Zərdabda yeni Notarius açılacaq

0
73

ZərdabƏdliyyə Nazirliyinin İxtisas Komissiyası Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən şəxslərin sənədlərinin toplanması və yoxlanılması prosesini başa çatdırıb.

“Notariat haqqında” Qanunun tələblərinə cavab verən namizədlərlə test imtahanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə aşkarlıq şəraitində kompyuterdən istifadə olunmaqla noyabrın 28-də saat 11:00-da Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında və Bakı Avrasiya Universitetinin inzibati binasında (Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi 135 və 135A ünvanlarında) keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, namizədlər test imtahanı barədə bildirişi noyabrın 25-27-də saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə nazirliyin qeydiyyat və notariat baş idarəsindən (Bakı şəhəri, Azadlıq prospekti, 72) götürməlidirlər.

Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına 1 saat qalmış gəlməli, şəxsiyyət vəsiqəsini və müvafiq bildirişi mütləq təqdim etməlidirlər.

İmtahanın keçiriləcəyi yer üzrə naviqasiya məlumatları, test imtahanında kompyuterdən istifadəyə dair təlimat və digər zəruri informasiya Ədliyyə Nazirliyinin internet səhifəsində (www.justice.gov.az) yerləşdirilib. Eyni zamanda, nazirliyə müraciət edənlər bu məlumatları ala bilərlər.

“Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na uyğun olaraq test imtahanının yekunlarına görə 55 və daha çox bal toplamış şəxslər ikinci mərhələyə – müsahibəyə buraxılırlar.

Əlavə məlumatları nazirliyin internet səhifəsindən, habelə 404-42-19, 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.