəlli olur ki, ayda bir dəfə nəşri nəzərdə tutulan dərgi, maddi imkansızlıq səbəbindən fasilələrlə bəzən 3-4 aydan bir nəşr edilib. S. Zərdabi nəşriyyat müdiri kimi 1955-ci ilin noyabrında, “Mücahid” in 4-cü sayında çap etdirdiyi “Oxucularımıza açıqlama”sında bu barədə məlumat verərək yazır: “Mücahid” xaricdən və daxildən maliyyələşdirilən təşkilatın məcmuəsi deyil. Adlarını “Mücahid” sütunlarında gördüyünüz, uzaqdan və ya yaxından tanıdığımız dostların öz gündəlik qazanclarından kəsərək verdikləri para ilə işıq üzü görür. Məcmuənin ilk sayının 50 quruş olduğunu xatırladan nəşriyyat müdiri 2-ci saydan etibarən səhifələrin sayını çoxaldacağını bildirir. Və qeyd edir ki, buna səbəb çoxsaylı oxucu məktublarının redaksiyaya daxil olmasıdır.
Maraq doğuran məqamlardan biri də nəşriyyat müdiri kimi S.Zərdabinin redaksiyaya məktub göndərənlərdən etikalı olmağı, jurnalist peşəsinin dəyərlərinə hörmətlə yanaşmağı xahiş etməsidir: “ “Mücahid” zümrələri, ayrı- ayrı şəxsləri hədəfə almır. Azərbaycan və bütün türk ellərinin ağrı- acılarından, dərdlərindən sui-istifadə edən, kin və küdurətin məhsulu olan, milli müqəddəratımızı zədələyən yazılara sütunlarımızda heç zaman yer verilməyəcəkdir”. Həmin dönəmlərdə Azərbaycan mühacirləri arasındakı ziddiyyətlərin aradan qaldırılması, kommunist rejiminə qarşı vahid cəbhədə mübarizə aparmaları üçün lazım olan amil bu idi. S.Zərdabi atasının azərbaycançılıq ideyasına söykənərək müxtəlif mövqeli insanların bir araya gəlməsi üçün “Mücahid”in səhifələrində günümüz üçün də aktual olan bir çox məsələlərə toxunur. Azərbaycanın milli dəyərlərinə çevrilən Hüseyn Cavid, Əhməd Cavad, Həsən bəy Zərbadi, Üzeyir bəy Hacıbəyli, Cəfər Cabbarlı kimi şəxsiyyətlərin həyat və fəaliyyətinə geniş yer verir. Mühacirətdəki soydaşlarımızın istiqlal savaşında və bolşevizmə qarşı mübarizədə göstərdikləri xidmətlərə də kifayət qədər diqqət yönəldən “Mücahid” 1920-ci ilin mayında baş verən Gəncə üsyanı barədə bu gün də maraq doğuran silsilə yazılar çap edərək tarixi həqiqətləri faktlaşdırıb.
Səffət bəyin nəşriyyat müdirliyi dövründə “Mücahid”in baş məqalələri türkcə ilə yanaşı ingilis dilində də çap olunub. Azərbaycan gerçəkliyinin dünyaya çatdırılması baxımından əhəmiyyət daşıyan bu metod Ç.Göygölün rəhbərliyi dönəmində həyata keçirilməyib. Görünür, bir neçə dildə yazıb oxumağı bacaran S.Zərdabi məqalələrin ingilis dilinə tərcüməsini də yerinə yetirib. Ondan sonra bu işi ya görən olmayıb, ya da ki unudulub. Nəşriyyat müdirliyi dönəmində Səffət bəy atası Həsən bəy Zərdabinin çox çətinliklə, böyük əziyyət bahasına ərsəyə gətirib çap etdirdiyi və bununla da milli jurnalistika sistemimizin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə bağlı “Mücahid”in ikinci sayında yalnız bir məqalə çap edib. N.H. imzası ilə çap olunan “Əkinçi” sərlövhəli məqalə qəzetin 80-ci ildönümünə diqqət çəkərək qısa xatırlatma məqsədi daşıyır. “Əkinçi”nin çar çinovnikləri tərəfindən bağlanmasını 1877- 1878-ci illərdəki Rusiya-Türkiyə müharibəsində görən müəllif sübut üçün qəzetin son 56-cı sayında çıxan bir bayatını diqqətə gətirir:
Əzizim qar qalandı,
Qar yağdı, qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı.
Müəllifin iddiasına görə, bu bayatı çıxdıqdan sonra çar hökuməti qarğanın Rusiya, Laçının isə Türkiyə olduğunu zənn edərək müxtəlif bəhanələrlə “Əkinçi”ni bağlayıb. Müəllif məcmuənin gələn saylarında Həsən bəy Zərdabinin həyat və fəaliyyətindən geniş söz açacağı vədini versə də təəssüf ki “Mücahid”in əlimizdə olan saylarının heç birində bu vədin yerinə yetirildiyini görmürük.
