“Azərbaycanda yaşından asılı olmayaraq hər kəs könüllü ola bilər”

0
51
“Asan Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı: “Könüllülük ürəkdən gələn bir hissdir, onun yaşı yoxdur”.
Son illər ərzində ölkəmizdə könüllülərin fəaliyyətindən istifadə artmağa başlayıb. İstər dövlət, istər özəl sektorda könüllülərin əməyindən istifadəyə getdikcə daha çox önəm verilir. Dünyanın bir çox ölkələrində bu ənənə geniş yayılıb. Lakin orada bizdəkindən fərqli olaraq yaşlı insanlar da məmnuniyyətlə könüllülük fəaliyyətinə qoşulurlar.

Ölkəmizdə bu sahədə əsasən 12-29 yaş arası gənclər aktivlik göstərirlər. Bəs, görəsən, nəyə görə ölkəmizdə yaşlı insanlar bu sahəyə maraq göstərmirlər? Gələcəkdə könüllülüyə meyl edən yaşlı insanlarımızın sayının artması gözləniləndirmi? Nəzərə alsaq ki, yaşlıların bir çox məsələlərdə gənclərdən təcrübəsi daha çoxdur, onda məsələnin aktuallığı bir az da artar.

Günümüzdə elə qocalar var ki, illərlə hansısa bir sahədə çalışıb və sonradan təqaüdə çıxıblar, öz dilləri ilə desək, bu gün evdə qərar tuta bilmirlər – darıxırlar. Könüllülük fəaliyyəti bu mənada onların özlərinə də lazımlı görünür.

İşsiz qala bilməyən yaşlı insanlar özlərinə yüngül məşğuliyyət axtarırlar, tapmadıqda isə çox vaxt lazımsız olduqlarını düşünür və depressiyaya düşürlər. Buna görə də, təqaüdə çıxmış yaşlılarımızdan sadəcə bu sahədə deyil, bir çox sahələrdə faydalanmaq, onların təcrübələrindən yararlanmaq lazımdır.

Mövzu ilə bağlı psixoloq Hüseyn Xəlilov qəzetimizə müsahibəsində bildirdi ki, həyatı boyu işləyən, 30, 40 ilini bir müəssisəyə, bir işə həsr edən insan müəyyən yaş dövründən sonra təqaüdə çıxdıqda uzun müddət adaptasiya ola bilmir: “Bu zaman insanlar sanki fərqli bir həyat yaşamağa başlayırlar. Kimi bu həyatla barışır, kimi qəbul edə bilmir. Birinci qrup insanlar dərk edirlər ki, artıq vaxtı gəldi, mən də istirahət etməliyəm, ailəmlə, nəvələrimlə vaxt keçirməliyəm. Digər qrup insanlar isə bununla barışmır, özlərini lazımsız, tənha hiss edirlər. Düşünürlər ki, bundan sonra nə edəcəyəm, mən artıq kimə lazımam, maddi tələbatımı kim ödəyəcək və s. Bu cür düşünərək psixoloji sıxıntılara, depressiyaya düşürlər”.

 “Könüllülük fəaliyyəti yaşlı nəsil üçün faydalı olar”

“Könüllü fəaliyyət göstərmək, yaşlı nəsil üçün faydalı olar”,-deyə psixoloq əlavə etdi. Onun sözlərinə görə, yaşlıları təhsilini və elmini artırma elminə andraqogika deyilir: “Bu sahədə fəaliyyət göstərənlər yaşlılarlı maarifləndirir, onları boş qoymur, başlarını qatmaları üçün bir iş tapırlar. Düşünürəm ki, yaşlıların könüllülər siyahısına qoşulması onlar üçün faydalı ola bilər. Çünki həm yüngül bir işlə məşğul olarlar, həm də vaxtları xoş keçər. Bizdə də könüllülər təşkilatına cavanlarla bərabər qocaları da cəlb etsələr, onları düşdükləri sıxıntılardan, depressiyalardan xilas etmiş olarlar. Çünki onlar söhbət etmək, evdən çıxmaq, nə isə bir işlə məşğul olmaq istəyirlər. İstərdim ki, yaşlıların başlarını qatmaları üçün yeni layihələr təşkil edilsin, onlarla maraqlanılsın”.

 “Yaşlılar bu sahəyə cəlb olunmur da deyə bilmərik”

Bəs, görəsən, bizdə niyə yaşlı könüllülər yoxdur? Sualımıza cavab tapmaq üçün “Asan Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı ilə əlaqə saxladıq. Qəzetimizə müsahibə verən F. Sadıxlı bildirdi ki, son illərdə ölkəmizdə yaşlı nəsil arasında da könüllük fəaliyyəti ilə seçilən şəxslərə rast gəlinir: “Azərbaycan gənci artıq inkişafa meyilli bir fərd olmalıdır. Fərdlər isə cəmiyyət içərisində formalaşır. Biz gənclərimizi tam olaraq formalaşmış, kifayət qədər müasir dünya görüşünə sahib olan insanlar olaraq görmək istəyirik və məhz bu səbəbdəndir ki, bu fəaliyyətdə gənclərin rolu daha böyükdür. Məncə, bir qədər orta və yaşlı nəsil də məhz “ASAN xidmət” mərkəzlərində gənclərin könüllü kimi çalışmağına qarşı deyillər.

Ümumi götürdükdə isə, könüllülük bir həyat tərzidir. Ölkəmizdə yaşlı nəsil arasında könüllülük geniş yayılmasa da, yaşlılar bu sahəyə ümumiyyətlə cəlb olunmurlar deyə bilmərik. Çünki son illərdə yaşlı nəsil arasında da könüllülük fəaliyyətilə seçilən şəxslər olub. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Avropa Oyunları zamanı yaşlı nəslin nümayəndələri də könüllülər sırasında yer almışdılar. Həmçinin yaşlı nəslin nümayəndələrindən 17 ildir könüllü olaraq çalışan və “canlı işıqfor” kimi tanınan Xalid Musayevi də qeyd etmək istərdim”.

Sonda müsahibimiz dedi ki, yaşından asılı olmayaraq hər kəs könüllü ola bilər, çünki könüllülük ürəkdən gələn bir hissdir.