Səhviniz olanda üzr istəyin…

0
51

Elə bir yaş yoxdur ki, öz xüsusiyyəti olmasın. Uşaqlarda isə bu özünü daha çox büruzə verir. Üstəlik, 4 yaş dövrü bu baxımdan xüsusilə seçilir. Uşaq əsas vərdişlərini bu dövrdə öyrənir və şəxsiyyəti də əsasən bu dövrdə formalaşır. Digər tərəfdən, bu dövrdə uşaq eşidərək öyrənməyə yox, görərək öyrənməyə ehtiyac hiss edir. Bu yaşda olan uşaqlar təmkinli olmağı və ya bir şeyi başqaları ilə bölüşməyi bacarırlar. Tələblərini yerinə yetirmədikdə əvvəlki kimi “hay-küy” salmırlar. Mütəmadi olaraq “Niyə?”, “Nə üçün?”, “Necə?” sualları ilə əşyaların və ya sözlərin mənalarını soruşurlar. Özləri hərəkətli olduqları üçün hərəkətli (həmçinin enerji tələb edən) şeyləri çox sevirlər. Pilləkənləri böyüklər kimi düşüb qalxa bilirlər. Kiçik əşyaları götürə bilirlər. Hətta bu yaşda olan uşaqlar ipə muncuq düzməyi və ya kublardan qala qurmağı da bacarırlar. Qələmi böyüklər kimi tuta bilirlər. Şəkli çəkməyi çox sevirlər (xüsusilə də, ev və adam şəkillərini). Şəkil çəkməzdən əvvəl nə çəkəcəklərini deyirlər. Bəzi rəngləri ayıra və ya müqayisə edə bilirlər. Yaxın keçmişdə baş verən hadisələr arasında əlaqə qurmağı bacarırlar. Adlarını, soyadlarını, yaşlarını və ünvanlarını deyə bilirlər. 20-yə qədər saya bilirlər. Zarafatı, həmçinin lətifələri sevirlər. Kitablara baxmaqdan, həmçinin nağıl və hekayə dinləməkdən doymurlar. Bəzən həqiqəti xəyallarla qarışdırırlar. Yemək yeyərkən qaşıq və çəngəldən sərbəst istifadə edə bilirlər. Əllərini yuya, qurulaya, dişlərini fırçalaya bilirlər. Paltarlarını geyinib soyuna bilirlər. Ancaq düymələrini və ayaqqabılarının bağlarını bağlamaqda köməyə ehtiyac duyurlar. Çox inadkardırlar. Əsasən istədikləri kimi hərəkət edirlər. Tələblərini yerinə yetirmədikdə böyüklərlə kobud danışa və ya hərəkət edirlər. Bu yaşda olan uşaqların yaşıdları ilə tez-tez münaqişədə olmaları da normaldır. Təqlid etməyi, müxtəlif paltarlar geyərək rol oynamağı xoşlayırlar. Evdə əllərinə keçən şeylərdən nə isə düzəltməyə çalışırlar. İstər böyüklərlə, istərsə də kiçiklərlə ünsiyyətə ehtiyac duyurlar. Özlərindən kiçik uşaqlara qayğı ilə yanaşırlar. Yoldaşlarının hisslərini anlamağa, bölüşməyə çalışırlar. Nitq qabiliyyətləri bir az da inkişaf edir. Artıq şeir əzbərləməyi və ya mahnı oxumağı bacarırlar. Ona görə də, bu yaşda olan uşaqlarla danışarkən tam və düzgün cümlələr qurmalı və danışarkən əşyaları “o” və ya “bu” sözləri ilə yox, adları ilə ifadə etməlisiniz. Məsələn, “Onu ver” əvəzinə “Qələmi ver” və ya “Bu sənin deyil” əvəzinə “Bu ayaqqabı sənin deyil” kimi. Digər tərəfdən, onun bütün suallarına səbirlə cavab verin. Üstəlik, onunla söhbət etməyi də unutmayın. Çünki o dünyanı sizin köməyinizlə öyrənir. Bir əsas məsələ də uşağınızla vaxt keçirərkən bunu məcbur olduğunuz üçün yox, zövq aldığınız üçün etməkdir. Əks halda uşağınızı “aldada” bilməyəcəksiniz. Birlikdə kitaba baxmağa və ya oxumağa çalışın. Unutmayın, uşaqla kitab oxumaq sizin onu daha yaxşı tanımağınıza da kömək edər. Bu yaşda olan uşaqlar yaş dövrlərindən asılı olaraq hərəkətli olurlar. Ona görə də, vaxt tapdıqca onlarla oynamağı, parka və ya həyətə çıxarmağı unutmayın. Digər tərəfdən, görəcəyi işləri sərbəst görməsinə icazə verin. Məsələn, yeməyini yemək, paltarını geyinmək və s. kimi. Əgər uşağınızın arqo sözlərdən istifadə etdiyinə şahid olsanız, bunun onun yaşı ilə bağlı olduğunu unutmayın. Məsələni bu sözləri tədricən unutdurmaqla həll etməyə çalışın. Bir də unutmayın ki, uşaq çöldə və ya evdə eşitmədiyi sözləri öyrənə bilməz. Bir də bu yaşda olan uşaqlar üçün ailədə sevgi atmosferinin olması çox vacibdir. Bu, ilk növbədə, onları valideynləri ilə ünsiyyətə məcbur edə, həmçinin bir çox problemlərin böyüməmiş həll edilməsinə imkan verə bilər. Unutmayın ki, uşaqlar sevdiklərini incitmək istəməzlər. Digər tərəfdən, uşağınıza üzr istəməyi öyrətmək istəyirsinizsə, özünüz də üzr istəməyi öyrənin. Bir sözlə, hər səhvinizi görəndə üzr istəyin ki, uşağınız da üzr istəyə bilsin…