“Mücahid”də Səffət bəyin tarixi təbliğat xarakterli 3 məqaləsi də işıq üzü görüb: “İslamiyyət və kommunizm”, “Şimali Qafqaz” və “Amerika bolşevizmdən xilas cəmiyyəti” sərlövləhi bu siyasi publisistik və tarixi materiallar müəllifin yüksək biliyə, təhlil qabiliyyətinə, intellektə sahib olduğunu göstərir. “İslamiyyət və kommunizm” məqaləsi kommunizmin bir ideologiya olaraq islama zidd mahiyyət daşıdığını arqumentlərin dili ilə sadalayan müəllif yazır: “Kommunizm qadınla kişiyə fərq qoymadan hər ikisini işçi, iş görən kimi qəbul edir. İslam isə qadını əvvəlcə qadın, sonra isə bir ana kimi qəbul edir. Böyüklərimizə hörmət islamda sosial həyatın əsaslarını təşkil edir, kommunist doktrinasına görə isə bu bir günahdır”. İslamın əsas xüsusiyyətlərindən, tərəflərindən birinin mülkiyyət toxunulmazlığı olduğu halda kommunizmin bunu qəbul etmədiyini xatırladan müəllifin məqalədə istifadə etdiyi faktlardan duyulur ki, Zərdabilər ailəsi islama bağlı olub və Sovet dönəmində Həsən bəyi ateist adlandıranlar yanlış bir yol tutublar. “Şimali Qafqaz” adlı tarixi publisistik yazıda S.Zərdabinin Qafqaz bölgəsinin tarixi, mədəniyyəti, etnoqrafiyası və XX əsrin əvvəlində cərəyan edən müstəqil dövlət quruculuğu proseslərini dərindən bilməsi ortaya çıxır. Şimali Qafqazda məskun olan tayfalar, islamdan sonra bölgədə başlayan müridizm hərəkatı, Şeyx Şamilin çar Rusiyasına qarşı apardığı azadlıq savaşı demək olar ki, konkret detallarla məqalədə öz əksini tapır və XX əsrdə bolşeviklərin bu bölgədə törətdikləri qırğınlar, əhalinin yurd yuvalarından sürgün olunması tənqid olunur.
Çox təəssüf ki, Həsən bəyin bu millətçi yazar oğlunun mühacirət mətbuatında iştirakı, siyasi-publisistik yazılarının məqsədi, məramı və istiqaməti barədə geniş fikir yürütmək imkanından məhrumuq. Buna səbəb S.Zərdabinin formalaşmasında iştirak etdiyi “Azərbaycan Milliyyətçilər Dərnəyi”nin fəaliyyəti və təşkilatın yayım orqanlarının bütün saylarının əldə olmamasıdır.
Azərbaycanın istiqlal savaşında, müasir Türkiyənin yenidən qurulmasında və sənaye istehsalat müəssisələrinin yaradılmasında işlər görüb, fəallıq göstərən S.Zərdabi təəssüf ki, bu gün layiq olduğu qiyməti almayıb. Türkiyədə Azərbaycan ziyalılarının fəaliyyəti ilə bağlı professor Aygün Attar və doktor Bilal Şimşirin çap etdirdikləri kitabda onun adı çəkilmir. Bu iradı Azərbaycan mühacirət mətbuatının tədqiqatçılarının ünvanına da söyləmək olar. Yalnız Abid Tahirlinin “Mühacirət mətbuatı (1921-1990)” adlı ensiklopedik kitabında S.Zərdabinin “Türk izi” və “Mücahid” məcmuələrində iştirakı barədə məlumat verilib, adı mühacir jurnalistlərin siyahısına salınıb. Həsən bəy Zərdabinin barəsində yazılan kitablarda da Səffət bəyin fəaliyyətinə işıq salacaq faktlar demək olar ki, yoxdur. Zərdabilərlə bağlı “Wikipedia”dakı məlumatlarda Səffət bəyin 1938-ci ildə dünyasını dəyişdiyi barədə yanlış məlumat yerləşdirilib.
Məlumat qıtlığı şəraitində S.Zərdabinin ömür yolu barəsində geniş olmasa da, müəyyən məlumatlar əldə etməyə müvəffəq olduq. Bu yöndə mənə mənəvi dəstək göstərən, çalışmama istiqamət verən azərbaycanşünas alim, filologiya elmləri namizədi, “Kaspi” qəzetinin təsisçisi Sona xanım Vəliyevaya minnətdaram.
