Texnologiyanın inkişafı, informasiya bolluğu rahat məlumat əldə etmək imkanı yaradır. Müstəqilliyimizdən əvvəlki illərdə, demək olar ki, bir çox evlərdə kiçik də olsa şəxsi kitabxanalara rast gəlinirdi. Həmçinin kitaba xüsusi maraq var idi. Çünki o dövrün adamlarının tək informasiya, əyləncə və istirahət vasitəsi bu idi. Lakin indi elektron kitabların və internetin mövcudluğu kitaba olan həvəsi ikinci plana salır. Elektron kitablara olan tələbat da fərqlidir. Bəzilərinə görə, bu kiçikölçülü elektron vasitə yüzlərlə kitabı bir yerə yığmaqdan daha rahatdır. Əksini düşünənlərə görə isə heç nə kitaba toxunmağın, qoxusunu duymağın yerini əvəz edə bilməz.
Sevindirici haldır ki, son zamanlar gənclərdə mütaliə etməyə maraq artmaqdadır. Bunun nəticəsi kimi, yeni-yeni kitab mağazaları açılır, eyni zamanda kitabxanalar da diqqətdən kənar qalmır. Kitab alıcıları əsasən əhalinin müstəqil, yetkin təbəqəsidir.
“Kitab alırsansa, sən öz beyninə, düşüncənə sərmayə qoyursan”
“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu açıqlamasında kitaba marağı zəif olan gəncləri qınamağın doğru olmadığını qeyd etdi. O bildirdi ki, onlara kitab verməliyik, kitab oxumağı təbliğ etməliyik: “Əgər, doğrudanda, vacibdirsə, oxunulması tələb olunan bir kitabdırsa, o kitab mütləq öz oxucusunu tapacaq. Sadəcə, kitab haqqında yaxşı məlumat vermək lazımdır. Gənclər kitabı yuxuda görmür ki?! Tələbə gərək kitabı görsün, tanısın və oxusun. Kitabın yaxşı təqdimatı olmalıdır. Hər yerdə kitab təbliğ olunmalıdır. Onda kitab da xatırlanar, insanlar da oxuyar”.
Cəmiyyətin gənc təbəqəsinin kitab oxumasından razı olan Ş. Xuduoğlu qeyd etdi ki, kitab oxucularının əksəriyyəti cavanlardır: “Bu mənada gəncləri qınamaq düz deyil. Çünki, fikrimcə, onlar olmasalar, kitab nəşr olunmaz. Biz nəşriyyat olaraq onlara dayanaraq kitab çap edirik. Onlara dəstək olmaq lazımdır”.
Kitabların qiymətlərinə də toxunan nəşriyyat rəhbəri: “İnsan kitab oxuyaraq özünə sərmayə qoymaq imkanı əldə edir. Kitab alırsansa, sən öz beyninə, düşüncənə sərmayə qoyursan. İdmançı məşq edərək əzələsini şişirdiyi kimi, insan da yalnız oxuyaraq düşüncəsini, təfəkkürünü inkişaf etdirə bilər. Ona görə də buna pul xərcləməkdən çəkinməmək lazımdır. Qonşu ölkələr – Rusiya, Türkiyə ilə müqayisədə bizdə kitabların qiyməti ucuzdur. Həm də nəzərə almaq lazımdır ki, bizdə kağız, çap üçün lazım olan rəng istehsalı yoxdur. Çap üçün avadanlıqların hamısı xarici ölkələrdən gətirilir, tiraj az, alıcı zəif. Amma bütün bunlara baxmayaraq, yenə də qiymət ucuzdur. Bunun səbəbi odur ki, bizdə kitab büdcəsi anlayışı yoxdur. Məsələn, maaş alan hər kəs aldığı məvacibin az bir hissəsini kitab almaq üçün ayıra bilər. Necə ki, vazkeçilməz ehtiyaclar var, kitab alıb oxumaq da bu sıraya daxil edilməlidir. Məsələn, ay ərzində neçə kitab alıb oxunacağı əvvəlcədən müəyyən oluna bilər. Kitab həm də sabitlik göstəricisidir. İnsan öz həyatında sabitliyi təmin edirsə. kitab da oxuyur. Ona görə kitab həm də təminatdır. Bu mənada kitab insanın həyatında sıralamaya görə ilk yerlərdə olmalıdır”.
“İnsan ancaq kitab oxuyaraq dərin bilgi sahibi olur”
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən millət vəkili Sabir Rüstəmxanlı bildirdi ki, indi nə qədər özəl nəşriyyatlar fəaliyyət göstərir, çox yaxşı kitablar çap olunur: “Azərbaycan kitabının həm poliqrafiyası, həm icrası, həm də məzmunu xeyli gözəlləşib. Bizdə kitab mağazalarının sayı çox azdır. Ümid edirəm ki, bu nəşriyyatların həm də öz kitab satış mağazaları olacaq. Fikrimcə, ildən-ilə kitaba maraq bərpa olunacaq. Bir ara qopuqluq oldu, bu da əlifbanın dəyişməsi ilə bağlı idi. Lakin indi yeni kitablar nəşr olunur, alıcısını gözləyir. Elektron kitabların mövcudluğu müəyyən mənada kitabın taleyinə təsir göstərir. Deyirlər ki, elektron kitablar meydana çıxandan sonra kağız üzərindəki kitablar əhəmiyyətini itirəcək. Onda gil lövhələr üzərində yazılmış kitablar niyə əhəmiyyətini itirmir? Daş kitabələr niyə əhəmiyyətini itirmir? Əksinə, ildən-ilə onların qiyməti artır”.
“Mənəviyyat.az” saytının redaktoru Rövşən Məmmədov isə dedi ki, insan nə qədər elektron yazı oxusa da, bu, kitab oxumanın yerini vermir: “Çünki kitab oxunmasa, öyrənilən bilgi çox səthi olur. İnsan ancaq kitab oxuyaraq dərin bilgi sahibi olur. İnsanların kitab oxuması, kitabla maraqlanması çox əhəmiyyətli məsələdir. Mən valideynlərə demək istərdim ki, uşaqlarınıza kitabı sevdirin. Uşaqları kitab oxumağa alışdırın. İnsan yalnız kitab oxuyaraq öz fikir dünyasını zənginləşdirə bilər”.
Rasim Məmmədli