Sosioloq: “Gərginliyin insanlara mənfi təsirləri çoxdur. Gərgin baş xoşbəxt ola bilməz, gərgin başla düzgün qərarlar verilə bilməz”. | |
Bir müddət öncə psixoloq Təhminə Çələbinin streslə bağlı səsləndirdiyi fikirlər çoxlarının marağına səbəb olmuşdu. T. Çələbi demişdi ki, həddindən artıq stress normal və sağlam insanda da şizofreniya xəstəliyinə yol aça bilər. Onun sözlərinə görə, şizofreniya xəstəliyi ciddi, irsi olmayan bir xəstəlikdir.
“Bizi gərgin saxlayır” İnsanda stresi, gərginliyi yaradan müxtəlif səbəblər var. Ekspertlərin fikrincə, bunun bir səbəbi də insanlarımızın onlar üçün lazım olmayan məlumatlarla özlərini çox yükləmələridir. Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən sosioloq Cavid İmamoğlu maraqlı məqamlara toxundu: “Əvvəlcə onu qeyd edim ki, dünyada yaşanan iqtisadi böhran, dolların bahalaşacağı ilə bağlı fikirlər, Yaxşın Şərqdə baş verənlər, ölkəmizdə bəzi ictimai iaşə obyektlərinin bağlanması, bahalaşmanın davam edəcəyi ilə bağlı yayılan məlumatlar istər-istəməz insanları gərginlikdə saxlayır. Bu tip hadisələr, bununla bağlı xəbərlər müəyyən mənada əvvəllər də olub, ancaq bu xəbərlər heç vaxt indiki qədər kütləviləşməyib, sürətli yayılmayıb. Son dövrlər bu xəbərlərin bizə çatmaq sürəti dəyişib, hər an biz dolların kursundan xəbərdarıq, hansısa xoşagəlməz hallardan xəbərdar oluruq. Yaxud Suriyada partlayış olur, İŞİD dəhşətli qətllər törədir az sonra bu xəbər bizim media orqanlarında yayımlanır. Bütün bunlar gün ərzində bizi gərgin saxlayır. Bu gərginliyin nəticəsi olaraq, biz də eyni davranışı başlayırıq başqalarına qarşı tətbiq eləməyə. Yəni belə hallar həm insanların özlərini, həm də ətrafındakıları gərgin saxlayır”. “Ümidsizləşməyə səbəb olur” Sosioloq deyir ki, bu tip mənfi hadisələrə işıq tutan xəbərlərin “əsirinə” çevrilmək bütövlükdə cəmiyyətin gərgin qalmasına səbəb olur: “Bu həm də ümidsizləşməyə səbəb olur, mübarizə əhvali-ruhiyyəsini aşağı salır. Kiminsə gələcəklə bağlı xoş planı varsa eləmir. Kimsə bir xeyriyyəçilik və ya cəmiyyətlə bağlı xoş bir iş görmək istəyirsə, təxirə salır. Fikir versəniz, son vaxtlar bağlanan ictimai iaşə obyektlərinin sayı artıb. Çünki camaat risk eləmir, pul xərcləmək istəmir. Fakt budur ki, bunlar insanlarda sosial, kütləvi stress, kütləvi narahatlıq yaradır. Ümidsizlik hissi artır. Bir insan dünyanın aqibəti ilə bağlı naümüd olanda bu özü da artıq bir gərginliyə səbəb olur”. “İnsanlarımız rahat deyillər” Müsahibimiz gərginliyin insanlara vurduğu mənfi təsirləri belə izah etdi: “Gərgin baş inkişaf eləyə bilməz, gərgin baş xoşbəxt ola bilməz, gərgin baş uşaq tərbiyə eləyə bilməz, gərgin başla düzgün qərarlar verilməz, gərgin başda əxlaqi məsələlər sual altında olar. İnsan gərək rahat ola, ən azından özümüzü belə hallardan mümkün qədər qorumağa çalışmalıyıq”. Həmsöhbətimiz dedi ki, bir çox Avropa ölkələrində insanlar bu barədə heç maraqlanmırlar, düşünmürlər, düşünmək istəmirlər. “Heç onlar üçün maraqlı da deyil, soruşan da yoxdur. Amma bizim cəmiyyətdə vəziyyət tamamilə başqadır”,-deyə qeyd edən müsahibimiz fikirlərini belə izah etdi: “Məsələn, cəmiyyətimizlə bağlı bir misal deyim. Tutaq ki, məni sosioloq olaraq sosiologiyanın banisi kimdir maraqlandırmır. Əlbəttə, mən bilirəm, amma tutaq ki, bilməsəm hamı mənə deyəcək ki, sən necə sosioloqsan ki, sosiologiyanın banisinin kim olduğunu bilmirsən. Amma mən deyə bilərəm ki, yaşlılarla sosial işi araşdırıram, bu sahə ilə bağlı nə sualınız var verə bilərsiniz. Bizdə məsələyə yanaşma məhz bu cürdür. Mənim düşüncəmə görə, biz xarakter olaraq gərginliyə meyilli millətik. Məişət həyatımıza baxanda bunun izlərini açıq-aşkar görürük. Toylarımıza, yaslarımıza baxanda aydın olur ki, bizdə hər şey gərgindir. İnsanlarımız rahat deyillər. Bir işin çəmini təbii yolla həll eləmirlər, mütləq ora bir gərginlik əlavə olunur. Halbuki buna ehtiyac da yoxdur. Amma reallıq bu cürdür. Üstəlik, real həyatımızdakı gərginliklər. Halbuki belə olmaya da bilərdi, məsələn, yuxarıda qeyd elədiyimiz informasiyaları eşitməyə də bilərdik. Bu məsələdə təbii ki, işin bir başı da gəlib çıxır mətbuatın üzərinə”. Sonda müsahibimiz oxuculara bu cür xəbərlərin əsirinə çevrilməməyi tövsiyə etdi: “İnsan bir çox şeylərlə maraqlanmalıdır, ancaq bütün həyatını gərgin informasiyalara həsr etmək, özünü yükləmək, gərginləşdirmək lazım deyil. Bu, ilk növbədə insanın özünə vacibdir. İnsan çalışmalıdır ki, daxilən rahat olsun, problem üstünə problem yükləmək lazım deyil”. |