Son çalışmalarımın nəticəsində Mərkəzi Dövlət Tarix Arxivindəki “Əlimərdan bəy Topçubaşov” fondunda axtarışlarım nəticəsində yeni faktlar əldə etdim. 3127 saylı fonda saxlanılan sənədlər arasında yazılma tarixi təqribən 80-ci illərin ortalarına aid olan, Həsən bəy Zərdabinin qardaşı Midhət bəyin qızı Fatma xanımın, Ə.M.Topçubaşovun nəvəsi Zərifə Kürdəmiçə yazdığı məktubda Səffət bəy haqda da məlumatlar var. Bakıda Üzeyir bəy Hacıbəyov küçəsi 18-ci bina, 47-ci mənzildə yaşayan Fatma xanım Zərdabi Məlikova məktubda qeyd edir ki, Zərifə Kürdəmçin ünvanını və ev telefonunu ona Əzizə xanım (yəni yazıçı Əzizə Cəfərzadə – A.A.) verib və o “uzaq Türkiyədə qohumu olmasından” indi məlumat alır və o bu xəbərdən məmnundur. Fatma xanım Zərifə xanımdan babası Həsən bəyin hansı tərəfdən qohumu olduğunu sorur və qeyd edir ki, Zərdabilər nəslini Azərbaycanda yalnız o təmsil edir, onun isə Məmmədəli adında oğlu, Hacıağa adında nəvəsi var. Bibisi Qəribsoltan xanımın övladlığa götürüb saxladığı SSRİ Xalq artisti, bəstəkar Rauf Hacıyevi də öz ailələrinə aid etdiyini qeyd edən Fatma xanım yazır: “Rauf mədəniyyət naziri olarkən bir neçə dəfə Pəri xanımın oğlu Ələkbər bəy Topçubaşovla görüşüb. Onlar Əlimərdan bəyin və Pəri xanımın məzarlarını ziyarət edib, bərabər şəkillər çəkdiriblər. Rauf onların qəbirlərindən torpaq gətirib, Bakıda Fəxri Xiyabandakı Həsən bəy və Hənifə xanımın qəbirlərinə torpaq töküb”.
Xarici ölkədəki qohumlarla məktublaşmağın qorxulu olduğunu yazan Fatma xanım əmisi Səffət Zərdabi haqqında da Zərifə xanımdan məlumat almaq istəyir: “Səffət bəylə 1970-ci ildən əlaqəmiz kəsilib. Nə əmimdən, nə onun arvadı Nəfisə xanımdan xəbərimiz yoxdur. Zərifə xanım, bəlkə siz onlar barəsində bir şey bilirsiniz? Axırıncı məktubu Raufa 1970-ci ildə yazıb”.
Əmisi Səffət bəyin Ankarada yaşadığını məktubun əvvəlində qeyd edən Fatma xanımın yazdığı faktlardan bəlli olur ki, onun Parisdə, Türkiyədə yaşayan qohumlarla əlaqəsi və barələrində məlumatı olub. S.Zərdabi ilə də Rauf Hacıyev vasitəsilə əlaqə saxlayıb. Aydın olur ki, Səffət bəy bacısı Qəribsoltanın övladı kimi qəbul etdiyi məşhur bəstəkar Rauf Hacıyevlə 1970-ci ilə qədər məktublaşıb. Təəssüf ki,indiyədək bu məktubları əldə etməyə müvəffəq olmadıq, inanırıq ki, Rauf Hacıyevin ailəsi bu məktubların və arxiv sənədlərinin araşdırılması üçün Zərdabişünaslara kömək göstərəcəklər.
Həsən bəy Zərdabi irsinin davamçısı, Türkiyənin məşhur mühəndisləri sırasında adı çəkilən və Azərbaycanın istiqlalının bərpası üçün mühacir təşkilatlarda fəaliyyət göstərən, “Türk izi”, “Mücahid” dərgilərində ideoloji mübarizə aparan Səffət Zərdabi şəxsiyyəti gələcək tədqiqatçıların öyrənəcəyi ən maraqlı obrazlardandır. Sadəcə biz bu işə başladıq.
Həmçinin Azərbaycanın bu intellektual mübariz oğlunun ailə həyatı və dünyasının nə zaman dəyişməsi də hələ öyrənilməyib. Mətbu və iş fəaliyyəti ilə bağlı əldə etdiyimiz faktlar onu deməyə əsas verir ki, S.Zərdabi 1970-ci ilə qədər yaşayıb. “Türkiyə Mühəndislik Xəbərləri” dərgisinin 1969-cu ildə buraxılan sayındakı xəbərlər bölümündə S.Zərdabinin Türkiyə Mühəndislər cəmiyyətinin üzvü olduğu və 1130 saylı üzvlük vəsiqəsi daşıdığı məlum olur. Midhət bəyin qızı Fatma Zərdabinin yuxarıda haqqında bəhs olunan məktubuna əsasən də bu qənaətə gəlmək mümkündür. S.Zərdabi Nəsrin xanımla ailə həyatı qursa da, bu evlilik barədə, övladlarının olub-olmaması haqda da məlumat yoxdur. İnanırıq ki, gələcək tədqiqatçılar Həsən bəy Zərdabinin bu mübariz oğlunun həyat və fəaliyyətini yetərincə tədqiq edəcək, Azərbaycan Səffət bəyi daha yaxından tanıyacaq.